Accessibility links

Azərbaycanda diffamasiya məsələləri [Audio-ekspert Ələsgər Məmmədlinin şərhi] (Yenilənib)


Azərbaycanda diffamasiya məsələləri
Azərbaycanda diffamasiya məsələləri

Avropa Şurası və Avropa İttifaqı “Azərbaycanda ifadə və media azadlığı” layihəsi çərçivəsində müzakirələr keçirir

Cinayət qanunvericiliyində diffamasiyaya görə məsuliyyət tədbirlərinin olması öz-özlüyündə fikri ifadə azadlığına məhdudlaşdırıcı təsir göstərir. Bu fikri Avropa Şurasının İnformasiya Cəmiyyəti Departamentinin rəhbri Patrik Penniks (Patrick Penninckx) bu gün AŞ və Avropa İttifaqının “Azərbaycanda fikri ifadə və media azadlığı” adlı birgə layihəsi çərçivəsində təşkil edilmiş diffamasiya məsələlərinə həsr olunmuş dəyirmi masadakı çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Avropa Şurası araşdırma aparıb, Avropa məkanında 1000-dən çox jurnalist arasında anket sorğusu aparıb və sorğunun əksər iştirakçıları təhlükəsizlikləri ilə bağlı risklər arasında diffamasiyaya görə cinayət təqibi mümkünlüyünü qeyd ediblər.

AŞ-nin nümayəndəsi qeyd edib ki, ifadə azadlığı ilə bağlı məhdudiyyətlər yalnız açıq-aşkar ədavət və zorakılıq hallarında mümkündür.

Cənab Penniks həmçinin mülki qanunvericilik çərçivəsində diffamasiyaya görə yüksək cərimələrin yolverilməz olduğunu qeyd edib.

Onun fikrincə, jurnalistlərin diffamasiyaya görə həddindən artıq cəzalandırılmaqdan qorunması məsələlərində qanunverici, məhkəmə hakimiyyətlərinə və jurnalistlərin özlərinə böyük rol düşür.

Belə ki, parlamentlər beynəlxalq təşkilatlar arasında diffamasiyaya görə cinayət məsuliyyətinin ləğvi ilə bağlı konsensusu nəzərə almalıdırlar.

Məhkəmə orqanları diffamasiya iddialarına baxarkən Avropa İnsan Hüquqları Məhkəməsinin presedent qərarlarına riayət etməlidirlər.

Media öz növbəsində peşə etikası normalarına riayət etməlidir. Amma mətbuatın özünütənzimləmə mexanizmləri özünüsenzuraya keçməməlidir.

Cənab Penniks hesab edir ki, jurnalistlər ictimai cəhətdən əhəmiyyətli problemlərin işıqlandırılmasına görə təqibə məruz qalmamalıdırlar. Media nümayəndələri tərəfindən satira janrında nəşrlərə, kinayəli formada ifadələrə yol verilir, amma bir şərtlə ki, bu, kobud təhqir səviyyəsinə çatmamalıdır. Jurnalistlər və media həmçinin üçüncü şəxslərin müsahibələrinə görə məsuliyyət daşımamalıdır (nadir hallar istisna olmaqla).

Bu zaman dövlət xadimləri, ictimai-siyasi xadimlər, məşhur şəxslər tənqidə qarşı yüksək səviyyədə dözümlülük nümayiş etdirməlidirlər.

Öz növbəsində, media hüququ sahəsində ekspert Ələsgər Məmmədli bildirib ki, son 15 ildə Azərbaycanda jurnalistlərə qarşı 500 iddia irəli sürülüb, o cümlədən onların dörddə biri xüsusi cinayət ittihamı qaydasında verilib.

please wait

No media source currently available

0:00 0:05:21 0:00

2010-cu ildə Cinayət Məcəlləsinin “təhqir”, “böhtan” maddələrinin tətbiqinə moratorium elan edilməsinə baxmayaraq, əslində jurnalist Xədicə İsmayılova, Demokratik Qüvvələrin Milli Şurasının üzvü Gültəkin Hacıbəyli, Azərbaycan Ziyalılar Birliyinin rəhbəri Eldəniz Quliyev bu maddələrlə cinayət məsuliyyətinə cəlb edilib. Hazırda dövlət televiziyasının rəhbəri Arif Alışanovun professor Qulu Məhərrəmliyə qarşı cinayət iddiası məhkəmə baxışı mərhələsindədir.

Vətəndaş cəmiyyətinin iştirakı ilə “Diffamasiya haqqında” proqressiv qanun layihəsinin işlənib hazırlanmasına baxmayaraq, parlament onun mahiyyətini dəyişib və nəticədə AŞ-ın Venesiya Komissiyası mənfi rəy verib, belə ki, sənəddə diffamasiyaya görə cinayət məsuliyyətinin ləğvi nəzərdə tutulmurdu.

Diffamasiya haqqında qanun nəinki qəbul edilməyib, bundan əlavə, böhtan və təhqirə görə cinayət məsuliyyəti İnternetə də şamil edilib və artıq onun tətbiqinə başlanılıb. Belə ki, Astara sakini “Aksesbank” kommersiya bankını tənqid etdiyinə görə islah işlərinə məhkum edilib.

Məmmədli həmçinin qeyd edib ki, Azərbaycanda diffamasiya iddiaları, bir qayda olaraq, ictimai fiqurlar tərəfindən irəli sürülür, baxmayaraq ki, onlar tənqidə qarşı daha çox dözümlü olmalıdırlar.

Ekspert həmçinin hakimiyyətin diffamasiyaya görə cinayət məsuliyyətinin ləğv edilməməsini qabaqcıl Avropa ölkələrinin qanunlarında da belə normalar olması ilə əsaslandırmasının mənasız olduğunu bildirib.

Bu zaman Məmmədli qeyd edib ki, məsələn, Fransada qanun normaları 19-cu əsrdən qüvvədədir və onlar sonuncu dəfə 35 il əvvəl tətbiq edilib.

Ekspert hesab edir ki, bu halda problemə AİHM-nin presedent hüququna əsasən yanaşmaq lazımdır.

AİHM-nin Azərbaycanla bağlı diffamasiya üzrə iki qərarı var – “Yaşar Ağazadə və Rövşən Mahmudov Azərbaycana qarşı” və “Eynulla Fətullayev Azərbaycana qarşı”, bu qərarlarda deyilir ki, Azərbaycanda diffamasiyaya görə cinayət məsuliyyəti olması Avropa Konvensiyasında zəmanət verilmiş ifadə azadlığına ziddir.

Ümumiyyətlə, Avropa Məhkəməsi birmənalı olaraq müəyyən edib ki, ədavət və ya terror, yaxud kütləvi iğtişaşlar çağırışları istisna olmaqla, bütün digər hallarda ifadə azadlığı cinayət təqibinə səbəb olmamalıdır. Yəni başqa şəxsin şərəf və ləyaqətinin, nüfuzunun müdafiəsi üçün cinayət məsuliyyətindən istifadəyə yol verilmir.

Azərbaycan Avropa Konvensiyasına riayət etmək və Avropa Məhkəməsinin qərarlarını icra etmək öhdəliyi götürübsə, diffamasiyaya görə cinayət məsuliyyətini ləğv etməlidir.

Bununla belə, ekspert rəsmi Bakı nümayəndələrinin bu konfransda diffamasiya haqqında qanunun qəbulu məsələsinin bağlanmadığı haqqında bəyanatları ilə bağlı ehtiyatlı nikbinlik ifadə edib.

Onun fikrincə, bu görüşün təşkili özü beynəlxalq qurumlar tərəfindən də Azərbaycan üçün problemin aktual olduğunun etirafıdır.

***

Jurnalistlər diffamasiyaya görə cinayət cəzasına məruz qalmamalıdır. Bu hüquq pozuntularına görə cəzalar mülki qanunvericiliklə müəyyən edilməli və adekvat olmalıdır. Avropa Şurasının diffamasiyaya görə jurnalistlərin məsuliyyətə cəlb edilməsinə yanaşması belədir.

Bu mövzuda müzakirələr mayın 31-də Bakıda diffamasiyaya həsr olunan konfransda keçirilir. Tədbir Avropa Şurası tərəfindən Avropa İttifaqı ilə birlikdə “Şərq tərəfdaşlığı” ölkələrində ifadə və mətbuat azadlığına dəstək layihəsi çərçivəsində təşkil olunub.

Azərbaycanda diffamasiya məsələləri
Azərbaycanda diffamasiya məsələləri

Konfransın məqsədi diffamasiya və jurnalist təcrübəsi ilə bağlı milli qanunvericiliyin necə təkmilləşdirilməsi haqqında açıq müzakirələr aparmaqdır.

Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov hökumətin nailiyyətlərindən, söz azadlığı və mətbuatın müdafiəsi strategiyasından danışıb.

O bildirib ki, ölkədə qanunverici və praktiki səviyyədə informasiyanın toplanması və yayımlanması üçün bütün şərait yaradılıb.

Diffamasiya haqqında qanunun qəbulunun mümkünlüyünə toxunan Ə.Həsənov etiraf edib ki, 2005, 2011 və 2013-cü illərdə müvafiq qanun layihələri hazırlanaraq ictimaiyyətin müzakirəsinə çıxarılıb.

“İctimai müzakirələrin nəticəsi göstərib ki, insanların mətbuat səhifələrində təhqir olunması hallarının yüksək, medianın iqtisadi müstəqilliyi zəif və siyasi qütbləşmənin güclü olduğu bir zamanda belə bir qanunun qəbul edilməsi əks effekt yaradar, məsələni daha da mürəkkəbləşdirə bilər.

Azərbaycanda diffamasiya məsələləri
Azərbaycanda diffamasiya məsələləri

Deməli, ilk növbədə, sözügedən səbəblər aradan qaldırılmalı və bundan sonra müvafiq qanunun qəbul olunması məsələsinə baxılmalıdır”, Ə.Həsənov vurğulayıb.

O bildirib ki, jurnalist peşəkarlığının artırılması istiqamətində çoxsaylı tədbirlər həyata keçirilib. Qəzet redaksiyalarına, informasiya agentliklərinə birdəfəlik maliyyə yardımları ayrılıb, jurnalistlərin sosial müdafiəsini gücləndirmək üçün tədbirlər həyata keçirilib.

Ə.Həsənov deyib ki, 2009-cu ildə Azərbaycan prezidentinin təşəbbüsü ilə jurnalist fəaliyyətinə və diffamasiya hallarına görə medianın cinayət məsuliyyətinə cəlb olunması məqsədəuyğun hesab edilməyib. Həmin dövrdən bu vaxtadək faktiki olaraq Azərbaycan Cinayət Məcəlləsinin 147-ci və 148-ci maddələrinin (böhtan və təhqir) tətbiqinə moratorium qoyulub və jurnalistlərə qarşı qaldırılmış cinayət işləri ya icraata götürülməyib, ya da onlara mülki qanunvericilik əsasında baxılıb.

Ə.Həsənovun fikrincə, müvafiq maddələrin Cinayət Məcəlləsindən çıxarılması adi jurnalistika fəaliyyəti ilə bağlı olmayan vətəndaşları öz hüquqlarını müdafiə etmək, şərəf və ləyaqətini qorumaq imkanlarından da məhrum edir.

O həmçinin qeyd edib ki, həmin müddəalar Avropa İttifaqının üzvü olan əksər ölkələrin, o cümlədən aparıcı dövlətlərin qanunvericiliyində hələ də qalmaqdadır.

Həsənov həmçinin Azərbaycanın diffamasiya qanunvericiliyi ilə bağlı müzakirələrdən imtina etmədiyini və bu prosesi davam etdirəcəyini bəyan edib.

Azərbaycan prezidentinin köməkçisi Əli Həsənovun çıxışından sonra AŞ Bakı ofisinin rəhbəri Draqan Filipoviç xatırladıb ki, AŞ baş katibi Turbörn Yaqland 47 AŞ ölkəsini diffamasiya haqqında qanun qəbul etməyə çağırıb.

O qeyd edib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra media azadlığı üzrə qanunvericiliyi təkmilləşdirib. Bununla yanaşı, ölkədə diffamasiyaya görə cinayət məsuliyyəti ləğv edilməyib.

Avropa Şurasının mövqeyi ondan ibarətdir ki, qanun insanlar barəsində dəqiqləşdirilməmiş, onları gözdən salan məlumatların yayılmasının qarşısını almalı, həmçinin jurnalistlər arasında özünü senzuranın inkişafına xidmət etməməlidir.

AŞ İnformasiya Cəmiyyəti İdarəsinin rəhbəri Patrik Penniks (Patrick Penninckx) deyib ki, diffamasiya haqqında qanunvericiliyin uzun tarixi var, cünki bütün dövrlərdə hökmdarlar özlərini qorumağa çalışıblar. O hesab edir ki, diffamasiya qanunları müstəsna hallarda tətbiq edilməlidir. Eyni zamanda yüksək vəzifəli şəxslər tənqidə dözümlü olmalıdır, jurnalistlər isə öz işini düzgün həyata keçirməlidir.

Hazırda yalnız 10 Avropa ölkəsində diffamasiyaya görə cinayət məsuliyyəti haqqında qanun yoxdur və AŞ bu praktikanın genişləndirilməsi üçün səy göstərir.

AŞ yalnız diffamasiyaya görə cinayət cəzasının ləğvinin tərəfdarı deyil, həm də mülki qanunvericilik çərçivəsində məqbul cəzaların müəyyən edilməsinə tərəfdardır.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib ki, onun başçılıq etdiyi qurum ATƏT ilə əməkdaşlıq şəraitində hazırlanmış diffamasiya haqqında qanun layihəsini parlamentə təqdim edib. Müvafiq tamamlanmadan sonra qanun layihəsi AŞ Venesiya Komissiyasına göndərilib, lakin müsbət cavab olmayıb.

Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli diffamasiya haqqında qanunun qəbuluna, eyni zamanda Cinayət Məcəlləsində “böhtan” və “təhqir” maddələrinin qüvvədə qalmasına tərəfdar oluğunu bildirib.

Avropa İttifaqının (Aİ) Bakı missiyası rəhbərinin müavini Cerom Vilyams diqqəti Avropa Komissiyasının “Şərq tərəfdaşlığı” ölkələrində media azadlığının təmin edilməsindəki səylərinə yönəldib. Bu məqsədlə Aİ 30 mln. avro ayırıb və hazırki görüş bu layihə çərçivəsində həyata keçirilir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG