Accessibility links

Masallı sakinləri kütləvi ölüm aclığına başlayacaq - şikayətlərinə baxılmır


Masallı sakinləri mətbuat konfransı keçirir

Masallı sakinləri mətbuat konfransı keçirir

Sakinlər şikayətlərinə baxılmadığını bildirir

“Masallıda (Bakıdan 230 kilometr cənub) təzyiq və təhqir altında yaşamaqdan bezmişik. Yüzlərlə şikayətlər vermişik baxan yoxdur. Bu gün Prezident Administrasiyasında sonuncu dəfə şikayətlərimizi təqdim etdik. Bir ay ərzində şikayətlərimizin nəticəsi olmazsa kütləvi ölüm aclığına başlayacağıq. Qanunların imkan verdiyi bütün etiraz formalarından istifadə etməklə hüquqlarımızı müdafiə edəcəyik”. Bu bəyanatla martın 7-də bir qrup Masallı rayon sakininin keçirdiyi mətbuat konfransında Masallı Ziyalıları İctimai Birliyinin sədri Məmmədağa Eynullayev çıxış edib.

Mətbuat konfransında tənqidlərin əsas hədəfi rayon icra hakimiyyətinin başçısı Rafiq Hüseynov olub. Sakinlər ünvanlı sosial yardım, təhsil, yol tikintisi, torpaqların saxta sənədlərlə özəlləşdirilməsi, məmurların şikayətlərə biganə yanaşması, ümumi istifadə olan su hövzələrindən qanunsuz istifadə, qum və çınqıl yataqlarının qanunsuz istismarı, xəstəxanada rüşvət halları və digər çoxsaylı sahələrdən danışıb.

“Korrupsiya idarəsinə saxtakarlıqlarla bağlı 470 teleqram göndərmişik. Bütün instansiyalara şikayətlər etmişik, hər hansı nəticə yoxdur”, deyə Hüseynhacılı kənd sakini Yaqub Kazımlı qeyd edib.

Sakinlər icra hakimiyyəti başçısından sonra ən çox dövlət sosial müdafiə fondunun rayon şöbəsinin rəhbəri Nahid Şəmşirov və rayon icra hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini Nəsir Muxtarlı haqqında danışıb. “Keçmiş icra başçısı Qəzənfər Ağayevin rayonda 51 obyekti var idi. İndiki icra başçısı Rafiq Hüseynov isə 2 ildə 5-6 obyektə yiyələnib. Nahid Şəmşirov (sakinlər onun atasının Baş Prokurorluqda işlədiyini, əmisinin isə “Azəravtoyol”un rəhbəri Cavid Qurbanov olduğunu bildirib) pensiyaçıları qəbul etmir. Eyş işrətlə məşğuldur. Onun barəsində ölçü götürülməsə rayonda etirazlar qaçılmazdır. Aqrar məsələlər üzrə icra başçısının müavini Nəsir Muxtarlı isə hələ də badımcan şitilinin rəngini bilmir”, Ərəb kəndinin sakini Ramil Abdullayev rişxəndlə bildirib.

Yol tikintisinin bərbad vəziyyəti də sakinləri narahat edir. Prezidentin regionların inkişafı ilə bağlı imzaladığı dövlət proqramı Masallıda icra hakimiyyəti başçısının şəxsi proqramı kimi başa düşülür. “Bu proqram yalnız rayonların mərkəzi hissələrinə şamil edilir. Orada isə icra başçılarının obyektləri yerləşir. Bir də hər icra başçısı gələndə Heydər Əliyev muzeyini bir neçə metr böyütmək adı ilə yenidən tikir, icra hakimiyyətinin binasını söküb-qurur. Mərkəzdən kənardakı küçələr bərbad vəziyyətdədir”, M.Eynullayev bildirib.

Onun sözlərinə görə, yeni təmir edilən Masallı-Musaküçə avtomobil yolunun asfaltı cəmi 20 gündən sonra dağılıb.

Masallı Ziyalıları Birliyi 2011-2014-cü illərdə 10 mindən çox sakinə verilən ünvanlı sosial yardımlarla bağlı tədqiqat aparıb, ailələrlə sorğular keçirib. “Apardığımız tədqiqatlar göstərir ki, dövlətin vətəndaşlara verdiyi 10 milyonlarla vəsait mənimsənilib. Hətta elə adamlar var ki, neçə illərdir Rusiyada yaşayır, onların adına ünvanlı sosial yardımlar mənimsənilib. Orta hesabla ailələrə il ərzində cəmi 100-500 manat arasında pul verilib. Yəni çox şikayət edən çox alıb, şikayət etməyən almayıb. Bu korrupsiya halına hüquqi qiymət verilməlidir”, Ərkivan kənd sakini Şəmsəddin Mikayılov vurğulayıb.

Sakinlər konkret faktlarla məktəblərdəki rüşvətdən başlayaraq, mal oğrularının himayəçilərinə qədər çoxsaylı qanunsuzluqları medianın diqqətinə çatdırıb. Türkoba kənd sakini Bahadur Əsgərov 4 baş malının oğrularının yerli icra nümayəndəsi tərəfindən himayə edilməsindən, Boradigah kənd sakini Asif Bəyverdiyev məktəb direktorunun onu məcbur edərək bankdan kredit götürdüb 900 manat rüşvət almasından danışıb.

Ziyalılar ölkə prezidentinin Masallı sakinlərinin nümayəndələrini qəbul edib dinləməsini xahiş edir. “Biz dəfələrlə ölkə prezidentinə, Prezident Administrasiyasına, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Baş Prokuror yanında Korrupsiyaya qarçı Mübarizə İdarəsinə rayondakı qanun pozuntuları, korrupsiya və rüşvət halları ilə bağlı müraciətlər etmişik. Ancaq hər hansı nəticəsi yoxdur. Nazir Səlim Müslümov Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin yerli nümayəndəsini vəzifəsindən azad etdi. Lakin o dərhal digər qurumun regional idarəsinə rəhbər təyin edildi. Camaat belə nəticə çıxarır ki, daha çox rüşvət almasan daha yüksək vəzifəyə təyin edilməzsən”, deyə Şəmsəddin Mikayılov bildirib.
XS
SM
MD
LG