Accessibility links

Aclıq edənlərdən birinin səhhəti pisləşib


Mahir Abdullayevin Müdafiə Komitəsinin aclıq aksiyası

Mahir Abdullayevin Müdafiə Komitəsinin aclıq aksiyası

Mahir Abdullayevin oğurlanmasında günahkarların cəzalandırılması tələbi ilə aclıq aksiyası keçirilir

2003-cü ilin oktyabrında oğurlanmış Mahir Abdullayevin Hüquqlarını İctimai Müdafiə Komitəsinin təşəbbüsü ilə aclıq keçirən 5 nəfərdən birinin səhhəti pisləşib. Buna baxmayaraq onun xəstəxanaya köçürülməsindən imtina edilib.

Müdafiə Komitəsinin məlumatına görə, fevralın 1-də Nəzakət Abdullayevanın səhhəti kəskin pisləşib. Abdullayevanı müayinə edən təcili tibbi yardım xidmətinin həkimi durumunun ağır olduğunu deyib. Ona ilkin tibbi yardım edilib.

Bundan sonra təcili tibbi yardım xidmətinin həkimi 20 dəqiqə telefonla vəziyyətlə bağlı məlumat verdikdən sonra deyib ki, vəziyyəti daha da ağırlaşsa təcili yardıma yenidən müraciət etsinlər.

İctimai Müdafiə Komitəsi bununla yanaşı həkimin Abdullayevanı xəstəxanaya aparmaqdan imtina ediyini bildirir.

N.Abdullayevanın vəziyyəti kəskin şəkildə ağırlaşdığından o, aclığı dayandırıb.

Aclıq aksiyasını hazırda dörd nəfər davam etdirir.

Aclıq aksiyasına yanvarın 22-də Müdafiə Komitəsinin sədri Azad Mursəliyev başlayıb. Yanvarın 27-də aclıq aksiyasına Mahir Abdullayevin daha dörd qohumu - Tehran, Nəzakət, Göyçək və Pərvizə Abdullayevlər də qoşulub. Aclıq edənlərin əsas üç tələbi var: Azad Mürsəliyevin və fəaliyyəti dayandırılmış Beynəlxalq Universitetin keçmiş rektoru Elşad Abdullayevin ailə üzvlərinin sərbəst yerdəyişmə hüququna qoyulmuş məhdudiyyət aradan qaldırılsın (onlar ölkə hüdudlarından kənara buraxılmır); Baş Prokuror yanında Müstəqil İstintaq Komitəsi Mahir Abdullayevin oğurlanması cinayətində iştirak etmiş şəxslərin məsuliyyətə cəlb edilməsi üçün əməli istintaq işləri aparsın; Elşad Abdullayevin ailə üzvlərinə, qohumlarına qarşı təzyiqlərə, qanunsuz və repressiv hərəkətlərə son qoyulsun.

"Aclıq aksiyamızın tələbləri ilə bağlı hələ də rəsmi münasibət bildirilməyib. Biz istəyirik ki, Müstəqil İstintaq Komitəsi Mahir Abdullayevin oğurlanması üzrə cinayət işi ilə bağlı yeniliklər, kimlərin məsuliyyətə cəlb edilməsi barədə məlumat versin", deyə Azad Mürsəliyev qeyd edib.

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) keçmiş rektoru Elşad Abdullayevin qardaşı, Milli Təhlükəsizlik Nazirliyinin mayoru Mahir Abdullayev 2003-cü il oktyabrın 13-də oğurlanıb. 2010-cu ildə ABU-nun fəaliyyəti dayandırıldıqdan sonra Elşad Abdullayev Fransaya mühacirət edib. Elşad Abdullayev qardaşının tapılması üçün müxtəlif vəzifəli şəxslərə verdiyi yüz min dollarlarla məbləğdə rüşvət faktları ilə bağlı xəlvəti çəkdiyi çoxsaylı videolar yayıb. Onun videoları əsasında Milli Məclisin keçmiş deputatı Gülər Əhmədova və digər şəxslər həbs edilib. Azad Mursəliyev isə 2013-cü ilin martında Mahir Abdullayevin Hüquqlarını İctimai Müdafiə Komitəsi təsis edib. Onun sözlərinə görə, 2013-cü ilin martında Müstəqil İstintaq Komitəsi yaradıldıqdan sonra Mahir Abdullayevin oğurlanması üzrə cinayət işinin istintaqını aparmaq əvəzinə Elşad Abdullyaevin ailə üzvlərinə qarşı təzyiqlər başlayıb. Onun ailə üzvlərinin evlərinə, bank hesablarına həbs qoyulub, ölkədən çıxmaları yasaq edilib.

Azad Mürsəliyev Mahir Abdullayevin oğurlanması üzrə cinayətin açılmamasında bir çox yüksək vəzifəli şəxslərin marağı olduğunu deyib.

Öz növbəsində Baş Prokurorluq bir neçə dəfə Mahir Abdullayevin itkin düşməsi ilə bağlı cinayət işi üzrə intensiv istintaq aparıldığını bildirib.
XS
SM
MD
LG