Accessibility links

Elmar Hüseynovun qətlindən 12 il keçir [Video & Fotoqalereya]


Elmar Hüseynovun qətlindən 12 il keçir
please wait

No media source currently available

0:00 0:06:35 0:00

Elmar Hüseynovun qətlindən 12 il keçir

Jurnalistin məzarı önündə anım mərasimi keçirilib

Martın 2-də “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qəbri üzərində anım mərasimi keçirilib. Elmar Hüseynovun qətlindən 12 il keçir.

Mərasimdə müxalifət partiyalarının liderləri, ictimai xadimlər, ziyalılar, jurnalistlər, QHT təmsilçiləri, hüquq müdafiəçiləri iştirak edib.

Ölkədə tənqidi jurnalistikanın tanınmış nümayəndəsi Elmar Hüseynov 2005-ci il martın 2-də evinin astanasında odlu silahla qətlə yetirilib. Jurnalistin qətli ilə bağlı cinayət işi qaldırlıb və istintaqı keçmiş Milli Təhlükəsizlik Nazirliyi aparıb. Ölkə prezidenti jurnalistin qətlindən sonra onun ailəsinə qatilin çox tez bir zamanda tapılıb istintaqa təhvil veriləcəyini bildirib. Buna baxmayaraq, qəsdi törədənlərin adı deyilsə də, onlar indiyədək tapılıb istintaqa təhvil verilməyib. Qəsdin sifarişçiləri haqqında isə rəsmi qurumlar ümumiyyətlə danışmayıb.

Tənqidi yazılarına görə Elmar Hüseynova qarşı dəfələrlə cinayət işi qaldırılıb, həbs edilib, məhkəməyə verilib, ona qarşı məhkəmə sanksiyaları tətbiq edilib, hədə-qorxulara məruz qalıb.

Jurnalistin həyat yoldaşı kiçik yaşlı oğlu ilə ölkəni tərk edib. Onun həyat yoldaşı Avropa İnsan Haqları Məhkəməsinə müraciət edib.

Bu günki anım mərasimindəki çıxışların əsas leytmotivi Elmar Hüseynovun qətlinin sifarişçiləri, qətlin açılmamasının səbəbləri, jurnalistin qətlinə səbəb olan amillər olub.

“Keçmiş Milli Təhlükəsizlik Nazirliyi jurnalistin qətli ilə bağlı cinayət işinin istintaqını öz üzərinə götürdükdən sonra cinayətin açılması istiqamətində hər hansı addım atılmayıb. İndi keçmiş MTN-nin rəhbər şəxslərinin məhkəməsi gedir. Amma, yenə cinayəti işinin istintaqında bir irəliləyiş yoxdur.

Düşünürdüm ki, yeni yaranan Dövlət Təhlükəsizlik Xidməti bu işin üstünü açar. Hələ ki, yenə də irəliləyiş yoxdur”, Elmar Hüseynovun qətli ilə bağlı yaradılmış ictimai araşdırma qrupunun rəhbəri Şahbaz Xuduoğlu bildirib.

Onun sölərinə görə, qətldən sonra Türkiyədən gələn təhqiqatçılar ictimai araşdırma qrupuna bu qətlin üstünün açıq olduğunu bildirib.

“Amma, sonra onlar ölkəni tərk etdfi və mediaya hər hansı məlumat verilmədi”, Xuduoğlu qeyd edib.

O düşünür ki, media və cəmiyyət aktiv olsa cinayətin üstünü açmaq olar.

Milli Şuranın sədri Cəmil Həsənli hesab edir ki, jurnalistin qətli azad sözün susdurulmasına yönəlib.

“Akademik Ziya Bünyadov və Elmar Hüseynovun qətlində bir oxşarlıq var. Gülləni hər iki şəxsin ağzına yönəldiblər. Bu azad sözə atılan güllələrdir. Bu azad sözü, azad mətbuatı susdurmaq üçün törədilən qətllərdir. Qətlin üstü ona görə açılmır ki, burada səlahiyyətli şəxslər maraqlı idilər”.

C.Həsənli keçmiş MTN-in iş adamlarına qarşı cinayətlərinin üstü açıldığı halda bu cinayətin üstünün açılmamasını hakimiyyətin sifarişi olması ilə əlaqələndirib.

Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər deyir ki, E.Hüseynovun qətli ailə hakimiyyətinin möhkəmlənməsi yolunda atılan addımlardan biri idi. E.Hüseynov hakimiyyətə tabe olmayan azad sözün yanında idi.

“Hakimiyyət bu addımla azad sözü, müxalif partiyaları, xalq yanında olan ziyalıları sıradan çıxarmağı düşünürdü. İndiki rejim hakimiyyəti əlində saxlaya bilsə də müxalif düşüncəni, azad sözü, işıqlı ziyalıları sıradan çıxara bilmədi, bu isə xalqın gücündən xəbər verir”.

İ.Qəmbər hakimiyyətin birinci vitse-prezident təyinatına toxunaraq, belə addımların hakimiyyəti gücləndirmədiyini, əksinə süqutunu yaxınlaşdırdığını vurğulayıb.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli də Elmar Hüseynovun qətlinin ailə hakimiyyətinin möhkəmlənməsi üçün edildiyini bildirib. Ə.Kərimli azad sözə qarşı qəsdin bununla dayanmadığını deyyib.

“Elə həmin 2005-ci ildə “Azadlıq” qəzeti, onunla eyni yerdə olan digər media və ictimai qurumlar da binadan çıxarıldı”.

Onun fikrincə, hakimiyyətin məqsədi ayrı-ayrı şəxslərin mümunəsində bütün xalqı susdurmaq idi, “amma bunu bacarmadı”.

AXCP lideri son tarixə də nəzər salıb və ölkədə azad medianın susdurulduğunu misallarla izah edib.

“Bu gün də jurnalistlər, blogerlər, gənc siyasi fəallar həbs olunur. Odur ki, Elmarın qətli azad sözə qarşı çirkin niyyətin tərkib hissəsi idi. Vaxt gələcək bu qətlləri törədənlər, sifarişçilər məhkəmə və xalq qarşısında cavab verəcək”, o qeyd edib.

Müsavat Partiyası başqanı Arif Hacılı əmindir ki, hazırki iqtidarın dövründə jurnalistin qətlinin üstü açılmayacaq.

“Elmar Hüseynovun qətli yalnız demokratik cəmiyyyət formalaşdıqdan sonra açılacaq.

Ölkədə demokratik mühit yoxdur, azad söz demək olar ki, susdurulub, ələ alınıb. Azad mühit olmadığı üçün siyasi mühacirlər Avropada etiraz aksiyaları keçirir. Avropada fəallaşan insanların Azərbaycanda yaşayan ailə üzvləri polis təqiblərinə məruz qalır, partiya rəhbərləri istintaqa çağırılır”, Müsagvat başqanı deyib.

Turan Agentliyinin direktoru Mehman Əliyev mübarizənin davam etdiyini bildirib. Onun fikrincə, çap mediası, televiziyalar, internet media nəzarətə götürülsə də informasiya məkanı nəzarətidə deyil.

“Hökumət ölkədə media azadlığını Elmarın yatdığı bu qəbirdə basdırmaq istəyirdi. Amma, azad fikirli insanlar, qorxmaz media nümayəndələri bu qəbri neçə illərdir ziyarət etməklə buna yol vermədilər. İndi ölkədə media azadlığı məhz bu məzardan, Elmarın məzarından başlayır”, o qeyd edib.

Jurnalist Xədicə İsmayıl Elmar Hüseynovun qətlinin üstünün indiyə kimi açılmamasını cəmiyyətin, medianın zəifliyi ilə əlaqələndirib və güclənməyə çağırıb.

Bloger Mehman Hüseynov bildirib ki, jurnalistin qətlindən keçən 12 il azad medianın və Elmarın dostlarının kimlər olduğunu üzə çıxarıb.

“Vaxtı ilə Elmara dost deyib, iqtidarı tənqid və hətta təhqir edənlər, indı onları tərifləməkdən doymurlar. Azad sözün müdafiəçiləri isə yenə də Elmarın qəbrinin başındadır”, o qeyd edib.

Tədbirin sonunda anım mərasiminin bəyanatı oxunub.

Bəyanatda hökumət Elmar Hüseynovun qatillərinin və qətlin sifarişçilərinin cəzalandırılmasına, hazırda həbsdə olan bütün media mənsublarının azadlığa buraxılmasına, ifadə azadlığına görə təqiblərə son qoyulmasına, qanunvericilikdə internet və media azadlığını məhdudlaşdıran müddəaların aradan qaldırılmasına, diffamasiya haqqında qanunun qəbul edilməsinə, KİV-in davamlı və azad inkişafı üçün iqtisadi şəraitin yaradılmasına, beynəlxalq norma və standartlara uyğun keyfiyyətli KİV-in inkişafı üçün hökumətlə media təmsilçiləri arasında konstruktiv dialoqun başlanmasına çağırılır.

XS
SM
MD
LG