Accessibility links

Zahidə Şirəliyeva: Oğlum peşə fəaliyyətinə görə həbs edilib [Video]


Zahidə Şirəliyeva: Oğlum peşə fəaliyyətinə görə həbs edilib
please wait

No media source currently available

0:00 0:03:06 0:00

Zahidə Şirəliyeva: Oğlum peşə fəaliyyətinə görə həbs edilib

7gun.az xəbər portalının baş redaktoru Cavid Şirəliyevin anası Zahidə Şirəliyeva hesab edir ki, oğluna qarşı cinayət işi saxtalaşdırılıb və o, peşə fəaliyyətinə görə təqib edilir.

“Məhkəmə prosesi göstərdi ki, onun işi saxtalaşdırılıb və ittihamı sübut edən dəlillər məhkəməyə təqdim olunmayıb”, - Z.Şirəliyeva iyunun 16-da Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin ofisində keçirilən mətbuat konfransındakı çıxışında bildirib.

www.7gun.az xəbər portalının baş redaktoru Cavid Şirəliyev 2016-cı il mayın 22-də 5 il müddətinə azadlıqdan məhrum edilib. Gəncə Şəhər Ağır Cinayətlər Məhkəməsi onu hədə-qorxu yolu ilə pul tələb etməkdə (CM-in 182.2.1 və 182.2.4-ci maddələri) təqsirli bilib.

C.Şirəliyev 2014-cü il avqustun 30-da polis əməkdaşları tərəfindən saxlanılıb və Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Baş Mübarizə İdarəsinə (MCQBMİ) aparılıb. O, 2013-cü il iyunun ortalarında Akif Orucovla əlbir olaraq Şəfiqə Xankişiyevadan 2 min manat almaqda ittiham olunub. Onlar Ş.Xankişiyevanı Tovuz rayonunun Qovlar kəndində icarəyə götürdüyü kafedə əxlaqsızlıq yuvası saxlaması barədə material yayacaqları ilə hədələyiblər.

Ana Amerikanın Səsinə müsahibəsində oğluna qarşı irəli sürülən ittihamın qərəzli olduğunu bildirib. “Oğlum peşə fəaliyyətinə görə həbs edilib”, o qeyd edib.

Xankişiyeva bildirib ki, istintaqda göstərilir ki, guya Şirəliyev həbsindən öncə ona ilkin olaraq 700 manat verib.

İstintaq təhqiqat materiallarını məhkəməyə təqdim edib. Materiallarda göstərilib ki, Şirəliyev öz günahını etiraf edib. Lakin məhkəmədə Şirəliyev işgəncə altında etirafedici ifadələr verdiyini bildirib və onlardan imtina edib.

Şirəliyev işin saxtalaşdırılmasına sübut kimi qeyd edib ki, onun əlbir olduğu söylənilən Asif Orucov bu cür cinayətdə iştirak edə bilməz. Çünki 2012-ci il aprelin 11-dən 2013-cü il oktyabrın 19-dək Orucov Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 5 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkib. İyunun 1-dən 30-dək Orucov hər gün cəzaçəkmə yerində qeydiyyatdan keçib. İyunun 10-da intizam qaydalarını pozduğuna görə cəzalandırılıb, iyunun 20-də isə cəzalandırılaraq 5 sutkalığa cərimə təcridxanasına yerləşdirilib. İstintaq zamanı Orucov DİN və MCQBMİ əməkdaşları tərəfindən döyülüb.

İbtidai istintaq zamanı müdafiə tərəfi Şirəliyevin Xankişiyeva ilə telefon söhbətinin olmamasını təsdiqləyən mobil operatorların sənədləri təqdim edib.

Eyni zamanda, Vergilər Nazirliyi yanında Vergi Cinayətləri üzrə İbtidai İstintaq Departamenti 2015-ci il yanvarın 15-də istintaqa rəsmən bildirib ki, 2013-cü il dekabrın 30-dək Tovuz rayonunun Qovlar kəndində “Tatar” adlı kafe fəaliyyət göstərməyib və Xankişiyevanın hər hansı obyekti icarəyə götürməsi ilə bağlı vergi orqanlarında məlumat yoxdur. Yerli sakinlər də bu adda kafenin fəaliyyət göstərmədiyini təsdiqləyiblər. Hətta akt tərtib edilib.

Məhkəmə prosesi zamanı Şirəliyev bildirib ki, iş üzrə ibtidai istintaq qərəzli, qeyri-obyektiv, kobud qanun pozuntuları ilə aparılıb. O, DİN və Baş Prokurorluğun vəzifəli şəxslərinin məsuliyyətə cəlb olunmasını, onların qanunsuz hərəkətlərinə və ya fəaliyyətsizliklərinə hüquqi qiymətin verilməsini tələb edib.

Jurnalistin anası Zahidə Şirəliyeva qeyd edib ki, məhkəmə zamanı Ş.Xankişiyeva Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mübariz Məmmədova ərizə yazaraq iddiasını geri götürdüyünü və C.Şirəliyevə qarşı heç bir iddiasının olmadığını bildirib. Lakin bundan sonra dövlət ittihamçısı Xankişiyevaya telefon edərək öz ərizəsini geri götürməyə məcbur edib. Z.Şirəliyeva qeyd edib ki, onun oğluna qarşı əsassız ittiham irəli sürülüb. Məhkəmə prosesi göstərib ki, onun həbsi məqsədyönlü və sifarişli olub.

Qeyd etmək lazımdır ki, 2012-ci il dekabrın sonlarından C.Şirəliyev təqiblərə məruz qalır. Bu, onun dekabrın 23-də “Qırmızı körpü” sərhəd məntəqəsində şair Bəxtiyar Hidayətin hüquqlarının pozulması barədə KİV-ə məlumat verməsindən sonra başlayıb. Mətbuatda bu barədə məlumat yayıldıqdan sonra Tovuz Gömrük İdarəsinin üç əməkdaşı dekabrın 30-da İnstitutun ofisinə gələrək Şirəliyevə hədə-qorxu gəliblər. Hüquq və Azadlıqların Müdafiəsi İnstitutu bununla əlaqədar yerli və beynəlxalq təşkilatlara, həmçinin Baş Prokurorluğa, ombudsmana müraciət edib.

Vəkil Zabil Qəhrəmanov Ameerikanın Səsinə bildirib ki, məhkəmə Şirəliyevin günahını sübut edə bilməyib və bütün ifadələr bir nəfərin – məhkəmə ilə problemi olan Şəfiqə Xankişiyevanın ərizəsinə söykənir.

“Biz əsassız olduğu üçün hökmün ləğvinə nail olacağıq. Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişik”, vəkil qeyd edib.

Apellyasiya Məhkəməsinin iclasının vaxtı hələlik təyin edilməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG