Accessibility links

Malinin Timbuktu şəhərinin şimal hissəsində intiharçının bombanı partlatması nəticəsində bir malili əsgər ölüb, iki əsgər yaralanıb.

Mali ordusunun verdiyi məlumata görə Timbuktu hava limanının hərbi yoxlama məntəqəsinin yaxınlığında avtomobilin dayandırılması vaxtı partlayış baş verib.

Partlayışa görə məsuliyyəti heç kim öz üzərinə götürməyib. Bu, yanvar ayında Fransa hərbi qüvvələri islamçı yaraqlıları Malinin şimalından çıxardıqdan sonra Timbuktuda ilk intiharçı hücumudur.

Timbuktu sakinləri gecə atışma səsləri eşitdiklərini bildirib. Ordu rəsmiləri deyir ki, bir qrup silahlı şəxs qəsəbəyə daxil olmağa cəhd göstərsə də, ancaq Fransa və Mali hərbi qüvvələri onların qarşısı ala bilib.

Fransa prezidenti Fransua Holland Malidəki hərbi əməliyyatların son mərhələdə olduğunu deyib.

Ancaq təhlilçilər Fransanın 4000 hərbi qüvvəsini regiondan çıxardıqdan sonra Əl-Qaidəyə bağlı yaraqlıların Malinin şimalındakı şəhər və qəsəbələrə qayıdacaqlarından narahatdırlar.
XS
SM
MD
LG