Accessibility links

Bərdədə jurnalist reportaj hazırlayarkən saxlanılıb və azad buraxılıb [Audio-müsahibə]


Teymur Kərimov

Teymur Kərimov

Teymur Kərimov saxlanılması barədə Amerikanın Səsinə müsahibəsində danışıb

Noyabrın 24-də günorta saatlarında KANAL 13 internet televiziyasının əməkdaşı Teymur Kərimov Bərdə rayonunda məcburi köçkünlərin yaşadığı şəhərcikdə su problemi ilə bağlı çəkiliş apararkən saxlanılıb.

Bu barədə Amerikanın Səsinə KANAL 13 internet televiziyasından bildiriblər.

Televiziyanın məlumatına görə, Teymur Kərimov reportaj hazırlayarkən öyrədilmiş şəxslər qarışıqlıq salıb və jurnalist polislər tərəfindən saxlanılıb.

Hazırda Tərtər rayonunda olan Teymur Kərimov Amerikanın Səsinə müsahibəsində bildirib ki, Bərdə rayonunda reportaj hazırlayarkən Adil adlı şəxs jurnalisti təhqir edərək onu itələyib.

“Sonra məni polis şöbəsinə gətirdilər. Adil adlı şəxs polisdə məni yenə söydü, guya mən onu vurmuşam. Həmin ərazinin Mənzil Kommunal Təsərrüfat Birliyinin rəhbəri, qaçqınlar idarəsinin nümayəndəsi şahid durdular və mənə qarşı döymə maddəsi ilə saxta cinayət işi açdılar. İzahatımı aldılar və bütün çəkdiyim materialları videokameramın yaddaşından siliblər, yaddaş kartımı göürüblər. İzahatımda da yazdım ki, bunlar mənim jurnalist fəaliyyətimə qarşı yönəlib, təhqir olunmuşam, mənə qarşı zor tətbiq ediblər”, Teymur Kərimov qeyd edib.

Jurnalist noyabrın 24-də saat 15 radələrindən saat 23:30-dək polis şöbəsində saxlanıldığını bildirib.

Bərdə rayon Polis Şöbəsinin növbətçi hissəsindən Amerikanın Səsinə bildiriblər ki, noyabrın 24-də hər iki şəxs saxlanılıb və qısa zamanda azad buraxılıb.

“Jurnalistə qarşı təhqirdən, fiziki güc işlətməkdən söhbət gedə bilməz. O qanunvericiliyə uyğun olaraq polis şöbəsinə gətirilib və izahatı alınaraq azad buraxılıb”, növbətçi qeyd edib.

Bununla yanaşı, növbətçi hissədə jurnalistə qarşı cinayət işinin qaldırlıb-qaldırılmamasına aydınlıq gətirilməyib.

KANAL 13 internet TV 2008-ci ilin 10 oktyabrından yayımlanır.

İnternet televiziyası www.KANAL13.tv saytında hər gün verilişlər və xəbərlər proqramı yayır.

Show comments

XS
SM
MD
LG