Accessibility links

Xədicə İsmayılın vəkili cəzaçəkmə müəssisəsini məhkəməyə verib


Yalçın İmanov

Yalçın İmanov

Həbsdə olan araşdırmaçı jurnalist, Azadlıq Radiosunun əməkdaşı Xədicə İsmayılın vəkilləri, onların üzərində olan sənəd və əlyazmalar 4 saylı cəzaçəkmə müəssisəsinin giriş-çıxışında davamlı olaraq axtarışa məruz qalır.

Bunu müdafiə hüququnun pozuntusu sayan vəkillər məhkəməyə müraciət ediblər.

Bu haqda Azadlıq Radiosuna X.İsmayılın vəkillərindən Yalçın İmanov xəbər verib.

Vəkilin bildirdiyinə görə, jurnalistə, onun vəkillərinə qarşı yol verilən belə davranış onların müdafiə hüququnu pozur. Buna görə də Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsindən məhkəmə nəzarəti qaydasında şikayət ediblər.

"Vəkillər daim axtarışa məruz qalırlar. Xədicə xanım vəkillərlə görüşə gələrkən də davamlı axtarışa məruz qalır.

Belə rəftar yalnız Xədicə İsmayıl və onun vəkillərinə münasibətdə tətbiq olunur.

Məhkəmədən istəyimiz bu davranışların müdafiə hüququnun pozuntusu kimi tanınmasıdır. Bundan əlavə dəymiş maddi və mənəvi ziyana görə, təzminat məsələsi də qaldırılıb. Şikayət məhkəmə nəzarəti qaydasında verilib. Müraciətimiz Xətai Məhkəməsində hakimi İbrahim İbrahimlinin icraatına verilib” - deyən vəkil şikayətə mayın 11-də baxılacağını bildirib.

Xədicə İsmayıl iqtisadi ittihamlarla 7 il yarım həbs cəzasına məhkum edilib. Jurnalist ittihamları rədd edir, həbsinin peşə fəaliyyəti ilə bağlı olduğunu deyir.

“Amnesty International” Xədicə İsmayılı vicdan məhbusu elan edib. Hökumət isə ölkədə siyasi və ya vicdan məhbusunun olmadığını deyir.

XS
SM
MD
LG