Accessibility links

Avstraliya axtarış təyyarələrinin Hind okeanında yoxa çıxmış Malayziya laynerinin düşdüyü ehtimal edilən yerdə qalıqları göründüyü bildirilir.

Avstraliyanın Dəniz Təhlükəsizliyi Təşkilatı Orion müşahidə təyyarəsinin obyekti bu gün axtarışların aparıldığı yeni ərazidə, Avstraliyanın Perz liman şəhərindən təxminən 1850 kilometr qərbdə qeydə alıb.

Tvitterdə yaydığı bəyanatda Avstraliyanın Dəniz Təhlükəsizliyi Təşkilatı təyyarənin obyektin şəkillərini göndərmək üzrə olduğunu deyib. Bu məlumatın təsdiqlənəcəyi gözlənilir. Məlumatda gəmilərin əraziyə şənbə gününədək yaxınlaşa bilməyəcəkləri deyilir.

Təhqiqatçılar əvvəlki ehtimaldan fərqli olaraq laynerin daha sürətlə uçduğu və daha tez yanacaq istifadə etdiyi qənaətinə gəldikdən sonra bu gün səhər axtarışların aparılması daha yaxın məsafəyə, 1000 kilometr şimal-şərqə köçürülüb.

Təşkilatının rəhbəri Con Yunq hələlik radardan alınan məlumatların daha dəqiq məlumatlar olduğunu deyib. Lakin o, axtarışların hələ çox zaman alacağı barədə xəbərdarlıq edib.

Malayziyanın müdafiə naziri Hişammuddin Hüseyn Malayziyanın Tayland və Yaponiya peyklərindən daha yeni şəkillər əldə etdiyini deyib ki, bu şəkillərdə əks etdirilmiş obyektlər bundan əvvəl axtarışların aparıldığı yerdə qeydə alınıb. Şəkillərin nə zaman çəkildiyi barədə məlumat verilmir.
XS
SM
MD
LG