Accessibility links

Jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslərin məhkəməsi başlayır


Rasim Əliyev

Rasim Əliyev

Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayır.

Məhkəmədən Amerikanın Səsinə verilən məlumata görə, hakim Eldar İsmayılov sədrlik edəcək.

Məhkəmənin hazırlıq iclası yanvarın 5-nə saat 15:00-a təyin edilib.

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun üzvü Rasim Əliyev avqustun 8-də futbolçu Cavid Hüseynovun qohumları tərəfindən döyülüb.

Ağır xəsarət alan jurnalist 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib və bir gündən sonra vəfat edib.

Bakı Şəhər Prokurorluğunun yaydığı məlumata görə, Rasim Əliyevin avqustun 8-də Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülərək vəfat etməsi faktına görə Bakı şəhər prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb. Dekabrın 22-də Kənan Mədətov, Camal Məmmədov və Samir Mustafayevin Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda), Elşən İsmayılov və Arif Əliyevin isə həmin Məcəllənin 126.3 və 177.1-ci (oğurluq) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə ittiham aktı təsdiqlənərək baxılması üçün Bakı Ağır Cinayətlər məhkəməsinə göndərilib.

Məlumatda deyilir ki, cinayət işinin materiallarından Cavid Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair iş ayrıca icraata ayrılıb və məhkəməyə göndərilmək mərhələsindədir.

Bir müddət əvvəl isə jurnalistin valideynləri prezidentə müraciət edərək istintaqdan şikayət edib. Valideynlər jurnalisti müayinə və müalicə etmiş həkimlərin də istintaqa cəlb edilməsini istəyir.

XS
SM
MD
LG