Accessibility links

Sərhədsiz Reportyorlar: Seymur Həzi dərhal azad edilməlidir


Sərhədsiz Reportyorlar

Sərhədsiz Reportyorlar

Azərbaycan “Sərhədsiz Reportyorlar”ın tərtib etdiyi Azadlıq İndeksində 180 ölkə arasında 160-cı yeri tutur

“Azadlıq” qəzetinin icmalçısı Seymur Həzi dərhal azad edilməlidir. Bu tələb “Sərhədsiz Reportyorlar” beynəlxalq hüquq müdafiə təşkilatının bəyanatında yer alıb.

Azərbaycan “Sərhədsiz Reportyorlar”ın tərtib etdiyi Azadlıq İndeksində 180 ölkə arasında 160-cı yeri tutur. Hazırda ölkənin müstəqil mətbuatı və vətəndaş cəmiyyəti hakimiyyətin görünməmiş təzyiqlərinə məruz qalır.

Sentyabrın 5-də Amerikanın medianın inkişafına dəstək verən İREX qeyri-hökumət təşkilatının Bakı ofisində axtarış aparılıb. Prokurorluq İREX-in avadanlıqlarını və sənədlərini müsadirə edib, ölkənin 40-a yaxın QHT-si kimi, təşkilatın bank hesabları da dondurulub.

Bir neçə QHT lideri həbs edilib, digərləri ölkəni tərk etmək və ya fəaliyyətinə son qoymaq məcburiyyətində qalıb.

Hakimiyyət jurnalistləri və vətəndaş fəallarını susdurmağa müvəffəq olmadıqda isə onların ailələrini təqib etməyə başlayır. Çox vaxt fəalları susdurmaq üçün şantajdan istifadə olunur, deyə bəyanatda qeyd edilir.

Belə ki, bir müddət əvvəl “Azadlıq” qəzetinin müxbiri Natiq Ədilovun qardaşı Murad Ədilov narkotik saxlamaq ittihamı ilə həbs edilib. Sentyabrın 8-də Natiq Ədilovun özünün ölkədən çıxışı qadağan edilib. Bu zaman ona 2020-ci ilə qədər müddəti olan pasportunun “etibarlılıq müddətinin bitdiyini” bildiriblər.

"Bütün bu təqib və təzyiqlər avqustun 29-da Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin KİV-dən əsas işlərinin vətənpərvərlik və hakimiyyətə loyallıq olmasını tələb etməsindən sonra daha da güclənib. Hakimiyyətin siyasətini tənqid etmək “anti-Azərbaycan şəbəkəsinin” və “düşmən qüvvələrin” fəaliyyətidir.

Bu zaman Mehdiyev “Azadlıq” qəzetini və “Azadlıq” radiosunun Azərbaycan xidmətini xüsusilə vurğulayıb", bəyanatda qeyd olunur.

XS
SM
MD
LG