Accessibility links

Mahir Zeynalov: Türk hökumətinin mətbuata təzyiqi ağlasığmaz dərəcədə böyükdür


Mahir Zeynalov
Mahir Zeynalov

Türkiyə baş naziri azərbaycanlı jurnalistdən danışıb. Jurnalist Türkiyədən deportasiya olunduqdan sonra da təhdidlərə məruz qaldığını iddia edir.

Ötən həftə Ərdoğan hakimiyyətini tənqid etdiyinə görə Türkiyədən deportasiya edilən “Today’s Zaman” qəzetinin azərbaycanlı müxbiri və bloger Mahir Zeynalov Amerikanın Səsinə bildirib ki, ona qarşı təhdidlər və təzyiqlər davam edir.

“Hər gün Türkiyənin baş naziri Rəcəp Tayyib Ərdoğana yaxın mediada məni təhdid edirlər. Deportasiya edilməyimin səbəbi hökumətin yazılarımdan və və tweet-də yazdıqlarımdan narahat olmasıdır. Buna görə baş nazir məni məhkəməyə verib, həbsimi istəyir”,-deyə Mahir Zeynalov bildirib.

Onun sözlərinə görə, baş nazir şikayətində M.ahir eynalovun “Twitter”də yazdığı mesajlarda həqarətə yol verdiyini, xalqı kin və düşmənçiliyə təhrik etdiyini bildirib.

Bunun əsasında Türkiyə Daxili İşlər Nazirliyi “Əcnəbilərin Türkiyədə yaşaması və səyahət etməsi haqqında” qanunda yer alan “məmləkətdə qalması ümumi güvənliyə zidd sayılan əcnəbilər Daxili İşlər Nazirliyi tərəfindən müəyyən müddət ölkədən çıxmağa dəvət olunur. Bu müddətin sonunda Türkiyəni tərk etməyənlər deportasiya edilir” maddəsinə uyğun olaraq Zeynalovu ölkədən çıxarıb.

“Vəkillərim bu hüquqsuz icraatı məhkəməyə verəcək və ümid edirəm ki, ən qısa vaxtda Türkiyəyə qayıda biləcəm” deən Mahir Zeynalov dünən Türkiyə baş nazir müavini Bülənt Arınçın onun qaçaq olduğunu dediyini əlavə edib.

Jurnalist hesab edir ki, Bülənt Arıncın dediyi yalandır. O, “bu il martın 10-dək mənim Türkiyədə qalmaq haqqım var idi” deyib.

“Zaman” qəzetinin yazdığına görə, jurnalistin deportasiya olunmasına “mahirzeynalov” adlı twitter hesabında “türk prokurorları polisə Əl-Qaidə təşkilatına mənsub şəxsləri saxlama əmri verdi, Ərdoğanın təyin etdiyi polis rəisləri isə əmri yerinə yetirmədi” mesajını yazması səbəb olub.

Jurnalist bildirib ki, sadəcə qəzetlərdə yayımlanan bir xəbəri heç bir şərh yazmadan twitter-də yerləşdirib.

Mahir Zeynalov Türkiyədə mətbuat azadlığı sahəsində vəziyyətdən də toxunub: “Mən əhəmiyyətli deyiləm, yəni mənə qarşı edilənlər dənizdə bir damcıdır. Mənim kimi səsini çıxara bilməyən və çətin vəziyyətdə fəaliyyətini davam etdirən yüzlərlə jurnalist var. Türk hökumətinin mətbuata təzyiqi ağlasığmaz dərəcədə böyükdür”,-deyə o bildirib.

Hazırda Azərbaycanda olduğunu deyən jurnalist üçüncü ölkəyə getmək arzusunu belə izah edib: “Onu ailəm və həmkarlarımla müzakirə edirəm. Ehtiyac olarsa getməyi düşünürəm.”

Öz növbəsində, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) iclasında Türkiyədən deportasiya olunan jurnalist Mahir Zeynalov haqqında danışıb. "Mənim twit xəstəliyim yoxdur. Twitter istifadə edənlər səhv başa düşməsin amma mənim bu qədər boş vaxtım yoxdur. Mənimlə əlaqədar twit atılıb, bundan belə xəbərim yoxdur. Mən gecə-gündüz demədən yalnız işimə baxıram. Mənim barəmdə twit atanlardan biri azərbaycanlıymış, qəzet yazarıymış. Bizim iqtidarımız onu ölkədən xaric edib. Mətbuat İnformasiya Təşkilatı sizin mətbuat kartınızı uzadar və ya uzatmaz iradə onlara qalıb. Bu bizim səlahiyyətimizdə deyil. Bunun üçün onlardan icazə alınır".

Qeyd edək ki, Türkiyədə nəşr edilən “Todays Zaman” qəzetinin redaktoru və yazarı, Azərbaycan vətəndaşı Mahir Zeynalov fevralın 7-də ölkədən deportasiya edilib. Deportasiya qərarı Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın prokurorluğa şikayəti əsasında verilib. İddialara görə, M.Zeynalov qəzetdə Türkiyə hökumətinin "Əl Qaidə" terror təşkilatı ilə əlaqələri olduğu barədə silsilə məqalələr dərc edib.
XS
SM
MD
LG