Accessibility links

Mənuçehr Diqqəti:"Bakı və Azərbaycan vətəndir, fərqi yoxdur, cənub, şimal, bizim üçün birdir"


Mənuçehr Diqqəti:"Bakı və Azərbaycan vətəndir, fərqi yoxdur, cənub, şimal, bizim üçün birdir"

Mənuçehr Diqqəti:"Bakı və Azərbaycan vətəndir, fərqi yoxdur, cənub, şimal, bizim üçün birdir"

Azərbaycanlı foto-jurnalist Mənuçehr Diqqəti Associated Press agentliyinin Yaxın Şərq regionu üzrə baş foto-redaktoru vəzifəsində görəcəyi işlər, İranda azərbaycanlıların vəziyyəti barədə danışıb

Xəbər verdiyimiz kimi, azərbaycanlı foto-jurnalist Mənuçehr Diqqəti Associated Press agentliyinin Yaxın Şərq regionu üzrə baş foto-redaktoru vəzifəsinə təyin edilib. “Amerikanın səsi” radiosuna müsahibəsində cənab Diqqəti bu vəzifədə görəcəyi işlər, İranda azərbaycanlıların vəziyyəti barədə danışıb.

Dilşad Əliyarlı: Sizi yeni təyinatınızla təbrik edirik, uğurlar arzulayırıq.

Mənuçehr Diqqəti: Çox sağ olun. Təşəkkür edirəm.

SUAL: Siz Associated Press agentliyinin Yaxın Şərqdə, Əfqanıstan və Pakistanda foto-reportajlarının baş redaktorusunuz. Bu vəzifədə hansı işləri görəcəksiniz?

CAVAB: İndiyə kimi Associated Press-in Yaxın Şərqdə əməliyyatları Nyu York və Londondan aparılırdı. İndi təzə yaranan bu şöbədə, Yaxın Şərqdən bütün foto-reportajların mənim rəhbərliyim altında aparılmasını istəyirlər. Məhz, foto-reportajların yerindən hazırlanmasını istəyirlər. Çünki reportajların hazırlandığı ölkələrə yaxın olanda, oradakı hadisələr Nyu York və Londonda olduğundan daha yaxşı başa düşülür. Yəni, mənim yeni işim ondan ibarətdir ki, oraya gedib bu şöbəni yaradam, Əfqanıstan və Pakistandan tutmuş Liviyaya qədər, bütün 22 ölkədə foto-reportajların hazırlanması işini təşkil edəm.

SUAL: Siz dünyanın bir çox bölgələrində müharibə və münaqişələrlə bağlı foto-reportajlar hazırlamısınız. Latın Amerikası, 1990-cı ildə Körfəz müharibəsi, keçmiş Yuqoslaviyada münaqişə. Bütün bu yerlərdə diqqətinizi çəkən nə olub?

CAVAB:Mən foto-jurnalist kimi fəaliyyətə 1978-ci ildə İran inqilabı zamanı başlamışam. İnsanlar küçələrə çıxmışdı, əsgərlərlə qarşıdurma olmuşdu. Yəni, mən işimə birinci gündən müharibədən başladım. Sonra dünyanın başlıca xəbər agentliklərindən biri olan, Agence France Presse-də çalışdım. Bir neçə il Yaxın Şərqdə oldum, Fələstində, Latın Amerikasında, Afrikada işlədim. Amma, mənim münaqişə yerlərinə gedərkən fikrim müharibə deyil, həyat və insanların yaşayışını göstərmək idi. İnsanlar müharibələrin getdiyi bu yerlərdə yaşayır və müharibə bitdikdən sonra normal yaşayacaqlarına ümid edir. Münaqişə yerlərinə getmək çətin bir məsələdir. Amma mən müharibə bölgələrində insanların yaşayışını və müharibənin nə qədər pis bir şey olduğunu göstərməyə çalışıram.

SUAL: Siz hətta bir dəfə yaralanmısınız da.

CAVAB:Yaralanmaq deyəndə ki, ciddi yaralanmaq bir dəfə olub. 1996-cı ildə İsrail-Fələstin münaqişəsi zamanı israilli əsgər məni güllə ilə vurub yaralamışdı. Onun nəticəsində iki il Parisdə xəstəxanada qaldım. Şükür ki, işimi davam etdirə bilirəm. Biz qəbul etməliyik ki, foto-jurnalistlər və ya jurnalistlərin işində belə hallar ola bilər, yaralana da bilərik, bu, mümkündür.

SUAL: Siz qeyd etdiniz ki, fəaliyyətinizə İranda İslam İnqilabı və sonra baş verən hadisələri işıqlandırmaqla başlamısınız. Təbii ki, İranda vəziyyəti izləyirsiniz. Bu vəziyyəti necə dəyərləndirirsiniz və İranla bağlı fikirləriniz nədir?

CAVAB: İranın problemi ondan ibarətdir ki, orada jurnalistlərə işləmək imkanı vermirlər. Çünki, onlar istəmirlər ki, biz İranda baş verən hadisələri dünyaya göstərək. Ona görə də, İranda jurnalist kimi işləmək çox çətin bir işdir. Amma ümid var. İranlılar ya da azərbaycanlılar yüksək təhsilli və intellektual insanlardır. Təəssüf ki, onlar diktatura altında əzilirlər. Tarix göstərib ki, belə vəziyyət daim davam edə bilməz. Çünki hərəkat var. İnsanlar azadlıq istəyir. Hamıya bəllidir ki, İranın rejimi və hökuməti çox davam edə bilməz. Biz ümidvarıq ki, İranda da azadlıq olacaq. Təkcə jurnalistlər üçün deyil, bütün İran xalqı, xüsusilə də ikiqat təzyiq altında olan azərbaycanlılar üçün.

SUAL: Siz hazırda Bakıdasınız. Sizi orada tanıyanlar çoxdur, sevənlər çoxdur. Özünüzü Bakıda necə hiss edirsiniz?

CAVAB: Bakı öz vətənimizdir, öz ölkəmizdir. Mən burada ana dilində danışıram. Təqribən 30 ildir İrandan çıxmışam və Bakıya gəlməyimin əsas səbəbi vətənə qayıtmaqdır. Qızım da burada mənimlədir. Onu Azərbaycan məktəbinə qoymuşam ki, öz dilimizi və mədəniyyətimizi öyrənə bilsin. Bizim üçün Bakı və Azərbaycan vətəndir. Fərqi yoxdur, cənub, şimal, bizim üçün birdir.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG