Accessibility links

Elçin Şıxlı: Hökumət media ilə bağlı beynəlxalq ictimaiyyətin platformasına gəlməlidir [Video-Müsahibə]


Azərbaycan Jurnalistlər İttifaqının sədri Elçin Şıxlı Amerikanın Səsinə müsahibəsində ölkədə media azadlığının durumu, jurnalistlərin həbsi, təzyiqlər və vəziyyətdən çıxış yollarından danışıb.

Amerikanın Səsi: 2014-cü ilin yekunlarına görə Azərbaycanda medianın durumunu necə qiymətləndirirsiniz? Söz azadlığının vəziyyəti necədir?

Çünki Azərbaycanda ancaq kiçik söz azadlığına riayət etmək istəyən adacıqlar qalıb.

Elçin Şıxlı: Mən bu suala o qədər də obyektiv cavab verə bilməyəcəm. Çünki 2014-cü il, bu baxımdan mənim üçün çox pis bir il oldu. Rauf Mirqədirov həbsə alındı, qəzet iqtisadi çətinliklərlə üzləşdi (baş redaktoru olduğu Zerkalo qəzetini nəzərdə tutur-müəllif) və nəhayət 24 illik zəhmət boşa getdi, qəzeti dayandırmalı olduq. Yəni mənim 24 il bu sahədə çəkdiyim zəhmət heç oldu. Ona görə mənim üçün medianın durumu faciəvidir. O ki, qaldı söz azadlığına, eyni vəziyyəti buna da şamil edirəm. Çünki Azərbaycanda ancaq kiçik söz azadlığına riayət etmək istəyən adacıqlar qalıb. O adacıqlar da günü-gündən ümmanın içində batıb getməkdədir.

Amerikanın Səsi: Jurnalistlərə qarşı insidentlər, o cümlədən Elmar Hüseynov, Rafiq Tağının qətli ilə bağlı cinayət işlərində hər hansı bir irəliləyiş yoxdur. Jurnalistlərin hüquqlarının qorunması baxımından hökumət 2015-ci ildə hansı işləri görməlidir?

Mənim ən böyük istəklərimdən biri, bəlkə də ən böyüyü Rauf Mirqədirovun istintaq tərəfindən bəraət verilərək azadlığa buraxılmasıdır.

Elçin Şıxlı: Özünüz də söylədiniz ki, bir xeyli jurnalist hazırda həbsdədir. Bu baxımdan 2005-ci ildə qətlə yetirilmiş Elmar Hüseynov və ondan bir neçə il sonra qətlə yetirilmiş Rafiq Tağının işlərinin araşdırılması və onların qatillərinin üzə çıxarılması haqqında danışmaq, mənə elə gəlir ki, yersizdir. Ona görə ki, biz bu saat hələ salamat olan, lakin məhbəsdə olanların azadlığa buraxılması üçün çalışmalıyıq. Elə etməliyik ki, həbsə düşəcək jurnalistlər daha olmasın. Əgər, biz buna nail ola biləcəyiksə, hesab edin ki, bu xeyli irəliləyiş olacaq. Həbsdəkiləri azadlığa çıxarmağa nail olmaq və bir də həbslərin olmamağına çalışmaq. İndi, düzdü gözü aydın olsun Əvəz Zeynallı həbsdən azad olundu. Mənim ən böyük istəklərimdən biri, bəlkə də ən böyüyü Rauf Mirqədirovun istintaq tərəfindən bəraət verilərək azadlığa buraxılmasıdır. Çünki Raufun hələ məhkəməsi olmayıb.

Amerikanın Səsi: Beynəlxalq təşkilatlar ölkədə tənqidi səslərin susdurulduğunu bildirir. Azərbaycan hökuməti isə ölkənin azad media məkanı olduğunu deyir. Sizin fikriniz?

Elçin Şıxlı: Deməli, beynəlxalq təşkilatlar söz azadlığının daraldığını, pis vəziyyətdə olduğunu söyləyir. Azərbaycan hakimiyyətinin nümayəndələri isə bunun tam əksini söyləyir. Bu yaxınlarda bir mükaliməm oldu, söhbət faktdan gedirdi. Mənə müxaliflik edən ailə üzvlərim dedilər ki, fakt olsa da faktı müxtəlif istiqamətlərdə yozmaq olar. Bu baxımdan Azərbaycan hakimiyyətinin nümayəndələri görünür öz aləmlərində belə düşünürlər ki, Azərbaycanda media mühiti çox azaddır, hər şey çox sərbəsdir. Yəni onların nöqteyi nəzərindən sərbəsdir. Amma beynəlxalq qurumların qayda-qanunlarına, ümumiyyətlə normal jurnalistikanın qaydalarına, beynəlxalq konvensiyaların bənd və paraqraflarına görə, söz, mətbuat azadlığı haqqında deyilənlər, bu parametrlərin hamısı bizdə pozulur.

Amerikanın Səsi: Vəziyyətdən çıxışı nədə görürsünüz?

Çox təəssüf ki, Azərbaycanda ümumiyyətlə ictimai rəy çox aşağı səviyyədədir.

Elçin Şıxlı: Hökumət çox şey edə bilər. Sadəcə olaraq hökumət mediaya münasibətini dəyişməlidir və ya medianın nə demək olduğunu bütün beynəlxalq ictimaiyyət üçün medianın nə demək olduğu platformasına gəlib çıxmalıdır. Əgər çıxacaqsa məsələlər xeyli şəkildə düzələ biləcək. Əgər biz özümüz qoşulduğumuz beynəlxalq konvensiyalara, qəbul etdiyimiz qanunlara riayət edəcəyiksə, onda problem olmayacaq. Bu yerdə də ictimaiyyət öz səviyyəsində rəyini bildirəcək, ya əl çalacaq ki, afərin, nə gözəl işlər görülür.Yaxud da ki, öz etirazını bildirəcək. Çox təəssüf ki, Azərbaycanda ümumiyyətlə ictimai rəy çox aşağı səviyyədədir. Çünki başını qaldırıb, hətta səhv olsa belə nəyə isə narazılığını bildirən insanların böyük əksəriyyəti təpki, basqı altındadır. Ona görə bir çoxları bir, iki, üç dəfə deyib yorulurlar və artıq öz fikirlərini bildirmək istəmirlər. Vəziyyət belədir.

XS
SM
MD
LG