Accessibility links

Apellyasiya məhkəməsi Seymur Həzini həbsdə saxlayıb


Seymur Həzi
Seymur Həzi

Məhkəmədə Seymur Həzi iştirak etməyib

Sentyabrın 12-də Sumqayıt Apellyasiya Məhkəməsində “Azərbaycan saatı” proqramının aparıcısı, AXCP fəalı Seymur Həzinin apellyasiya şikayətinə baxılıb.

Vəkil Elton Quliyev Amerikanın Səsinə bildirib ki, məhkəmə jurnalistin apellyasiya şikayətini təmin etməyib.

Vəkil onu da deyib ki, məhkəmədə Seymur Həzi iştirak etməyib.

Bununla da Abşeron Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Abşeron Rayon Polis Şöbəsinin istintaq bölməsində Seymur Həziyə Cinayət Məcəlləsinin 221.3-cü (Silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb. Avqustun 30-da barəsində həbs-qətimkan tədbiri seçilib.

Avqustun 29-da Abşeron rayonunun Ceyranbatan qəsəbəsində Seymur Həzinin Bakı şəhər sakini Məhərrəm Həsənovla davası düşüb.

Abşeron Rayon Polis Şöbəsi və Abşeron Rayon Prokurorluğunun birgə məlumatına görə, Seymur Həzi Məhərrəm Həsənovun başına su şüşəsi ilə zərbə endirib, yumruq və təpiklə sifət nahiyəsinə vuraraq ona bədən xəsarətləri yetirib.

221.1-ci maddəyə əsasən, Məhərrəm Həsənova üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası düşür.

Seymur Həzinin ittiham olunduğu 221.3-cü maddənin sanksiyası isə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmədir.

AXCP Seymur Həzinin siyasi fəaliyyətinə görə təxribatla üzləşdiyini və həbs edildiyini bildirib. Seymur Həzi də ittihamı qəbul etmir.

XS
SM
MD
LG