Accessibility links

Malayziya təyyarəsinin yoxa çıxmasından bir il keçir [Video]


Malayziya təyyarənin itməsini qəza adlandırıb. Bu isə Malayziya və Pekindəki ailələrin qəzəbinə səbəb olub.

Malayziya Hava Yollarının MH370 reysi ilə üçan təyyarəsinin itkin düşməsindən artıq bir il keçib və bu hadisə dünyanın ən müəmmalı aviasiya sirrinə çevrilib. Təyyarədə olan insanların yaxınları üçün bu zaman ərzində gözləmək çox çətin olub, çünki təyyarənin başına gələnlər barədə hələ də heç bir məlumat əldə edilməyib.

Təyyarədəki sərnişinlərin ailələrinin əlində aviaşirkətin ötən il yaydığı bəyanatdan başqa heç nə yoxdur.

“Malayziya hava yolları şirkəti MH370 nömrəli uçuşun bu gün saat 2:40-da Subang Hava Nəqliyyat Nəzarəti ilə əlaqəsi kəsildiyini təsdiq edir” – deyə bəyanatda bildrilirdi.

Hind Okeanının cənubunda aylardır davam edən axtarışlar heç bir nəticə verməyib. Mayın sonunda isə dəniz axtarışları başa çatacaq.

Artıq çoxları “Bəs, təyyarə tapılmasa, onda nə olacaq?” sualını verirlər.

Malayziya təyyarənin itməsini qəza adlandırıb. Bu isə Malayziya və Pekindəki ailələrin qəzəbinə səbəb olub. Hadisə ilə bağlı son hesabatın bu həftənin sonu açıqlanacağı gözlənilir.

MH370-in sərnişinlərinin əksəriyyəti Çin vətəndaşları idi. Suallarına cavab axtarmaq məqsədilə çinlilər etiraz nümayişləri təşkil ediblər, bu isə ictimai nəzarətin təmin olunmasına və evlərdə axtarışlara səbəb olub. Bu yaxınlarda isə bəzi ailə üzvləri suallarına cavab tapmaq məqsədilə Malayziyaya yola düşüblər.

Biz, ailə üzvləri olaraq, MH370-un sərnişinlərinin təyyarəyə mindiklərinin təsdiqini istəyirik

Cianq Hui deyir ki, onların tələblərindən biri ailə üzvlərinin təyyarəyə mindiklərinin şəkillərini görməkdir.

“Biz, ailə üzvləri olaraq, MH370-un sərnişinlərinin təyyarəyə mindiklərinin təsdiqini istəyirik. Bildiyim qədər, bəzi malayziyalı ailələr o şəkilləri artıq görüblər. Onlar da bizim kimi ailə üzvləridir, bəs biz niyə öz qohumlarımızı görə bilmirik?

Stiv Vanq digərləri ilə birlikdə Malayziyaya getməyib, amma onun anası təyyarədə idi. O deyir ki, ailələr bütün dünyaya həqiqəti öyrənmək istədiklərini göstərmək istəyirlər.

“Belə hadisələr baş verəndə hərəkətə keçmək lazımdır. Təsəvvür edin ki, mən Malayziyada adi vətəndaşam. Belə bir hal baş versə, mən qorxaram.”

Pekində yerləşən bu alış-veriş mərkəzi Stiv və anasının tez-tez gəldikləri yer olub. Anası təqaüdə çıxmış professor idi. O, şəkil çəkməyi çox sevirdi və Nepala səyahətdən dönürdü.

“O, Çin və digər ölkələrdə müxtəlif yerlərdə olub. Düşünürəm ki, onun çox xoşbəxt həyatı var idi və indi onun üçün həyatdan zövq almağının ən yaxşı vaxtı idi. O, yenicə təqaüdə çıxmışdı, hələ cavan idi, hələ enerjisi var idi. Onun hələ hər şeyə böyük həvəsi var idi.”

Vanq aylar və hətta illər keçsədə həqiqətin ortaya çıxacağına inandığını deyir. Son ili təsvir etməsini istəyəndə isə, o üç şeyi qeyd edir.

“Birincisi vahimə, ikincisi kədər və cəfa, üçüncüsü isə güclü olmağa çalışmaq”.

XS
SM
MD
LG