Accessibility links

Ekspertlər manatın qəflətən ucuzlaşdırılmasını müsbət qəbul etmir


Manat

Manat

Manatın məzənnəsinin qəflətən aşağı salınması barədə Azərbaycan Mərkəzi Bankının (AMB) qərarı ilk növbədə əhalinin nəinki ölkənin əsas bankına, həmçinin Azərbaycan hökumətinin iqtisadi siyasətinə olan inamını sarsıtdı. Çünki AMB-nin bundan öncəki bütün bəyanatlarında əhaliyə bildirilirdi ki, manatın məzənnəsinin enməsi tədricən olacaq.

Lakin əhali aldadıldı. Bunu Turan Agentliyinə İqtisadi Təşəbbüslər Mərkəzinin rəhbəri Azər Mehdiyev bildirib.

“Fevralın 16-dan, manatın məzənnəsinin bivalyuta səbəti əsasında müəyyən olunacağının elan edildiyi vaxtdan adamları inandırırdılar ki, manatın ucuzlaşması tədricən olacaq və əhali bunu hiss etməyəcək.

Məlum oldu ki, narahatlığa əsas varmış. Görünür, bu ondan ötrü edilib ki, məlumatlı, hökumətə və AMB-yə yaxın dairələr öz manat ehtiyatlarını dollara dəyişə bilsinlər”, A.Mehdiyev qeyd edib.

Onun fikrincə, manatın məzənnəsinin düşməsinin qeyri-neft sektorunun artmasına xidmət edəcəyi barədə AMB-nin motivləri tutarlı deyil. Bu o halda mümkün olardı ki, ixraca yönələn rəqabət qabiliyyətli iqtisadiyyat olsun. İndiki qərar yerli istehsala daha çox ziyan vuracaq.

Digər tərəfdən, AMB-nin qərarı inflyasiya yaradacaq. Hökumət inflyasiyanın hesabına büdcəni dolduracaq, lakin əhali yoxsullaşacaq.

Parlamentin İqtisadi siyasət komissiyasının üzvü Vahid Əhmədov AMB-nin qərarını şərh edərkən bu addımı anlamadığını bildirib.

“Bu qərar gözlənilməz oldu. Bu addım maaşlara, pensiyalara, kreditlərə mənfi təsir göstərəcək.

Mən bu məsələ ilə bağlı daim bank rəhbərliyi ilə əlaqə saxlayırdım ki, gerçəkləri öyrənərək xalqa informasiya verə bilək, bir gecənin içində belə qərarın verilməsini anlaya bilmirəm”, - o vurğulayıb.

Onun sözlərinə görə, bu qərara qədər Mərkəzi Bank rəhbərliyi ilə saxladığı əlaqələrdə qarşı tərəf deputata ilin sonuna kimi dolların 80-90 qəpik olacağı barədə proqnozlar veriblər.

O əlavə edib ki, parlamentin qarşıdakı iclasında bu məsələni qaldırmaq niyyətindədir.

“Bu cür düşünülməmiş hərəkətlər ölkənin bank sistemini poza və bankların kütləvi iflasına səbəb ola bilər”, V.Əhmədov qeyd edib.

Bakının valyutadəyişmə məntəqələrində isə dolların hətta yeni qiymətə - 1 manat 5 qəpiyə satışı dayandırılıb. Qiymət cədvəlləri əvvəlkitək qalsa da valyutadəyişmə məntəqələrində və banklarda vətəndaşlara bildirirlər ki, alqı-satqı müəyyən müddətə dayandırılıb. Eyni zamanda hələ dünən AMB bəyan etmişdi ki, banklar istirahət günləri də işləyəcəklər ki, bütün arzu edənlər pullarını dəyişə bilsinlər.

XS
SM
MD
LG