Accessibility links

Vəkillər Avropa Məhkəməsini Xədicə İsmayılovanın dərhal azad edilməsi barədə qərar qəbul etməyə çağırıb


Xədicə İsmayıl

Xədicə İsmayıl

Jurnalist Xədicə İsmayılovanın maraqlarını müdafiə edən vəkillər Amal Kluni və Nani Yansen martın 14-də öz rəylərini Avropa İnsan Hüquqları Məhkəməsinə təqdim ediblər.

Medianın hüquqi müdafiəsi üzrə Təşəbbüs Qrupunun (Media Legal Defence Initiative) Amerikanın Səsinə verdiyi məlumata görə, vəkillər qeyd ediblər ki, X.İsmayılova ölkənin ali rəhbərliyinin korrupsiya faktlarını ifşa etdiyinə görə təqiblərə məruz qalıb və həbs olunub. Odur ki, jurnalistin təqib və həbs edilməsinə heç bir əsas olmayıb.

Vəkillərin qeydləri məhkəmənin Azərbaycan hakimiyyətindən aldığı 15 yanvar tarixli cavabın şərhidir.

Vəkillər həmçinin bildiriblər ki, Azərbaycan hakimiyyəti yerli məhkəmələrdə onun hüquqlarını və təqsirsizlik prezumpsiyasını pozub. Deyilənlərin əsasında vəkillər diqqəti ona yönəldiblər ki, X.İsmayılovanın barəsində Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci (azadlıq və toxunulmazlıq hüququ), 6 (ədalətli məhkəmə araşdırması hüququ), 10 (ifadə azadlığı), 13 (səmərəli hüquqi müdafiə vasitələri hüququ), 14 (ayrı-seçkiliyin qadağan edilməsi) və 18-ci (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) maddələri pozulub.

Buna əsaslanan vəkillər Avropa İnsan Hüquqları Məhkəməsini Xədicə İsmayılovanın dərhal azad edilməsi barədə qərar qəbul etməyə çağırıblar.

Xatırladaq ki, X.İsmayılova 2014-cü il dekabrın 5-də vergidən yayınma, qanunsuz sahibkarlıq, vəzifə səlahiyyətini aşma və s. ittihamlarla həbs olunub. Məhkəmə onu 7,5 il müddətinə azadlıqdan məhrum edib.

Amnesty İnternational X.İsmayılovanı "vicdan məhbusu" elan, onun azadlığa buraxılmasını tələb edib. Çoxsaylı beynəlxalq təşkilatlar da X.İsmayılovanın işini analoji qiymətləndirir.

XS
SM
MD
LG