Accessibility links

Mahmud Əhmədinejad: İƏT ölkələri müstəmləkəçiliyə, köləliyə qarşıdır!


İran prezidenti Mahmud Əhmədinejad
İran prezidenti Mahmud Əhmədinejad

İran prezidenti ticarətin genişləndirilməsini, uzlaşdırılmış gömrük sisteminin qurulmasını istəyir.

“İnsanlar maddi kapitalist sisteminin idarəçiliyindən narahatdır. Xalqlar bu sistemləri dəyişmək istəyir”, - İran prezidenti Mahmud Əhmədinejad İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Bakı sammitində bildirib.

Prezidentin fikrincə, xalqların dəyişiklik istəməməsi kapitalist sisteminin, köləlik və müstəmləkə tərəfdarlarının sonu deməkdir.

“Gələcək sistem sevgi və ədalətə əsaslanacaq. İƏT ölkələri müstəmləkəçiliyə qarşıdır, ayrı-seçkilikdən əziyyət çəkib. Biz ədalətsizliyin dəyişdililməsində, ədalətin bərpa olunmasında mühüm rol oynaya bilərik”, - o qeyd edib.

İran prezidenti İƏT-in daha da inkişafı üçün təkliflərlə çıxış edib.

“Siyasi əməkdaşlıq, qoşulmayanlar hərəkatı davam etdirilməlidir. Siyasi Forum yaradılmalıdır, üzv ölkələr beynəlxalq təşkilatlarda, o cümlədən BMT-də İƏT-in hüquqlarını qorumalıdır. Birgə tarixi və mədəni tədbirlər təşkil edilməli, elmi-texnoloji tədqiqat strukturları yaradılmalıdır”.

Prezident iqtisadi əlaqələrin, kənd təsərrüfatı, nəqliyyat strukturlarının genişləndirilməsinin, ədalətli iqtisadi prinsiplərin, uzlaşdırılmış gömrük sistemlərinin yaradılmasının, ticarətdə barterdən və milli valyutalardan istifadə edilməsinin vacibliyini irəli sürüb.

O, həmçinin hər il beynəlxalq məsləhətləşmə forumunun keçirilməsini təklif edib.
XS
SM
MD
LG