Accessibility links

Noyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə “Jam.az” saytının redaktoru Fikrət Fərəməzoğlunun işi üzrə hazırlıq iclası keçirilib.

Turan-ın müxbirinin verdiyi məlumata görə, bugünki iclasda vəkil Elçin Sadıqov işə xitam verilməsi və ya qətimkan tədbirinin ev dustaqlığı ilə dəyişdirilməsi haqqında vəsatətlə çıxış edib.

Hakim vəsatətləri təmin etməyib və işə mahiyyəti üzrə baxılmasını dekabrın 6-na təyin edib.

İclas başa çatdıqdan sonra Fərəməzoğlunun həyat yoldaşı deyib ki, ədalətli qərar gözləmir.

Onun sözlərinə görə, ona qarşı təzyiq hələ də davam edir.

Fikrət Fərəməzoğlu 2016-cı il iyunun 30-da həbs olunub, ona qarşı CM-in 182-ci maddəsi (hədələməklə rüşvət tələb etmə) ilə ittiham irəli sürülüb.

DİN-in məlumatına görə, jurnalist sahibkardan 3000 manat ölçüsündə rüşvət alarkən saxlanılıb. Sonradan jurnalist barəsində ittiham sərtləşdirilib – “bir qrup şəxs tərəfindən əmlakı ələ keçirmək məqsədilə hədələmə yolu ilə rüşvət tələb etmə və ya buna bənzər əməllər törətmə”.

Birinci ittihamla Fərəməzoğlunu 5 il azadlıqdan məhrumetmə cəzası gözləyirdisə, indi onu əmlakı müsadirə edilməklə 10 il həbs cəzası gözləyir.

Fikrət Fərəməzoğlu yerli hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb.

Show comments

XS
SM
MD
LG