Accessibility links

Media Hüququ İnstitutu: "Tofiq Yaqublunun vəkillə görüşünə icazə verilməyib"


Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublu

Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublu

Media Hüququ İnstitutu (MHİ) Bakı İstintaq Təcridxanasında saxlanan “Yeni Müsavat” qəzetinin yazarı Tofiq Yaqublunun vəkilləri Rəşid Hacılı və Elçin Sadıqovla görüşməsinə şərait yaradılmamasını pisləyən bəyabatla çıxış edib.

Amerikanın Səsi MHİ-nin veb səhifəsinə istinadən bildirir ki, institut jurnalistin, eləcə də onun vəkillərinin hüquqlarının pozulmasının qarşısının alınmasını, müdafiə hüququnun səmərəli həyata keçirilə bilməsi üçün normal şərait yaradılmasını tələb edir. İnstitutun veb səhifəsində dərc edilən bəyanatda deyilir:

"Jurnalist Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılır. Media Hüququ İnstitutunun jurnalistin hüquqlarını müdafiə edən vəkilləri Rəşid Hacılı və Elçin Sadıqov fevralın 9-da Tofiq Yaqublu ilə görüşə buraxılmayıblar. Təcridxana rəhbərliyi görüşə şərait yaradılmamasını prokurorluğun göstərişi ilə izah edib.
Media Hüququ İnstitutu təqsirləndirilən jurnalistin vəkilləri ilə görüşməsinə imkan verilməməsinin çox ciddi qanun pozuntusu olduğunu vurğulayır. Azərbaycan Respublikasının cinayət prosessual qanunvericiliyi görüşlərin sayına və müddətinə heç bir məhdudlaşdırma qoymadan vəkillərə müdafiə etdikləri şəxslərlə təklikdə görüşmək, konfidensial ünsiyyət qurmaq hüququ verir. Cəzaçəkmə müəssisələrinin daxili intizam qaydalarına görə, hüquqi yardım almaq üçün məhkumların özlərinin, yaxın qohumlarının və ya onların qanuni nümayəndələrinin ərizəsinə əsasən məhkumlara vəkillərlə görüş verilməlidir. Bu görüşlərin sayı və müddəti məhdudlaşdırılmamalıdır. Şəxsiyyətini və səlahiyyətlərini təsdiq edən sənədi təqdim etmiş vəkillərin cəzaçəkmə müəssisəsinə daxil olması, müvəkkillləri ilə görüşü təmin olunmalıdır.
MHİ vəkil Rəşid Hacılı və Elçin Sadıqovun jurnalist müvəkkilləri ilə görüşməsinə imkan verilməməsindən hədsiz narahatlığını vurğulayır. Hüquqi yardıma, məsləhətə ehtiyacı olan jurnalistin vəkilləri ilə görüşməsinə imkan verilməməsi onların səmərəli müdafiə hüququna ciddi müdaxilə təşkil edir. Media Hüququ İnstitutu əlaqəli hüquq mühafizə qurumlarını jurnalistin vəkilləri ilə görüşməsinə şərait yaratmağa, jurnalistin hüquqlarının təmin olunması üçün təcili addımlar atmağa çağırır".
XS
SM
MD
LG