Accessibility links

Jurnalist Rasim Əliyevin ölümündən 1 il ötür [Video]


Rasim Əliyev

Rasim Əliyev

Ötən il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülən gənc jurnalist müalicə aldığı xəstəxanada vəfat etmişdi

Jurnalist Rasim Əliyevin ölümündən 1 il ötür.

Rasim Əliyev bir il əvvəl Məmmədli qəsəbəsi yaxınlığındakı qəbirstanlıqda torpağa verilib və bu gün yaxınları və vətəndaş cəmiyyəti nümayəndələri onun xatirəsini yad etmək üçün oraya gəliblər.

Ötən il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülən gənc jurnalist müalicə aldığı xəstəxanada vəfat etmişdi.O, “Facebook” səhifəsində “Qəbələ” futbol klubunun kapitanı Cavid Hüseynov haqda tənqidi fikir yazdıqdan sonra futbolçunun qohumları onu təhdid etmişdi.

Onun ölüm işi üzrə 6 nəfərin adı keçirdi.Onlar Əliyevin döyülməsində günahkar bilinərək uzunmüddətli həbs cəzası alıb .

C.Hüseynovun işi isə ayrıca icraata götürülərək Səbayel Rayon Məhkəməsində baxılıb. Mayın 31-də Səbayel Rayon Məhkəməsi C.Hüseynovu CM-in 307.1. (hazırlanmaqda olan cinayət barədə məlumat verməmək) və 307.2. (cinayətin gizlədilməsi) maddələri ilə ittiham edərək 4 il azadlıqdan məhrum edib.

Jurnalistin yaxınları və jurnalistin döyülərək ölməsinə onun C.Hüseynov haqqında tənqidi status yazması səbəb olduğunu deyir.

“Strateji Düşüncə Mərkəzi”nin rəhbəri İsa Qəmbər və Müsavat Partiyasının lideri Arif Hacılı öz çıxışlarında Rasimin Azərbaycanda söz azadlığının müdafiəsində böyük xidmətlərini qeyd ediblər.

“Bu qətl siyasi motivlidir”, deyən Qəmbər müstəqil mətbuatın daim rejimin hədəfində olduğunu vurğulayıb.

Hacılı jurnalistləri sistemli şəkildə təqib edən rejimin məğlubiyyətə məhkum olduğundan əminliyini ifadə edib. “Ölkənin və xalqın avtoritarizmdən azad olacağı gün uzaq deyil”, deyə o bildirib.

Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev qeyd edib ki, Rasim kimi jurnalistin ölümü Azərbaycanın müstəqil mətbuatı üçün böyük itkidir, belə ki, onun sahəsi çox məhduddur.

“Azərbaycanda jurnalist çoxdur, amma müstəqil jurnalist çox azdır”, deyən Əliyev hakimiyyətin təzyiqlərinə baxmayaraq, sosial və mobil jurnalistikanın inkişaf etdiyini qeyd edib.

Dövlətin müstəqil mətbuata münasibətinin nümunəsi kimi Əliyev mərasimdə Prezident Administrasiyasının, Mətbuat Şurasının və adı “jurnalist təşkilatı” olan təşkilatların nümayəndələrinin iştirak etməməsi faktını göstərib.

O, “Qəbələ” futbol klubunun prezidenti Taleh Heydərovun komandasının Fransanın “Lilem” komandası üzərində qələbəsini Cavid Hüseynova həsr etməsini əxlaq qaydalarına zidd adlandırıb.

Rasimin atası Məmmədəli Əliyev çətin vaxtlarda ailəyə mənəvi dəstək olan hər kəsə təşəkkür edib. “Sizə səadət arzulayıram və Allaha dua edirəm ki, ailəmizin başına gələn faciədən sizi qorusun”.

XS
SM
MD
LG