Accessibility links

Elmira İsmayılova: Bu məhkəmə deyil, teatrdır [Video]


Vəkillər məhkəmədə iştirak etmədikləri üçün fasilə elan olunub

Araşdırmaçı-jurnalist Xədicə İsmayılın bu günə təyin olunan prosesi yarım qapalı keçirilib.

Əvvəlki prosesdə olduğu kimi zala müstəqil media nümayəndələri buraxılmayıb.

Zala yalnız ABŞ, Almaniya və Böyük Britaniya səfirlikləri, jurnalistin anası və bacısı qızı daxil ola bilib.

Bu günki prosesdə vəkillər məhkəmədə iştirak etmədikləri üçün fasilə elan olunub.

Hakim deyib ki, üzrlü səbəb yoxdursa, vəkillər cəzalandırılacaq - Vəkillər Kollegiyasına müraciət olunacaq. Xədicə İsmayıl hakimə etiraz edib:

"Müdafiə tərəfi dünənki prosesdə bildirib ki, işləri olduğu üçün gələ bilməyəcəklər".

Xədicə İsmayıl zala kənar adamların doldurulduğu, media, ictimaiyyət nümayəndələrinin kənarda qaldığı üçün də məhkəməyə etirazını bildirib.

Məhkəməni izləyən Elmira İsmayılova zalda kənar şşəxslərin çox olduğunu deyib.

Elmira İsmayılova qızının əhval-ruhiyyəsinin çox yaxşı olduğunu da deyib.

"Bu məhkəmə deyil, teatrdır”, ana qeyd edib.

Daha sonra Xədicə İsmayılın məhkəməsini bayırdan izləyən Milli Şura sədri Cəmil Həsənli şərh verib.

"İlk gündən mən Xədicə İsmayılın məhkəmə prosesi ilə maraqlanıram. Yalnız məhkəmə başlayanda - birinci gün içəri keçə bilmişdim. Leyla və Arif Yunusların da məhkəməsinə bir dəfə buraxılmışam. Ancaq bütün proseslərə gəlirəm".

Cəmil Həsənli Xədicə İsmayılın tam günahsız olduğunu bildirib.

"Xədicənin məhkəməsində baş verənlər onu göstərir ki, o məhkəmə zalından azad olunmalıdır. Bütün baş verənlərə görə üzr istəməlidirlər. Çünki bu işdə bir şahid, zərərçəkən, üzünə duran yoxdur. Proseslərdən də göründüyü kimi, bu, qurama bir işdir. Məzhəkə xarakteri də daşıyır. Hakimə, prokurora da yazığım gəlir. Çünki bu məhkəmədə özünü ən sərbəst, azad gümrah hiss edən Xədicədir, qalan hamısı sıxıntı içindədir,, Milli Şura sədri qeyd edib.

Hazırda məhkəmə prosesində fasilədir.

Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də həbs edilib.

X.İsmayıl Tural Mustafayev adlı şəxsi intihar həddinə çatdırmaqda ittiham olunur.

Jurnalistə qarşı AzadlıqRadiosunun Bakı bürosunun rəhbəri vəzifəsində çalışdığı müddətdə vəzifə səlahiyyətlərini aşma, vergidən yayınma kimi ittihamlar da irəli sürülüb.

X.İsmayıl bildirir ki, prezident İlham Əliyev və digər yüksək vəzifəli məmurların qanunsuz biznes fəaliyyətini araşdırdığı üçün belə basqıyla üzləşib.

XS
SM
MD
LG