Accessibility links

Tural Mustafayev: Məni intihar həddinə Xədicə İsmayıl çatdırmayıb [Yenilənib]


Xədicə İsmayılın bu gün keçirilən prosesində “zərərçəkən” Tural Mustafayev, həmçinin şahidlər – jurnalistlər Çingiz Sultansoy, Şahvələd Çobanoğlu, hüquqşünaslar Samirə Ağayeva və Rövşanə Rəhimli (T.Mustafayevin keçmiş nişanlısı) çıxış edirlər.

T.Mustafayev ifadə verərkən bildirib ki, X.İsmayılovanın onun intihar cəhdinə bağlılığı yoxdur. Onun sözlərinə görə, öz nişanlısı ilə mübahisədən sonra bu addımı atıb.

Bu barədə vəkil Fariz Namazlı bildirib.

***

Avqustun 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırmaçı jurnalist Xədicə İsmayılın növbəti məhkəmə prosesi davam edir.

Məhkəmə binasının qarşısına xeyli sayda media nümayəndələri, ictimai fəallar, siyasi xadimlər toplaşıb.

Bundan əvvəlki proseslərdə olduğu kimi, məhkəmənin keçirildiyi zal yenə kənar şəxslərlə doldurulub.

Müstəqil media təmsilçiləri məhkəməni bu dəfə də izləyə bilməyiblər.

Hazırda məhkəmədə şahidlər dindirilir.

Xədicə İsmayılın məhkəməsini bayırdan izləməli olan həmkarları və ictimai fəallar ona məktub yazıblar.

ABŞ, Hollandiya, Almaniya, Fransa səfirliklərinin, Avropa İttifaqının nümayəndələri və Xədicə İsmayılın iki qohumu məhkəmə zalına buraxılıb.

Xədicə İsmayıla qarşı 2014-cü il dekabrın 5-də Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə ittiham irəli sürülüb və onun barəsində həbs qətimkan tədbiri seçilib.

Sonradan Tural Mustafayev mətbuat vasitəsi ilə şikayətini təzyiq altında verdiyini və şikayətindən imtina etdiyini bəyan edib.

2015-ci ilin fevralında jurnalistə qarşı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) maddələri ilə yeni ittihamlar elan edilib.

AzadlıqRadiosu, beynəlxalq hüquq müdafiə təşkilatları Xədicə İsmayılın prezident İlham Əliyev və onun ailə üzvlərinin biznesini araşdırdığı üçün təzyiqlərlə üzləşdiyini bildirir.

Amnesty International jurnalisti "vicdan məhbusu" elan edib.

XS
SM
MD
LG