Accessibility links

Facebook təsisçisi Mark Zukerberq atalıq məzuniyyətinə çıxmağa hazırlaşır


Facebook şirkətinin təsisçisi Mark Zukerberq və onun həyat yoldaşı Prisilla Çan

Facebook şirkətinin təsisçisi Mark Zukerberq və onun həyat yoldaşı Prisilla Çan

Facebook şirkətinin təsisçisi və icraçı direktoru Mark Zukerberq qızının anadan olması ilə əlaqədar olaraq iki ay müddətinə atalıq məzuniyyəti götürəcəyini elan edib. ABŞ-ın ən populyar və ən güclü şirkətlərindən birinin icraçı direktorunun bu bəyanatı ailə ilə vaxt ayırmağın əhəmiyyətinə dair güclü mesaj kimi dəyərləndirilir.

ABŞ-ın Silicon vadisindəki texnologiya şirkətlərinin icraçı direktorları uşağın anadan olması ilə əlaqədar valideynlərə məzuniyyət və başqa imtiyazların artırılmasını təklif etməyə başlayıb. Lakin işçilərin böyük hissəsi işə gəlməməklə irəliləyişə və vəzifə artımına nail ola bilməyəcəklərindən ehtiyat edərək məzuniyyətdən istifadə etmir.

Facebook şitkərinin təsisçisi Mark Zuckerberg

Facebook şitkərinin təsisçisi Mark Zuckerberg

Dünyanın ən böyük sosial şəbəkəsi olan Facebook ABŞ-da öz işçilərinə uşağın anadan olmasından dərhal sonra, ya da il boyu bölünərək istifadə edilə biləcək ödənişli analıq və atalıq məzuniyyəti təklif edir. Amerika standartlarına görə bu, böyük əliaçıqlıq deməkdir. Mark Zukerberq iyul ayında həyat yoldaşı Prisilla Çanla ilk övladlarını gözlədiklərini elan edib.

ABŞ-da aparılmış sorğuya əsasən, işə götürənlərin 21 faizi işçilərə ödənişli analıq, 17 faizi isə atalıq məzuniyyəti verir.

Zukerberq Facebook səhifəsində yazıb ki, bu, şəxsi qərardır. Uşaq arabası şəkli ilə bərabər yerləşdirdiyi yazıda Zukerberq bildirib ki, "sorğulara əsaən, valideynlər körpə uşaqları ilə birgə vaxt keçirəndə bu, uşaqlar və ailələr üçün daha yaxşıdır."

Facebook təsisçsi Mark Zukerberq və onun həyat yoldaşı Prisilla Çan

Facebook təsisçsi Mark Zukerberq və onun həyat yoldaşı Prisilla Çan

31 yaşlı Zukerberq şirkəti məzuniyyətdə olduğu müddətdə idarə edib-etməyəcəyi barədə bir söz deməyib. Facebook şirkəti hələlik onun elanı ilə bağlı açıqlama verməyib.

Onun məzuniyyət götürdüyü müddətdə Facebook şirkətinin əməliyyatlar şöbəsinin baş direktoru Şeril Sandberqin Zukerberqin vəzifələrini icra edəcəyi gözlənilir.

Mark Zukeberqin qərarı texonologiya şirkətlərinin yüksək səviyyəli icraçı direktorları, xüsusilə də kişilər arasında qeyri-adi bir addım hesab edilir. Yahoo şirkətinin icraçı direktoru Marissia Meyer 2012-ci ildə ilk övladı dünyaya gələndən sonra cəmi iki həftə analıq məzuniyyəti götürmüşdü. Sentyabr ayında əkiz uşağa hamilə olduğunu öyrəndikdən sonra Meyer qısamüddətli analıq məzuniyyəti götürəcəyini və bu müddətdə "işlərini görəcəyini" bildirib.

Zukerberqin atalıq məzuniyyətinə dair Facebook statusu bir saat ərzində 50 mindən çox dəfə bəyənilib və 3 min şərh alıb. Şərhlərin çoxunda onun qərarı alqışlanıb və bunun ABŞ-da valiydenlərin övladların anadan olması səbəbi ilə məzuniyyət götürməsi üçün müsbət bir mesaj olduğu bildirilib.

XS
SM
MD
LG