Accessibility links

Arif Əliyev: Aleksandr Lapşinin ekstradisiyası tarixdə olduqca nadir hadisədir [Video]


“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Dağlıq Qarabağa getmiş blogerin Azərbaycana ekstradisiyasından danışıb

“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev Amerikanın Səsinə müsahibəsində bloger Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası və ona münasibətlərdən danışıb.

Amerikanın Səsi: Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası və onun ətrafında aparılan müzakirələrə münasibətiniz necədir?

Arif Əliyev: 15 il olar, bu Qarabağ mövzusundan, Qarabağ problemindən və onun işıqlandırlması mövzusu ilə ardıcıl olaraq məşğul oluruq. Özü də birtərəfli yox, erməni həmkarlarımızla bir yerdə və həmişə çalışdığımız, başa düşdüyümüz əsas odur ki, bu olduqca mürəkkəb bir problemdir. Jurnalistlərə deyirik ki, bu problemin işıqlandırılmasında çox ehriyatlı olmaq lazımdır. Ən azı dediyin sözün, etdiyin hərəkətin hansı əks-səda verəcəyini düşünmək lazımdır. Yenə təkrar edirəm, bu çox mürəkkəb bir məsələdir. Mənə elə gəlir ki, Lapşin bu problemi həddən artıq sadələşdirməyə qərar verib. Bu da onunla nəticələndi ki, çox nadir bir halın şahidi olduq. Çünki bir ölkənin vətəndaşını, hər hansı bir tərəfə, ölkəyə və yaxud tanınmamış əraziyə səfər etdiyi üçün ikinci ölkədə tutub, üçüncü ölkəyə ekstradisiya etmək, bu tarixdə olduqca nadir bir hadisədir. Biz onun şahidi olduq. Bu, niyə indi baş verdi? Əvvəla deyim ki, onunla hesablaşmadan kiminsə Ermənistandan keçərək Dağlıq Qarabağa getməsi Azərbaycanın xoşuna gəlmir. Bunu başa düşmək olar. Kiminsə Dağlıq Qarabağı müstəqil bir ərazi kimi təqdim etməsi və bunun üçün çağırışlarda iştirak etməsini Azərbaycan xoşlamır. Mənə elə gəlir, bu da aydın məsələdir və sizə deyim ki, belə hadisələr olanda Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” Proqramında Azərbaycanla yanaşı olan ölkələr də, - Gürcüstan da, Moldova da, Ukrayna da belə davranır. Bir Belarusiyadır ki, onda hələ şükür ki, belə problem yoxdur. Amma, Belarusiya da göstərdi ki, belə bir problemlə üzləşsə nə cür davranar. Ona görə də faktiki olaraq, Azərbaycanın sərhədini pozması və bayaq dediyim faktları bir yerə toplayanda, mən ekstradisiya məsləsində müəyyən hüquqi əsasların olduğu fikrindəyəm.

Amerikanın Səsi: Aleksandr Lapşinlə bağlı qaldırılmış cinayət işinin perspektivlərinə necə baxırsınız? Bu iş Azərbaycanın beynəlxalq nüfuzuna hansı çalarlar gətirə bilər?

Arif Əliyev: Lapşin 2011, 2012-ci illərdə Dağlıq Qarabağda olub. Bundan sonra həyatını da sürüb, dostlarını və tanışlarını sevindirən yazılar da yazıb. Açığını deyim ki, onun yazdıqları, onun bütövlükdə tənqidi mövqeyi və çox özəl bir fəallığı mənim xoşuma gələndir. Amma, onun tonunu, yazılarında tənqid hədəfinə münasibətini bölüşmürəm. O münasibəti, ümumiyyətlə bir çox hallarda məqbul hesb etmirik. İstənilən halda onun yazdıqları və dedikləri jurnalıst profesionallığı və etika məsələləridir. Bunun qanuna adiyyatı yoxdur. Amma, belə bir halda 2016-cı ildə pasporta adı bir qədər fərqli yazıldığı üçün, bu pasportdan istifadə edərək Azərbaycana gəlməsi və gedəndən sonra faktiki olaraq bir acıq verirmiş kimi bununla öyünməsi və deməsi ki, Azərbaycana istədiyim vaxt gedəcəm və sairə. Təbii ki, belə bir şəraitdə Azərbaycandan hansısa bir addım gözlənilirdi. İndi nə baş verəcək? Bu məsələdə mən əvvəldən də dedim ki, bir çox dövlətlərin faktiki olaraq maraqları hiss olunur. Ən azı adları çəkilir. Bu adam Gürcüstanda xeyli yaşayıb, orada biznesi var. Dağlıq Qarabağa Ermənistandan gedib. Ukrayna pasportundan istifadə edib Azərbaycana girib. Belarusiyada tutulub. Baxın, hamısı bir-birinə qarışıb. Mənim fikrimcə, hansısa bir nöqtədə (hələ Rusiya və İsrailin araşdırılan məslədə iştirakını demirəm, bunlar çox mühüm faktorlardır), hasısa bir mərhələdə bu maraqların bir kəsişmə nöqtəsi olacaq. Fikrimcə, ola bilər ki, məhkəmə Lapşinə hansısa bir hökm çıxarsın və bundan sonra prezident əfv fərmanı versin. Başqa bir üsul da tapıla bilər. Ancaq, istənilən halda, mənə elə gəlir ki, sonda Qorbaçov formulunda hərəkət olunacaq ki, həm qurdun qarnı tox olsun, həm də quzular sağ qalsın. Hərçənd, bəzi quzuların bu məsələdə dərisi ola bilsin ki, korlansın. Mənə elə gəlir ki, bu cür olacaq. Azərbaycanla bağlı, onun nüfuzu ilə və sairə. Yəqin ki, müəyyən problemlər olacaq. Amma, bu qarşıdurmada daha böyük problemləri yaşayan tərəflər olacaq. İlk növbədə, bu əhvalatda Ermənistan özünü o qədər yaxşı vəziyyətdə (onların reaksiyaları bunu deyir) hiss etmir. Amma, Azərbaycanın da daxili məsələlərlə bağlı papağını qabağına qoyub fikirləşəsi məsələlər çoxdur. Əvvəla, sərhədlərin nə dərəcədə yaxşı qorunması məsələsi, hanısa variantda, əgər bu məqsədlə istifadə olunubsa, başqa məqsədlə də istifadə oluna bilər. Sonra, bütün prosedurların nə dərəcədə qanunauyğun yerinə yetirilməsi məsələsi, bilirsiniz, ola bilsin ki, bayaq mən dedim ki, Lapşinin ifadələri, münasibəti və sairə, o qədər də jurnalist prinsiplərinə uyğun deyil. Bloger prinsiplərinə nə qədər uyğundur? Bu da sual doğurur. Amma, dövlət istənilən halda özünə belə şeyləri rəva bilməməlidir. Atdığı hər bir addım qanunla ölçülüb, hüquq müstəvisində olmalıdır.

Amerikanın Səsi: Bir sıra hüquq müdafiəçiləri, o cümlədən rəsmi Yerevan Lapşinin Azərbaycana ekstradisyasının söz və fikri azadlığına qarşı olduğunu bildirib. Sizin fikriniz?

Arif Əliyev: Mən ona görə deyirəm ki, indiyədək olan proses araşdırılmalıdır. Xüsusən, hüquqşünaslar və cəmiyyət buna nəzarət etməlidir. İndən sonrakı proses də nə dərəcədə qanun çərçivəsində olacaq, məhkəmə və dövlət də 40 yaşlı gəzməyi xoşlayan bloger rolunda özünü hiss etməməlidir. İstənilən halda onun məsuliyyəti daha böyükdür və o hüquq çərçivəsindən kənara çıxmamalıdır.

Amerikanın Səsi: Rusiya və İsrail vətəndaşlarının ekstradisiyasını düzgün saymır? Siz necə hesab edirsiniz?

Arif Əliyev: Rusiyanın və İsrailin yerinə hansı başqa bir ölkə olsa idi, eyni münasibət sərgiləyərdi. Çox ehtimal ki, Azərbaycanın və Belarusun yerinə digər ölkələr olsa idi, oxşar reaksiyalar, oxşar münasibətlər göstərərdi. Amma, bu sual siyasi baxımdan ictimai qiymətdən başqa, ilk növbədə çox ciddi hüquqi qiymət tələb edir.

XS
SM
MD
LG