Accessibility links

Bu barədə vəkil Elçin Sadıqov Facebook səhifəsində yazıb

Böhtanda təqsirləndirilərək həbs edilən realliq.az saytının redaktoru İkram Rəhimov və mediaya müraciət yazmış vətəndaş Rəhman Novruzov məhkəmə zalından azadlığa buraxıb.

Bu barədə vəkil Elçin Sadıqov Facebook səhifəsində yazıb.

Onun yazdığına görə, qərarı Sumqayıt Apellyasiya Məhkəməsi martın 1-də jurnalistin şikayətinə baxış zamanı qəbul edib.

Apellyasiya şikayətində İ.Rəhimov və R.Novruzova bəraət verilməsi istənilirdi.

Məhkəmə şikayəti qismən təmin edib. Jurnalistə və onun mənbəyinə 9 ay müddətinə islah işləri cəzası təyin edilib. Məhkəmə azadlıqdan məhrumetmə cəzasını islah işləri cəzası ilə əvəzləyib.

Hər iki şəxs cəzasını çəkmiş sayıldığından məhkəmə zalından azadlığa buraxılıb.

Elçin Sadıqov bildirib ki, qərardan Ali Məhkəməyə şikayət ediləcək, jurnalistə bəraət verilməsini tələb edəcək.

"Ali Məhkəmə bəraət verməzsə, Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edəcəyik. Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsi aydın şəkildə göstərir ki, jurnalistin ifadə azadlığına hüquqi müdaxilə, yəni həbs cəzası yolverilməzdir", vəkil əlavə edib.

Realliq.az saytının redaktoru İkram Rəhimov Sumqayıtdakı "Ucuz market" ticarət mərkəzinin rəhbərinin xüsusi ittiham qaydasında şikayəti əsasında həbs olunub. İ.Rəhimov həmin ticarət obyektinin rəhbərinin vergidən yayınması, şəhər rəhbərliyinə rüşvət verməsi haqqında vətəndaş R.Novruzovun şikayət məktubunu dərc etmişdi.

Sumqayıt Şəhər Məhkəməsi ötən ilin noyabrında həm jurnalisti, həm də ona şikayət məktubu yazan Rəhman Novruzovu Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) maddəsi ilə günahkar bilərək 1 il azadlıqdan məhrum etmişdi.

Jurnalist mühakimə edildikdən sonra vəkili vasitəsilə hələ polisdə saxlanarkən ona işgəncə verildiyini açıqlamışdı.

Daxili İşlər Nazirliyi, eləcə də Sumqayıt şəhər İcra Hakimiyyəti jurnalistin bu fikirlərini təkzib etmişdi.

Ancaq jurnalistin vəkilləri işgəncə iddialarının araşdırılmasından ötrü ayrıca hüquq-mühafizə qurumlarına müraciət ediblər.

XS
SM
MD
LG