Accessibility links

Bu il martın 14-də Asif Mərzilinin mənzilini yandırnmağa da cəhd ediblər

İyunun 9-da gecə saatlarında “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzilinin yaşadığı mənzilin qarşısında şəxsi avtomobili yandırılıb.

Bu barədə Asif Mərzili Amerikanın Səsinə müsahibəsində bildirib.

Asif Mərzilinin avtmobili yandırılıb (Foto Mərzilinin facebook səhifəsindən götürülüb)

Asif Mərzilinin avtmobili yandırılıb (Foto Mərzilinin facebook səhifəsindən götürülüb)

Onun sözlərinə görə, gecə saat 3.15 radələrində şəxsi avtomobili yaşadığı mənzilin qarşısında benzin tökülərək yandırılıb. Baş redaktor hadisə yerinə polis və Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə xidmətini çağırıb.

Xatırladaq ki, bu il martın 14-də gecə saat 3 radələrində jurnalistin evinin qapısına benzin töküb od vurmuşdular. Təsadüfən qonşuların bundan xəbər tutması nəticəsində Mərzilinin özü və ailə üzvləri sağ qalmışdı. O zaman hüquq mühafizə orqanları faktla bağlı cinayət işi qaldırıb. Lakin indiyədək işin istintaqı davam edir.

“Gecə saat 03.15 radələrində həyətdən maşının siqnalizasiya səsini eşitdim və dərhal pəncərədən həyətə baxdım. Gördüm ki, maşın alovlanır. Dərhal vedrələrlə su daşıyıb söndürməyə çalışdıq. Lakin bu mümkün olmadı, avtomobilin benzin bakının partlama təhlükəsi olduğundan FHN-nin 101, ardınca da Daxili İşlər Nazirliyinin (DİN) 102 xidmətinə zəng vurduq. 5-6 dəqiqə keçmiş 2 yanğınsöndürən və çoxsaylı polis əməkdaşları gəldilər. Yanğın çətinliklə də olsa, söndürüldü, avtomobil tamamilə sıradan çıxıb. Xətai rayon Polis İdarəsinin müstəntiqləri ilkin ifadə aldılar, ekspertlər lazımi işlər gördülər. Təəssüf ki, bu hadisə eyni dəst-xətlə təkrarlanıb. Törədilmə vaxtı da eynidir, benzindən istifadə də… İstintaq gedir, başqa nə deyə bilərəm. Bu sui-qəsddir və əslində, hüquq mühafizə orqanlarına meydan oxumaqdır. Çünki martın 14-də baş vermiş cinayət hadisəsinin sifarişçisi qanun qarşısında oturdulsaydı, yəqin k,i həmin sifarişçi bu əməli təkrarlamazdı”, o qeyd edib.

Mərzili martın 14-də mənzilinin yandırılması ilə bağlı istintaqın başa çatmamasını belə qiymətləndirir.

“Həmin cinayət işi hazırda Bakı şəhər Baş Polis İdarəsi İstintaq İdarəsində istintaq olunur və o vaxt hadisənin ağırlıq dərəcəsi nəzərə alınaraq istintaq işi Xətai rayon Polis İdarəsindən alınaraq Bakı şəhər Baş Polis İdarəsinin İstintaq İdarəsinə verilib. Artıq xüsusilə mühüm işlər müstəntiqi Nizami Əbilovun dəvəti ilə iki dəfə ifadə vermişəm və sonrakı dövrdə isə əlavə maddi sübutları və istintaq üçün zəruri olan məlumatları müstəntiqə çatdırmışam. Artıq müvafiq əməliyyat-istintaq hərəkətləri aparılıb, bəzi istiqamətlərdə davam etdirilir. Ən vacibi, hadisəni törədənlərin və bu qəsdin sifarişçisinin kimliyi barədə müəyyən məlumatlar əldə edilib. Sadəcə, istintaq sirri olduğundan təfsilatı ilə danışa bilmərəm”.

Baş redaktor hazırda şəxsi həyatı ilə bağlı təhlükənin olduğunu da bildirib.

“Həmin adamların məni izlədiyini hiss edirəm. Sosial şəbəkələrdə və şəxsi emailimə hədə-qorxu mesajları yazırlar”, jurnalist qeyd edib.

O şəxsi həyatına təhlükənin olması ilə bağlı bir neçə həftə əvvəl Yasamal rayon Polis İdarəsinə müraciət etdiyini bildirib.

XS
SM
MD
LG