Accessibility links

AXCP sədrinin müşavirinin cinayət işi üzrə hazırlıq iclası olub


Məmməd İbrahim

Məmməd İbrahim

Dekabrın 18-də Bakının Nərimanov rayon Məhkəməsində xuliqanlıqda ittiham olunan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müşaviri Məmməd İbrahimin işi üzrə hazırlıq iclası keçirilib.

Vəkil Yalçın İmanov Amerikanın Səsinə bildirib ki, məhkəmə müdafiə tərəfinin vəsatətlərindən birini - təqsirləndirilən şəxsin prosesdə vəkilin yanında oturmasını təmin edib.

Cinayət icraatına xitam verilməsi, həbs qətimkan tədbirinin başqa qətimkan tədbiri ilə əvəz edilməsi haqqında vəsatətlər təmin edilməyib.

Hakim Turqay Hüseynov işə baxılmasını dekabrın 28-nə təyin edib.

Məmməd İbrahimin həbsinə keçmiş partiya üzvü Mikayıl Quliyevin şikayəti səbəb olub. Sentyabrın 29-da onlar arasında münaqişə baş verib. AXCP-də hesab edirlər ki, partiyanın gözdən salınması məqsədilə İbrahimə qarşı təxribat törədilib.

İlkin olaraq İbrahimə qarşı Cinayət Məcəlləsinin maksimum 1 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutan 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb. Sonradan istintaq iki “zərərçəkmiş” cəlb edib və ittihamı 221.2.2-ci maddəyə tövsif edib ki, həmin maddə üzrə o, 5 ilədək azadlıqdan məhrum edilə bilər.

XS
SM
MD
LG