Accessibility links

Mahmud Əhmədinejad: Seçkidə ölkənin bütün siyasi spektri seçicilərə təqdim olunmalıdır


İran prezidenti
İran prezidenti

Prezident İran Konstitusiyasına Nəzarət Şurasına prezidentliyə namizəd kimi qeydiyyatdan keçmiş bütün şəxsləri diqqətlə araşdırmağı tövsiyə edib

“Prezident seçkilərində əhalinin seçim edə bilməsi üçün bütün tərəflər təmsil olunmalıdır”. APA agentliyinin məlumatına görə, bunu İran prezidenti Mahmud Əhmədinejad bildirib.

Onun sözlərinə görə, seçkilər ölkənin inkişafı naminə milli birliyin möhkəmləndiyi dövrdür.

M.Əhmədinejad İran Konstitusiyasına Nəzarət Şurasına (Şura-ye Negahban) prezidentliyə namizəd kimi qeydiyyatdan keçmiş bütün şəxsləri diqqətlə araşdırmağı tövsiyə edib:

“Seçki bülletenlərində ölkənin bütün siyasi spektri seçicilərə təqdim olunmalıdır”.
Qeyd edək ki, bu il iyunun 14-də İranda XI dövr prezident seçkiləri keçiriləcək.
Mayın 7-11-də prezidentliyə namizədliyin qeydiyyata alınması üçün rəsmi qaydada ayrılmış 5 gün ərzində ümumilikdə 686 nəfər müraciət edib.

Qeydiyyatdan keçənlər arasında 656 nəfəri kişi, 30-u qadındır, həmçinin 539 nəfəri ailəli, 147-si subaydır. Eyni zamanda onlar arasında ən gənc namizədin 39, ən yaşlısının isə 87 yaşı var.

Mayın 12-16-da Konstitusiyaya Nəzarət Şurası tərəfindən həmin namizədlərin səlahiyyətinə baxılacaq və kimin prezident seçkilərinə buraxılması və ya namizədliyinə xitam verilməsi barədə qərar çıxarılacaq. Ancaq ehtiyac duyularsa, bu müddət 5 gün də uzadıla bilər. Bundan sonra hansısa bir səbəbdən səlahiyyətinə xitam verilmiş prezidentliyə namizəd 16-23 may arasındakı bir müddətdə şuranın qərarından şikayət edə bilər. Mayın 23-24-də isə İranın Daxili İşlər Nazirliyi prezident seçkilərinə qatılacaq namizədlərin adlarını açıqlayacaq.

Mayın 24-dən iyunun 12-dək təbliğat kampaniyası həyata keçiriləcək. Eyni zamanda İran Daxili İşlər Nazirliyi qeydiyyata alma mərhələsi və digər seçki işləri üçün ölkə daxilində 67 min seçki bürosunun fəaliyyət göstərəcəyini açıqlayıb.

İran Dövlət Televiziya və Radio Təşkilatı (İRİB) isə prezidentliyə namizədlərin hər birinə öz seçki platformalarını seçicilərinə açıqlamaq üçün 10 saat efir vaxtı ayıracağını açıqlayıb. Belə ki, təbliğat kampaniyası zamanı hər bir namizədə 6 saat mili televiziyada, 4 saat isə milli radioda efir vaxtı veriləcək. Konstitusiyaya Nəzarət Şurasının qəbul etdiyi qərara əsasən, xaricdə müvəqqəti yaşayan və fəaliyyət göstərən İran vətəndaşları 5 qitədə, 120 ölkədə yaradılacaq 280 seçki məntəqəsində səs verəcəklər.
XS
SM
MD
LG