Accessibility links

Fariz Hüseynli: Hökumətin maliyyə böhranının öhdəsindən gələcək heç bir planı yoxdur [Audio - müsahibə]


Şimali Dakota Universitetinin maliyyə üzrə dosenti Fariz Hüseynli Azərbaycandakı maliyyə böhranı ilə bağlı sualları cavablandırıb. Manatın üzməsinə aydınlıq gətirən Dr. Hüseynli deyib ki, manatın üzməsi valyutanın bazardakı tələb və təklifə uyğun olaraq müəyyənləşdirilməsi deməkdir. Mərkəzi bank bundan əvvəl sabit səviyyədə manatın məzənnəsini müəyyən edirdi. Bundan sonra bazarda dollar alanların tələbinə və dollar satanların təklifinə görə mərkəzi bank manatın məzənnəsini müəyyən edəcək. Bazarda dollar almaq istəyənlər satmaq istəyənlərdən çox olduqda Mərkəzi Bank dolların məzənnəsini qaldırmağa məcbur olacaq. Qaldırmaq istəməsə, o zaman gərək indiyə qədər etdiyi kimi öz rezervlərindən dolları eyni qiymətə satsın, deyə Dr. Hüseynli bildirib.


Fariz Hüseynli devalvasiyanın istehlakçılara təsirindən də danışıb. O deyib ki, devalvasiya bir ölkənin öz valyutasının qiymətini salmasıdır. Mərkəzi Bankın qərarına əsasən ölkənin valyutasi dollar və avro kimi xarici valyuta qarşısında qiymətdən düşür. O, misal gətirərək bildirib ki, keçən il 100 manatla 120 dollar almaq olurdusa, hazırda 100 manatla təxminən 65 dollar almaq olar. Bu səbəblə istehlakçı alıcılıq qabiliyyətini itirəcək. Beləliklə, istehlakçının maaşı eyni qalarsa ala biləcəyi malların və xidmətlərin miqdarı azalacaq.

İnsanlar, şirkətlər və bank sektoru zəif manat dövrünə hazır deyillər.

Cənab Hüseynli hökumətin devalvasiyanın ziyanlarını azaltmaq üçün görməsi gərəkən tədbirləri də açıqlayıb. O, dövlətin devalvasiya qərarı vermədən öncə böhran paketinin olması gərəkdiyini deyib. Böhran paketinə xarici donorlardan alınacaq dəstəklər, iqtisadi islahatlar daxildir. Lakin Azərbaycan hökuməti bu ilin fevral ayında baş verən devalvasiyadan sonra böhran paketini açıqlamadı, deyə Hüseynli bildirib.

Amerikada ixtisaslaşan iqtisadçının sözlərinə görə, birinci olaraq Mərkəzi Bank və hökumət banklar və vətəndaşlar arasında yaranan problemləri həll etməlidir. İkincisi, beynəlxaql yarışlar da daxil olmaqla prioritet xaricindəki bütün xərclərdən imtina olunmalı və büdçəyə qənaət edilməlidir. Görüləcək üçüncü tədbir isə gömrük də daxil olmaqla, hökumət təşkilatlarının sahibkarlığa maneləri aradan qaldırılmalı və korrupsiyaya qarşı qəti tədbirlər görülməlidir. Son olaraq isə müstəqil iqtisadçıların köməyilə tədbirlər paketi hazırlanmalıdır. O bu yolla hər iqtisadçının öz sahəsində gördüyü problemləri hökumət təşkilatlarına bildirməklə bu istiqamətdə islahatların aparılmasına yardımcı olur.

Dr. Hüseynlinin şərhləri ilə daha ətraflı tanış olmaq üçün veb saytımıza yerləşdirilmiş audio müsahibəni dinləyin.

Show comments

XS
SM
MD
LG