Accessibility links

Maşallah Rəzmi: Fransızların çoxu deyir ki, təhlükəsizlik olmasa azadlıqlar da olmaz


Parisdə keçən həftə terror aksiyalarından sonra Fransa parlamenti ölkədə fövqəladə vəziyyətin daha üç ay müddətinə uzadılmasına səs verib. Fransa hökuməti bunu təhlükəsizliyin gücləndirilməsinə ehtiyacla izah edib. Parlamentin bu addımı hüquq müdafiəçiləri tərəfindən tənqid edilib. Terror aksiyalarından sonra təhlükəsizlik və vətəndaş azadlıqları arasında balans məsələsi ətrafında müzakirələr gedir. Parisdə yaşayan jurnalist və təhlilçi Maşallah Rəzmi Amerikanın Səsinə müsahibədə Fransa paytaxtında əhval-ruhiyyə, gənclərin radikal ideyalara cəlb olunmasının səbəbləri və cəmiyyətdə miqrantlara mühasibətdən danışıb.

Fransa rəsmiləri Parisin Sen-Deni rayonunda əməliyyatlardan sonra keçən həftə hücumların təşkilatçılarından biri olan Əbdülhəmid Əbaudun öldüyünü təsdiq edib. Maşallah Rəzminin sözlərinə görə, terror aksiyalarının arxasında olan şəxsin ölüm xəbərinə qədər şəhər sakinləri yeni mümkün hücum təhlükəsindən ehtiyat edirdi. Lakin bu xəbərdən sonra əvvəl küçələrə çıxmaqdan ehtiyat edən insanlarda qorxu hissinin azaldığını demək olar.

"Son 10 ildə gənclər arasında radikal islamın təsiri çox artıb. Bunun nəticəsi olaraq ərəb əsilli, lakin Fransada anadan olub boya-başa çatan gənclər arasında Suriyaya və İraqa gedənlərin sayı artıb”

Terror hadisələri Avropa ölkələri arasında ən çox müsəlman əhalinin yaşadığı Fransada müsəlmanlara münasibətin dəyişməsinə yol açıbmı?

Maşallah Rəzmi Parisdə yaşayan müsəlmanların əsas məskunlaşdığı Sen-Deni rayonunun sosial-iqtisadi problemləri və gənclərin radikal islamın təsirinə məruz qaldığını qeyd edib. “Burada işsizlik səviyyəsi yuxarıdır. Bir neçə il bundan əvvəl ərəb ölkələrindən buradakı məscidlərə imamlar göndərirdilər və onlar məscidlərdə gəncləri yığıb onlarda nifrət hisslərini aşılayırdılar. Son 10 ildə gənclər arasında radikal islamın təsiri çox artıb. Bunun nəticəsi olaraq ərəb əsilli, lakin Fransada anadan olub boya-başa çatan gənclər arasında Suriyaya və İraqa gedənlərin sayı artıb.”

Maşallah Rəzminin sözlərinə görə, gənclər arasında radikallaşma yerli sakinlər arasında qanunsuz məscidlərin bağlanması çağırışlarının səslənməsinə gətirib çıxarıb. O deyib ki, bu çağırışlar rəsmi dini müəssisələrə aid deyil. Lakin ifrat sağçı qruplar hətta müsəlmanlara aid restoranların bağlanmasına və imamların ölkədən çıxarılmasına çağırıb. “Bu son terror hadisələri fransızlar arasında ərəb müsəlmanlara münasibətdə bir qədər dəyişməsinə və insanlar arasında narazılığa səbəb olub.”

“Fransa Malidə, Mərkəzi Afrikada, Nigeriyada, Suriyada və İraqda terrorizmə qarşı mübarizə aparır. Ərəblərin baxışında bu, Fransa dövlətinin xristian-müsəlman davası aparmasıdır. Bu da ona səbəb olub ki müsəlmanlar Fransa dövlətinə öz dövlətləri kimi deyil, başqa gözlə baxırlar.”

Maşallah Rəzmi gənclərin radikal ideyaların meyl göstərməsinin səbəblərini iqtisadi imkanların məhdud olması ilə izah edir. Onun sözlərinə görə, Fransa hökuməti də bunun səbəblərini öyrənib bunun qarşısının alınması yollarını müzakirə edir. Digər tərəfdən, o müsəlmanların Fransanın terrorizmə qarşı mübarizə səylərinı münasibətinin burada rolnu qeyd edib. “Fransa Malidə, Mərkəzi Afrikada, Nigeriyada, Suriyada və İraqda terrorizmə qarşı mübarizə aparır. Ərəblərin baxışında bu, Fransa dövlətinin xristian-müsəlman davası aparmasıdır. Bu da ona səbəb olub ki müsəlmanlar Fransa dövlətinə öz dövlətləri kimi deyil, başqa gözlə baxsınlar.”

Maşallah Rəzmi ictimai yerlərdə qadınların hicab örtməsinə icazə verilməməsinin də müsəlmanlar tərəfindən onlara qarşı təzyiq kimi qəbul edildiyini bildirib. “Bununla Fransanın islam əleyhinə bir dövlət kimi qəbul edilməsi kimi fikir formalaşmağa başladı və bu, müsəlmanlarla franzıslar arasında bir uçurumun yaranmasına gətirib çıxardı.”

O, təhsil və iqtisadi imkanlardan məhrum olan insanların cəmiyyətə inteqrasiya ola bilmədiyini və nəticədə terror qruplarına qoşulub cəmiyyətin təhlükəsizliyinə hədə törətmək yolunu seçdiyini qeyd edib.

“Fransızların 80 faizi deyir ki, bizim təhlükəsizliyimiz azadlığımızdan daha mühümdür. Təhlükəsizlik olmasa, azadlıq da olmaz.

Maşallah Rəzmi bildirib ki, Parisdə son terror aksiyaları cəmiyyətdə təhlükəsizlik və azadlıqlar arasında balans məsələsi və yeni terror qanununun qəbul edilməsinin müzakirəsinə yol açıb. “Fransızların 80 faizi deyir ki, bizim təhlükəsizliyimiz azadlığımızdan daha mühümdür. Təhlükəsizlik olmasa, azadlıq da olmaz. Beləliklə, dövlətə gələn üç ay təhlükəsizliyin gücləndirilməsi müqabilində bəzi azadlıqları məhdudlaşdırmasına icazə verirlər.”

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG