Accessibility links

Senator Con Makkeyn:İrandakı repressiv rejim dəyişməlidir


Senator Con Makkeyn:İrandakı repressiv rejim dəyişməlidir
Senator Con Makkeyn:İrandakı repressiv rejim dəyişməlidir

Arizona ştatından respublikaçı senator bu açıqlamaları Amerikanın səsinə müsahibə zamanı verib

ABŞ senatoru Con Makkeyn Birləşmiş Ştatların İranda nümayişçilərə dəstək verməli olduğunu deyib. Senatorun sözlərinə görə, repressiv rejim dəyişməlidir.

Arizona ştatından respublikaçı senator bu açıqlamaları Amerikanın səsinə müsahibə zamanı verib.

Con Makkeyn Misir və Tunisdə baş verən hadisələr zamanı ordu və hərbi qüvvələrin nümayişçilərə qarşı repressiyaya yol vermədiyini qeyd edib. O, İranda vəziyyətin fərqli olduğunu əlavə edib.

ABŞ-ın regionda müttəfiqlərlə münasibətlərinin bugünkü durumunu şərh edərək, senator deyib ki, Obama administrasiyası hakimiyyətə gəldikdə özünü Buş administrasiyasından tamamilə fərqləndirməyə çalışaraq, prezident Buşun demokratiya proqramına yalnız hərbi yolla müdaxilə kimi baxıb.

“Buna görə də Tehran küçələrində nümayişçilərə kifayət qədər dəstək olmayıb. Əslində biz onlardan üz döndərmişik və mən hesab edirəm ki, buna heç cür bəraət qazandırmaq olmaz. Prezident hətta bu günün özündə də İranda rejim dəyişikliyinə çağırmır. Nə üçün? Bu, repressiv, qəddar bir rejimdir. İran parlamentində nümayişçilərin edam edilməsilə bağlı müzakirələrə baxsanız, bu, qəbuledilməzdir. Amerika Birləşmiş Ştatlarının prezidenti azadlığı müdafiə etməlidir. Bu da İranda rejim dəyişikliyi deməkdir.”

İranda uzun zamandır rejim dəyişikliyinə çağırdığını bildirən senator Makkeyn deyib ki, buna Dəmir Pərdəni götürmək üçün istifadə edilən yolla nail olmaq olar.

“İnsanlara kömək onlarla əlaqə saxlamaq və dəstək vermək deməkdir. Lex Valesa və Qdanskda fəhlələrə verdiyimiz o zamankı mətbuat bu gün Twitter-lə əvəz olunub. Bu da insanların Misirdə olduğu kimi təşkil oluna bilməsi üçün onlar arasında əlaqənin yaradılması deməkdir. Onların bir-biri ilə əlaqə yarada bilməsi üçün bizim azadlıq və demokratiyaya dəstəyimiz və səylərimiz nəticədə müvəffəq olacaq.”

ABŞ-ın konkret olaraq nə etmək istədiyi haqda sualı cavablandıran Con Makkeyn diqqəti yenə də Misir və İran arasında fərqə çəkərək, Misir ordusunun nümayişləri boğmadığını bildirib.

“Bütün dünya Tehranda küçədə qan içində ölən Neda adlı qızı gördü. ABŞ-ın konkret addımlarına gəldikdə, biz internetin və kommunikasiya vasitələrinin bağlanmasının qarşısını almaq üçün yollar tapmalı və texnologiyalar inkişaf etdirməliyik. Bu, kibernetik müharibəyə bənzər bir vəziyyətdir. Fikrimcə, insanların bir-biri ilə əlaqə saxlamasına qoyulan məhdudiyylətləri aradan qaldırmaq üçün texnologiya üzərində işləməliyik və bunu etmək üçün araşdırma aparıb maliyyə vəsaiti tapmalıyıq.

Senator Makkeyn İranda rejimin nümayişlərin davam etdirilməsi yolu ilə dəyişdirilə bilməsinin mümkünlüyü haqda sualı cavablandıraraq deyib ki, hökumət media və bütün vasitələrə nəzarət edir və o hesab edir ki, dinc nümayişlər insanlar üçün yeganə yoldur.

“Lakin Birləşmiş Ştatlar nümayişçilərə dəstək göstərməlidir. Fikrimcə, bizim son illər yol verdiyimiz ən böyük səhv ondan ibarət idi ki, prezident Obama İran hökuməti ilə danışıqlar apara biləcəyi ümidi ilə arxasını nümayişçilərə çevirmişdi. Bu, Amerikanın xarakteri deyil. Bu, bizim hamımızın bərabər hüquqlarla yarandığımız haqda Deklarasiyada deyilənlər deyil.”

Senator Makkeyn deyib ki, Tehran və İranın başqa şəhərlərində nümayişlərin miqyası onu təəccübləndirib. O bildirib ki, İran həbsxanalarında baş verənləri nəzərə aldıqda bu insanlar böyük şüacət nümayiş etdirir. Eyni zamanda o, İran rejiminin nümayişçiləri qəddarcasına dağıtmasına görə dərin narazılığını ifadə edib.

Senator Makkeyn İrana qarşı sanksiyaların təsiri barədə də danışıb. O, sanskiyaların İran iqtisadiyyatına zərər vurduğunu qeyd edib.Lakin senatorun sözlərinə görə, sankiyalar İran hökumətinə xalqla rəftarını dəyişməsi və nüvə silahı yolundan çəkilməsi istiqamətində ciddi təsir göstərə bilməyib.

Con Makkeyn İranla yaxın zamanda müharibə olacağına inanmadığını bildirib. Lakin əlavə edib ki, İran nüvə silahı əldə etsə, bu, Yaxın Şərqdə daha bir böhranın yaranmasına gətirib çıxaracaq.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG