Accessibility links

İraqın baş naziri Nuri Əl-Malikiyə qarşı təzyiqlər artıb


İraqın baş naziri Nuri Əl-Malikiyə qarşı ölkəyə yeni lider seçilməsi ilə bağlı təzyiqlər artıb.

İraqın bu yaxınlarda seçilən parlamenti yeni hökumətin təşkili ilə bağlı bu gün də yığıncaq keçirir.

Ali ruhani rəhbər Ayətulla Əli Əl-Sistani parlamenti yeni baş nazir, prezident və parlament spikeri seçilməsi ilə bağlı razılığa gəlməyə çağırıb.

Bir çox şiə müttəfiqini itirən Maliki isə fövqəladə hökumətin təşkilini rədd edir. O, bunu ölkə konstitusiyasına və aprelin 30-da keçirilən parlament seçkilərinə zidd adlandırır.

İraqın baş nazirinin gələcəyi ABŞ dövlət katibi Con Kerri və Səudiyyə Ərəbistanının kralı Abdullanın Riad görüşünün mövzusu olmalıdır.

Dünən Fransanın xarici işlər naziri Loren Fabye Parisdə ABŞ dövlət katibi Con Kerri ilə görüşüb. Fabye İraqın ağır vəziyyətdə olduğunu və çıxış yolunun iraqlıların birliyində olduğunu deyib.

Bu həftənin əvvəlində Maliki və Bərzani ilə görüşən ABŞ dövlət katibi onun və cənab Fabyenin İraqda birliyə gətirib çıxaracaq yeni hökumətin tez bir zamanda formalaşdırılmalı olduğunu düşündüklərini deyib.

Suriya və İran İraqda nəzarəti ələ almağa çalışan sünni yaraqlılarla mübarizəyə qoşulub.

İraqın baş naziri Nuri Əl-Malikinin bildirdiyinə görə, Suriyanın döyüş təyyarələri İraq-Suriya sərhədi boyunca yaraqlıları hədəf alıb. Maliki çərşənbə günü həyata keçirilən hücumların Suriyadan istənilmədiyini deyib.

Digər bir məlumatda İranın şiələrin rəhbərlik etdiyi Bağdad hökumətinə dəstək nümayiş etdirdiyi bildirilib. İran İraqa tonlarla hərbi avadanlıq və kəşfiyyat təyyarələri göndərib.

Suriya və İranın İŞİD-ə qarşı mübarizəsi Əsəd rejiminin əleyhinə olan və İranın mübahisəli nüvə proqramı ilə danışıqları davam etdirən ABŞ-ın maraqlarına ziddir.

ABŞ prezidenti İraq rəsmilərinə yardım məqsədi ilə 300 hərbi məsləhətçini İraqa göndərib.

Hazırda Amerikanın 35-yə yaxın pilotsuz və pilotlu təyyarələri İraq üzərində kəşfiyyat əməliyyatları həyata keçirir.

XS
SM
MD
LG