Accessibility links

Məhkəmə Xədicə İsmayılovanın cəzasının 3 il 6 ay müddətinə şərti cəza ilə əvəz olunması barədə qərar çıxarıb

Ali Məhkəmənin Xədicə İsmayılın azadlığa buraxılması ilə bağlı verdiyi qərar icra olunub.

X. İsmayıl Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.

***

Vəkil Fariz Namazlı deyib ki, Xədicə İsmayıl üçün sınaq müddəti müəyyən edilib.

O, Binəqədi rayon Polis İdarəsində qeydiyyatda olacaq. Hər ay ora gedib qeydiyyatdan keçməlidir.

Bu həm də o deməkdir ki, Xədicə dövlət orqanlarının icazəsi olmadan 5 il ərzində ölkəni tərk edə bilməz. Yaşayış yerini dəyişə bilməz.

Məhkəmə iclasının əvvəlində hakim Əli Seyfəliyev bildirib ki, Xədicə İsmayıl Ali Məhkəməyə məktub göndərərək prosesdə özünün də iştirak etmək istədiyini bildirib. Vəkilləri də prosesin jurnalistin özünün iştirakı ilə keçirilməsi barədə vəsatət qaldırıblar. Lakin vəsatət təmin olunmayıb və məhkəmənin jurnalistin iştirakı olmadan keçirilməsinə qərar verilib.

Xədicə İsmayılın vəkilləri çıxış edərək, ittihamın əsassız olduğunu, onun əslində, jurnalist fəaliyyətinə görə təcrid edildiyini vurğulayıblar və bəraətverici əsaslarla barəsində cinayət təqibinə xitam verilməsini istəyiblər.

***

Mayın 25-də Ali Məhkəmə AzadlıqRadiosunun əməkdaşı, araşdırmaçı-jurnalist Xədicə İsmayılın kassasiya şikayətinə baxıb.

Məhkəmə Xədicə İsmayılovanın cəzasının 3 il 6 ay müddətinə şərti cəza ilə əvəz olunması barədə qərar çıxarıb.

Ona ittiham olunduğu Cinayət Məcəlləsinin 179 və 308-ci maddələri üzrə bəraət verilib. Bundan sonra Xədicə İsmayılovanın cəzası şərti hesab olunub.

Qərarda onun iki il müddətinə dövlət və özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edildiyi qeyd olunub.

Xədicə İsmayılova prosesdə iştirak etməyib.

O, 2014-cü il dekabrın 5-də həbs olunub. Jurnalist mənimsəmə, qanunsuz sahibkarlıq, vergidən yayınma, vəzifədən sui-istifadə kimi ittihamlarla 7 il 6 ay azadlıqdan məhrum edilib. Sonradan Bakı Apellyasiya Məhkəməsi də Bakı Ağır Cinayətlər Məhkəməsinin bu hökmünü qüvvədə saxlayıb. Apellyasiya məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verilib.

Xədicə İsmayıl ittihamları rədd edir və jurnalist fəaliyyətinə, özəlliklə hökumətin korrupsiyası, prezident ailəsinin gizli biznesləri barədə araşdırma yazılarına görə cəzalandırıldığını bildirir.

«Amnesty International» beynəlxalq insan haqları təşkilatı Xədicə İsmayılı «vicdan məhbusu» elan edib.


XS
SM
MD
LG