Accessibility links

İranlı karikaturaçıya mükafat keçən ilki hadisələrlə əlaqədar karikaturalarına görə verilib

  • Insafəli Hidayət

İranlı karikaturaçıya mükafat keçən ilki hadisələrlə əlaqədar karikaturalarına görə verilib

İranlı karikaturaçıya mükafat keçən ilki hadisələrlə əlaqədar karikaturalarına görə verilib

Mana Neyistani Beynəlxalq Karikaturaçıların Hüquqlarını Müdafiə Şəbəkəsinin 2010-cu il Şücaət mükafatının ona İranda keçən ilki hadisələrlə əlaqədar karikaturalarına görə verildiyini təstiq edib. O bunu mükafatı verən təşkilatdan soruşduğunu, məsələni dəqiqləşdirdiyini bildirib. Karikaturaçı azərbaycanlı olması barədə xəbərləri əsassız adlandırıb.

Beynəlxalq Karikaturaçıların Hüquqlarını Müdafiə Şəbəkəsinin 2010-cu il Şücaət mükafatının İranlı karikaturaçı Mana Neyistaniyə verilməsinə İran Azərbaycanlı bəzi qruplar etirzalarını bildiriblər. Məlum olduğu kimi Mana Neyistaninin 2006-cı ildə İran qəzetində çap olunan azərbaycanlıların təhqir kimi qəbul elədikləri karikaturaları İran Azərbaycanı boyu kütləvi etiraz aksiyalarına səbəb olmuşdu. Karikatura böhranı ilə başlayan nümayişlər qısa müddət ərzində İran azərbaycanlılarının mədəni hüquqları tələbi ilə milli hərəkata çevrilmişdi. Həmin aksiyalar zamanı təhlükəsizlik qüvvələri ilə toqquşmalar nəticəsində çoxlu adam həbs olunmuş, bədən xəsarəti alan və həyatını itirənlər, itkin düşənlər olmuşdu. Azərbaycanlıların etirazları nəticəsində Mana Nəyistani və İran qəzetinin baş redaktoru bir müddət həbs olundular.

Bəzi qrupların Beynəlxalq Karikaturaçıların Hüquqlarını Müdafiə Şəbəkəsinin 2010-cu il Şücaət mükafatının iranlı karikaturaçıya 2006-cı ildə azərbaycanlıları təhqir edən karikaturalara görə verildiyini irəli sürməsindən sonra Amerikanın səsinin Azərbaycan redaksiyası məsələni araşdırıb və mükafatın Mana Neyistaniyə keçən bir il ərzində İranda baş verən etiraz nümayişləri ilə əlaqədar İran hökumətinə qarşı nəşr olunan karikaturalarına görə verildiyini öyrənib.

Bunu da xatırladaq ki, redaksiyamız məsələni dəqiqləşdirmək üçün hazırda Malayziyada yaşayan karikaturaçının özü ilə də elektron poçt vasitəsi ilə əlaqə saxlayıb. Mana Neyistani mükafatın ona keçən ilki hadisələrlə əlaqədar olaraq nəşr edilmiş karikaturalara görə verildiyini təstiq edib, bunu mükafatı verən təşkilatdan soruşduğunu, məsələni dəqiqləşdirdiyini bildirib. Mana Neyistani Amerikanın səsinin Azərbaycan redaksiyasına telefonda müsahibə verməktən imtina edib. O belə bir müsahibənin İranda yeni etiraz dalğasına səbəb ola biləcəyindən ehtiyat etdiyini bildirib. İranlı karikaturaçı beş ildə beş ölkənin onun siyasi sığınacaq almaq barədə müraciətini rədd etdiyini yazaraq deyib ki, “qorxuram müsahibə yeni etirazlara səbəb olsun və Malayziya məni İrana, Evin zindanına göndərsin.”

Mana Neyistani Niqahəng Kövsər-ə müsahibəsində qeyd edib ki, 2006-cı ildə nəşr edilən karikaturalara görə həbsi ona öyrədib ki, İran, təkcə Tehran deyil və İrandakı azlıqların hüquqları müdafiə edilməlidir. O deyib ki, “mükafatı azlıqlara ithaf edirəm.”

Qeyd edək ki, bəzi ingilisdilli mənbələr, o cümlədən Vikipedia, Mana Neyistaninin Azərbaycan əsilli olmasını yazırlar. Neyistani bunun düzgün olmadığını bildirib və bu barədə sualı belə cavablandırıb.

” Mən azəri deyiləm. Mənim həbs olunduğum zamanda tanımadığım adamla, mənim kökümün azəri olmasını yazıblar ki, Azərbaycandakı etirazların şiddəti azalsın.”

XS
SM
MD
LG