Accessibility links

Azərbaycanda matəm günüdür [Video] (Fotolar)


Azərbaycanda matəm günüdür.

İlham Əliyev Şəhidlər Xiyabanında

İlham Əliyev Şəhidlər Xiyabanında

1990-cı il yanvarın 20-də keçmiş Sovet Ordusunun Azərbaycanda dinc əhalini kütləvi qətlə yetirməsindən 27 il keçir.

Bu gün yanvarın 20-də on minlərlə insan şəhid olanların xatirəsini anmaq üçün Şəhidlər Xiyabanına gəlib. Anım mərasimində ölkə prezidenti İlham Əliyev, Milli Məclisin deputatları, hökumət üzvləri, diplomatik korpusların rəhbərləri və digər rəsmi şəxslər iştirak edib. Azərbaycan müxalifəti də ayrı-ayrı qruplar şəklində Şəhidlər Xiyabanını ziyarət edib.

20 Yanvar-1990-cı il

20 Yanvar-1990-cı il

Matəm günü münasibəti ilə ölkə ərazisində dövlət bayraqları endirilib, məscidlərdə “qara yanvar” qurbanlarının xatirəsi anılıb, teleradioların efirində əyləncəli verilişlər yoxdur. Məktəblərdə dərslər 20 yanvar hadisələrinə həsr edilib, muzeylərdə, kitabxanalarda, əksər ictimai yerlərdə bu mövzuda sərgilər açılıb.

Bakı metropolitenində matəm musiqisi çalınır, stansiyalarda və eskalatorlarda qırmızı qərənfillər düzülüb.

REAL Hərəkatı Şəhidlər Xiyabanında

REAL Hərəkatı Şəhidlər Xiyabanında

Bakı vaxtı ilə saat 12-də ölkə ərazisində bir dəqiqəlik hərəkət dayandırılıb, gəmilər, qatarlar fit çalıb.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə o zamankı SSRİ rəhbərliyinin göstərişi ilə Bakıya 35 minlik ordu yeridilib. Aksiyada məqsəd Azərbaycanda kommunist rejimini xilas etmək və milli-azadlıq hərəkatını boğmaq idi. Əməliyyat keçmiş SSRİ Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Komitəsi (DTK) tərəfindən hazırlanaraq həyata keçirilib və “Zərbə” adlanıb. Əməliyyatda əsas rolu “ALFA” xüsusi təyinatlı qrup və SSRİ DTK-nın təxribat qrupları oynayıb.

20 Yanvar şəhidlərinin xatirəsi anılır

20 Yanvar şəhidlərinin xatirəsi anılır

Bakının işğalı nəticəsində 137 nəfər öldürülüb, 700-dək insan yaralanıb, 800-dən çox adam həbs edilib.

Yanvar faciəsinə görə indiyədək nə keçmiş SSRİ rəhbərlərindən, nə də Azərbaycan rəhbərlərindən heç kim məsuliyyətə cəlb olunmayıb.

1992-ci il yanvarın 14-də Azərbaycan Baş Prokurorluğu o zamankı Cinayət Məcəlləsinin bir neçə maddəsi üzrə cinayət işi qaldırıb: 94 (ağırlaşdırıcı şəraitdə qəsdən adam öldürmə), 149 (əmlakın qəsdən məhv edilməsi), 168 (hakimiyyət və vəzifə səlahiyyətini aşma), 255 (hakimiyyətdən istifadə etmə və aşma).

Şəhidlər Xiyabanı

Şəhidlər Xiyabanı

Azərbaycan partlamenti yanvar hadisələrinə siyasi-hüquqi qiymət verib. Buna görə məsuliyyət Mixail Qorbaçov da daxil olmaqla, SSRİ-nin keçmiş rəhbərlərinin, həmçinin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Əbdürrəhman Vəzirovun, Nazirlər Sovetinin sədri Ayaz Mütəllibovun üzərinə düşüb.

Azərbaycan Baş Prokurorluğu bir neçə il əvvəl bildirib ki, ilkin istintaq aparan SSRİ Baş Prokurorluğu hesab edib ki, hərbçilərin hərəkətlərində cinayət tərkibi yoxdur və cinayət işini bağlayıb. İş üzrə materialların, həmçinin ittiham olunan şəxslərin Azərbaycana verilməsi ilə bağlı Rusiyanın hüquq-mühafizə orqanlarına sorğu göndərilib. Lakin Rusiya tərəfi buna cavab verməyib.

Milli Şura Şəhidlər Xiyabanında

Milli Şura Şəhidlər Xiyabanında

Azərbaycanın müxalifət nümayəndələri vaxtaşırı bəyan edirlər ki, yanvar faciəsində günahkar olanlar indi də hakimiyyətdədir. Əsasən qeyd olunur ki, qoşunların gətirilməsi xahişi ilə Moskvaya göndərilən teleqramları o zaman baş nazirin müavini və indiki baş nazir imzalayıb. Amma baş nazir bu ittihamlara cavab verməyib.

XS
SM
MD
LG