Accessibility links

Rusiya və Azərbaycan xarici işlər nazirləri görüşüb


Sergey Lavrov:və Elmar Məmmədyarov

Sergey Lavrov:və Elmar Məmmədyarov

Eurovision mahnı müsabiqəsində səslərin düzgün hesablanmaması, Dağlıq Qarabağ münaqişəsi, Qəbələ RLS, Bakı-Novorossiysk kəməri ilə bağlı məsələlərə toxunulub

Rusiya və Azərbaycan xarici işlər nazirləri Sergey Lavrovla Elmar Məmmədyarov Moskva danışıqlarında “Eurovision” mahnı müsabiqəsində səsvermə ətrafında yaranmış qalmaqala toxunub. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat verib.
RİA Novosti nazirlikdəki mənbəyə istinadən bildirir ki, “danışıqlar zamanı Azərbaycan tərəfi “Rusiyanın balları” ilə bağlı nələrin baş verdiyinə aydınlıq gətirib.

Moskva rusiyalı iştirakçının səslərinin oğurlanmasından narazıdır, “bu biabırçı aksiya cavabsız qalmayacaq”, Lavrov vurğulayıb.

Qeyd edək ki, ötən gün Azərbaycanın rəsmi şəxsləri Azərbaycan üzrə səsvermənin nəticələrinin saxtalaşdırıldığını bəyan ediblər. Reallıqda Rusiya ifaçısına 10 bal verilib, ancaq elan edilən nəticəyə görə o, xal qazanmayıb.

Avropa Yayım Birliyinin nümayəndəsi isə səsvermənin nəticələrinin təhrif edilməsi barədə məlumatın səhihliyinə şübhə ilə yanaşıb.

“Eurovision mahnı müsabiqəsinin finalında səsvermənin hesablanması zamanı hər hansı pozuntu olsaydı, bu barədə indiyə kimi bizə mütləq siqnal gələrdi", - o bildirib.
“Səsvermə bizim tərəfdaşımız Digamo tərəfindən aparılır və Price Waters House Coopers şirkəti tərəfindən qiymətləndirilir. Hər hansı məsələ olsaydı, bizə bu barədə siqnal çatardı”, -AYB-nin Avropa mahnı müsabiqəsi üzrə kommunikasiya koordinatoru Jarmo Siim BBC Azərbaycan-a müsahibəsində deyib.

“Bizim bildiyimizə görə, hər şey dəqiq olub”, - o əlavə edib

APA agentliyinin məlumatına görə, S.Lavrov jurnalistlərin suallarının cavabında Rusiyanın Qəbələ radiolokasiya stansiyasının istismarını dayandırması və Bakı-Novorossiysk kəməri ilə nəqlə dair sazişə xitam verilməsindən danışıb.

“Bunlar Azərbaycan-Rusiya münasibətlərinə təsir göstərməyib və bu münasibətləri pisləşdirməyib. Mən belə dəyərləndirmələrlə razı deyiləm. Qəbələ RLS-lə bağlı situasiya çoxdan məlumdur – qiymət barədə razılığa gələ bilmədik. Qalan iddialar isə spekulyasiyadır, biz spekulyasiya ilə məşğul olmuruq”, o qeyd edib .

Lavrov bildirib ki, Rusiyanın Bakı-Novorossiysk kəməri üzrə sazişi birtərəfli qüvvədən salması sırf iqtisadi səbəblərlə bağlıdır.

“Hazırda iki ölkənin energetika strukturları yeni dövlətlərarası saziş hazırlayırlar, bu sazişdə yeni iqtisadi reallıqlar öz əksini tapacaq”.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da bu məsələləri siyasiləşdirməməyə çağırıb.

“Kommersiya baxımından əsaslandırılsa, biz yeni saziş imzalaya bilərik. Biz münasibətlərimizi dostluq və dinc qonşuluq prinsipləri əsasında həll edirik”, nazir bildirib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistan-Azərbaycan münaqişəsinə də toxunub.

“Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində üç əsas beynəlxalq vasitəçidən biridir. Biz həm ATƏT-in Minsk Qrupunun həmsədri qismində, həm də Bakı və İrəvanla ikitərəfli münasibətlərimiz çərçivəsində tərəflərə məqbul həll yollarının axtarılmasında bundan sonra da kömək edəcəyik”, nazir deyib. .

E. Məmmədyarov isə münaqişənin həlli üçün səyləri artırmağın vacibliyini vurğulayıb.
Ermənistan mətbuatında erməni tərəfinin vasitəçilərin təkliflərinin 6 maddəsini qəbul etməyə hazır olduğu haqda çıxan xəbərlərə toxunan nazir, bu maddələr əsasında hərtərəfli sülh müqaviləsinin hazırlanması üzərində işə başlamağa çağırıb.

Xatırladaq ki, mayın 22-də ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri başlayır.
XS
SM
MD
LG