Accessibility links

Vəkillər jurnalistin təqsirsizlik prezumpsiyasının pozulduğunu bildirir


 Vəkil Fuad Ağayev
Vəkil Fuad Ağayev

Baş Prokurorluq və Milli Təhlükəsizlik Nazirliyinin casusluqda ittiham olunan jurnalist Rauf Mirqədirovla bağlı birgə yaydığı bəyanata onun vəkilləri Fuad Ağayev və Elmar Süleymanov münasibət bildirib.

​Vəkil Elmar Süleymanov Amerikanın Səsinə bildirib ki, məlumatı Rauf Mirqədirovun təqsirsizlik prezumpsiyasının pozulması kimi qiymətləndirir.

Vəkillərin bəyanatında deyilir:

Adətən Avropa Məhkəməsinin bu kimi qərarları həmin məhkəmənin yurisdiksiyasını qəbul etmiş dövlətlərdə oxşar pozuntuların gələcəkdə baş verməsinin qarşısını alır.

Əfsuslar olsun ki, bu, Azərbaycana aid deyildir. Buna bariz misal kimi Azərbaycan Baş Prokurorluğu və Milli Təhlükəsizlik Nazirliyinin Rauf Mirqədirovla bağlı dünən axşam yaydığı birgə məlumatı göstərmək olar.

Rauf Mirqədirovu birmənalı olaraq ağır cinayət törətmiş şəxs kimi təqdim edən bəyanat müəllifləri əslində özlərini ifşa etmiş, müdafiə tərəfinin, şəxsən R.Mirqədirovun əvvəlcədən söylədiyi versiyanın həqiqiliyini təsbit etmişlər.

Azərbaycan Baş Prokurorluğu və Milli Təhlükəsizlik Nazirliyinin sözügedən birgə məlumatının R.Mirqədirovun hüquqlarını, o cümlədən təqsirsizlik prezumpsiyası hüququnu kobud şəkildə pozması və ictimaiyyəti yanıltma cəhdi, gələcəkdə işə baxmalı olan məhkəmələr üçün əmr səciyyəsi daşımasını nəzərə alaraq, adıçəkilən qurumların bu qanunsuz aksiyasına cavab kimi R.Mirqədirovun müdafiəçiləri aşağıdakıları bəyan edirlər:

1. Baş Prokurorluğun sübut kimi qələmə verdiyi diskləri «Samvel» adlı şəxsin verməsi, müdafiə tərəfinin o versiyasını təsdiq edir ki, bu, Ermənistan xüsusi xidmətlərinin məqsədyönlü əməliyyatı olmuş və Dağlıq Qarabaq, Azərbaycan – Ermənistan mövzusunda ölkəmizin maraqlarını layiqincə təsvir və təmsil edən R.Mirqədirovun jurnalist və politoloq fəaliyyətinin qarşısının alınmasına yönəlmişdir.

2. Sözügedən məlumata görə, Ermənistan xüsusi xidmətləri əvvəl R.Mirqədirovu ələ alıblar, sonra isə Azərbaycan hüquq mühafizə orqanlarına məlumat göndərməklə qiymətli «məxfi əməkdaşı» sıradan çıxarıblar. Bu, R.Mirqədirovu komprometasiya (gözdən salma) əməliyyatı deyilsə, belə çıxır ki, Ermənistan xüsusi xidmətləri ölkəmizin müvafiq qurumları ilə sıx əməkdaşlıqdadırlar.

3. Rauf Mirqədirovun Tbilisidə Laura Baqdasaryan və adını xatırlamadağı (prokurorluğun isə Araik Şirvanyan kimi təqdim etdiyi) şəxslə görüşünə gəlincə, 5 il yarım bundan əvvəl belə bir görüş olmuşdur və R.Mirqədirov həmin görüşdə Ermənistan deyil, Qərbi Avropa institutlarından birinin Cənubi Qafqaz üzrə layihəsində iştiraka ilkin razılıq vermiş, bu barədə müqavilə imzalamışdır. Prokurorluğun məntiqi ilə götürsək, bu nəticəyə gələrik ki, beynəlxalq qrant layihələri ilə bağlı hər hansı danışıqların aparılması yolverilməzdir və casusluq kimi qiymətləndirilə bilər.

4. Məlumatda göstərilmişdir ki, Azərbaycan xüsusi xidmət orqanları da Laura Baqdasaryanın rəhbərlik etdiyi “Region” Tədqiqat Mərkəzi 2008-ci ildən (!!!) başlayaraq çoxsaylı Azərbaycan Respublikası vətəndaşlarını kəşfiyyat-pozuculuq fəaliyyətinə cəlb etmək məqsədi güdmüşdür. Xüsusi xidmət orqanlarının ən mühüm vəzifələrindən biri düşmən dövlətlərin Azərbaycan ərazisindəki dağıdıcılıq fəaliyyətinin qarşısını almaq olduğu halda, bunu bilən müvafiq yerli orqanlar hansı səbəbdən indiyə kimi heç bir tədbir görməmiş, insanları məlumatlandırmamışlar?

5. ”Fridrix Nauman” Fondunun 2008-ci ildə Türkiyədə təşkil etdiyi konfransla bağlı da faktları təhrif edən məlumat müəlliflərinin onlarla şəxslə yanaşı David Şahnazaryanın konfransda iştirak etməsini Rauf Mirqədirovun qanunsuz fəaliyyəti kimi təqdim etmək gülüncdür. Rauf Mirqədirovun Dağlıq Qarabağ probleminin həlli perspektivləri ilə bağlı David Şahnazaryanın məhz hansı fikirləri ilə razılaşdığını bildirməyən prokurorluq unudur ki, D.Şahnazaryan hələ 20 il bundan əvvəl Ağdam, Qubadlı, Zəngilan, Kəlbəcər və s., yəni Dağlıq Qarabağ ərazisinə daxil olmayan rayonların azad edilməsi tərəfdarı olmuşdur.

6. O ki qaldı dövlət və hərbi sirr təşkil edən hərbi hissələrin, aerodrom və sair strateji əhəmiyyətli dövlət obyektlərinin yerlərinin təsvir olunduğu sxem, fotoşəkillərə, bu da həqiqətdən tamamilə uzaq bir iddiadır! R.Mirqədirovun sərəncamında nə hərbi peyklər, nə də AVAKS sistemi olmamışdır. Qalan iddialar ilə bağlı R.Mirqədirovun məqalələrini oxumaq kifayətdir. O hər bir səfəri ilə bağlı geniş məqalələr yazaraq, təəssuratlarını oxucularla bölüşmüşdür.

7. Beləliklə, adıçəkilən məlumatı hərfi başa düşsək, R.Mirqədirova münasibətdə Ermənistan və Azərbaycan hüquq mühafizə orqanlarının mövqeyi üst-üstə düşür. Əslində isə R.Mirqədirovun həbsi və xüsusilə ağır cinayətdə təqsirləndirilməsi, onun region mediasından bu yolla uzaqlaşdırılması Ermənistan xüsusi xidmətlərinin uğurlu əməliyyatı kimi qiymətləndirilməlidir.

XS
SM
MD
LG