Accessibility links

ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələri Hələb yaxınlığındakı Manbij şəhərini hədəf alıb


İŞİD-ə qarşı mübarizə aparan ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələri Hələb yaxınlığındakı Manbij şəhərini hədəf alıb. Şəhərin mərkəzi yaraqlıların nəzarətindədir.

Son hücumlar nəticəsində İslam Dövlətinin 17 taktiki bölməsi və ekstremistlərin 17 döyüş mövqeyi dağıdılıb. Hava zərbələri nəticəsində yaraqlıların 2 zirehli maşını və 1 ağır silahı sıradan çıxarılıb.

Qarşıdurmalar zamanı bir neçə yaraqlı öldürülüb.

Bu arada Amerika ordusu mülki əhalinin ölümü ilə bağlı araşdırmalar aparır. Belə ki, insan haqları müdafiəçiləri 25 nəfərin öldürüldüyünü iddia edir.

Pentaqon hadisə ilə bağlı təhqiqat aparıldığını bəyan edib.

Prezident Əsəd və Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildiriblər ki, Rusiya ilə Suriya höküməti mühasirəyə alınan Hələb şəhərindən gedən dörd dəhlizi açacaq. Onlardan üçü silahlarını yerə qoymaq istəyən mülki vətəndaş və üsyançılar, biri isə silahları ilə birlikdə qaçmaq istəyən üsyançılar üçün açılacaq.

Televiziyada yayımlanan çıxışında Şoyqu bildirib ki, Rusiya prezidenti Vladimir Putin Hələb ətrafında “terrorçular tərəfindən girov alınmış mülki şəxslər, eləcə də silahlarını yerə qoymaq istəyən döyüşçülərə yardım etmək üçün genişmiqyaslı humanitar əməliyyatlar başladacaq.

Humanitar dəhlizlərin açılması ilə yanaşı Şoyqu şəhərdən kənarda ərzaq və ilk yardım stansiyalarının yerləşdiriləcəyini deyib.

Suriyanın hökumət qüvvələri mühasirə taktikasından istifadə edərək Hələbi geri almağa çalışır. Şəhər daxilində hələ də 25 min mülki vətəndaşın qaldığı güman edilir.

XS
SM
MD
LG