Accessibility links

Xalid Ağaliyev: Həbsdəki jurnalist və bloqçuların siyahısı hökumətin arqumentlərini təsdiq etmir [Video-müsahibə]


Ekspert Amerikanın Səsinə müsahibəsində media azadlığı sahəsində son durumdan danışıb

Media hüququ üzrə ekspert Xalid Ağaliyev Amerikanın Səsinə müsahibəsində ölkədə media azadlığı sahəsində durum, jurnalist və blogerlərin həbsindən danışıb.

Amerikanın Səsi: Yerli medianın məlumatları göstərir ki, bu ilin fevralından başlayaraq daha çox sosial şəbəkə iştirakçıları məsuliyyətə cəlb edilir. Sizcə buna səbəb nədir? Ümumilikdə hazırda həbsdə nə qədər jurnalist və bloger var?

Hazırda həbsdə olan jurnalist və blogerlərlərin sayı 15 nəfərdir.

Xalid Ağaliyev: Hazırda həbsdə olan jurnalist və blogerlərin sayı 15 nəfərdir. Mən uzun müddətə həbsdə olan və barəsində cinayət işi olanları nəzərdə tuturam. Ümumilikdə isə sosial şəbəkəyə müdaxilələrin olması, orada fəallıq göstərən blogerlərin təqibə məruz qalması, yalnız fevraldan başlayan bir tendensiya deyil. Bu, davamlı olaraq Azərbaycanda mövcud olub. Sadəcə olaraq fevralda daha sürətli nəzərə çarpmağa və onlar aşkar şəkildə cəzalandırılmağa başlanıb. Məsələn, ondan artıq sosial şəbəkə fəalı olub ki, onlar müxtəlif müddətlərə inzibati məsuliyyətə cəlb olunublar, həbs olunublar, yaxud cərimə ediliblər. Bundan başqa, son nümunə bloger Mehman Hüseynovun həbsidir. Bu daha çox o dövrə təsadüf etdi ki, (bu dövrü başqa cür xatrakterizə etmək üçün başqa amil tapmaq mümkün deyil) Azərbaycanda konstitusiyaya edilmiş dəyişikliklərdən sonra vitse-prezident təyin olundu. Demək olar ki, ənənəvi media, klassik medianın heç biri buna tənqidi tərəfdən yanaşmadı. Tənqid sırf sosial mediada idi. Eləcə də, Azərbaycandan kənarda yayımlanan xarici telekanallarla bağlı idi. Məsələn, dediyim təyinatla bağlı Türkiyənin “Fox” kanalının Azərbaycanda yayımının dayandırılması amilini də yada salanda sosial şəbəkələrə basqılarda bu təyinata tənqidi yanaşmanın da müəyyən rolu olduğu qənaətinə gəlmək olar.

Amerikanın Səsi: Son həbslər arasında bloger Mehman Hüseynovun həbsi daha geniş rezonans doğurub. Sizcə Hüseynovun həbsini zəruri edən nə idi?

Mehman Hüseynov son bir neçə ayda xüsusilə hökumətdəki yüksək post tutan şəxslərlə bağlı, çox sərt tənqidi və onların haradasa korrupsiyaya bulaşmasına işarə edən xeyli bloqlar yaymışdı. Bu, aşkar şəkildə hökumət tərəfindən narahatlıqla qarşılanmışdı.

Xalid Ağaliyev: Mehman Hüseynov Azərbaycanda internet məkanında izlənən blogerlər arasında ən populyarı idi. Onun hazırladığı bloqlar, sosial şəbəkədə yaydığı bloqlar Azərbaycanda hamıdan daha çox izlənilirdi və ictimaiyyət tərəfindən çox diqqətlə qarşılanırdı. Nəzərə almaq lazımdır ki, Mehman Hüseynov son bir neçə ayda xüsusilə hökumətdəki yüksək post tutan şəxslərlə bağlı, çox sərt tənqidi və onların haradasa korrupsiyaya bulaşmasına işarə edən xeyli bloqlar yaymışdı. Bu, aşkar şəkildə hökumət tərəfindən narahatlıqla qarşılanmışdı. Müəyyən açıqlamalarda da Mehman Hüseynova yönəli sərt yanaşmalar mövcud idi. Mehman Hüseynovun həbsi ilə bağlı, - mən hesab edirəm ki, onu əsas zəruri edən səbəb o idi ki, - tənqid edirdi və bu sahədə daha çox tanınan, daha çox izlənən şəxs idi. Məncə, onun həbsinin əsas səbəbi də bu idi.

Amerikanın Səsi: Azərbaycan parlamenti son illər söz və media azadlığı ilə bağlı qanunvericiliyə çoxsaylı dəyişikliklər və əlavələr edib. Sizcə bu sənədlər ölkədə media azadlığına hansı təsirlər edib?

Azərbaycanda son beş-altı ildə media azadlığına aidiyyatı olan qanunvericiliyə edilən dəyişikliklərin əksəriyyəti məhdudlaşdırıcı məzmunda olub.

Xalid Ağaliyev: Təəssüflər olsun ki, Azərbaycanda son beş-altı ildə media azadlığına aidiyyatı olan qanunvericiliyə edilən dəyişikliklərin əksəriyyəti məhdudlaşdırıcı məzmunda olub. Mən sadəcə, konkret nümunə göstərmək istəyirəm ki, bu dəyişikliklər nəyə gətirib çıxarıb? Sizin də yadınızda olar, iki il bundan əvvələ qədər jurnalist hər hansı bir məlumat yaydıqda onun prokurorluğa çağırılıb izahat alınması və ona xəbərdarlıq edilməsi praktikası yox idi. Amma biz son zamanlar bir neçə aydan bir eşidirik ki, hansısa jurnalist hansısa yazıya görə prokurorluğa çağırılıb, ona xəbərdarlıq olunub və bir daha bu mövzuda yazmaması barədə ondan iltizam alınıb. Hətta, bu səviyyəyə də gəlib çıxıb. Bu son illərdə baş verən dəyişikliklərin bariz nümunələrindən biridir. Bundan başqa, informasiya əldə edilməsi ilə bağlı qanunvericiliyə edilən dəyişikliklər də tamamilə məhdudlaşdırıcı məzmunda olub. Bunun nəticəsidir ki, indi tənqid edən jurnalistlərin dövlət qurumlarından hətta sorğu ilə belə informasiya əldə etmək imkanları xeyli dərəcədə məhdudlaşıb. Bundan başqa, böhtan və təhqirə görə cinayət qanunvericiliyində təsbit olunan maddələr hələ də saxlanılır. Baxmayaraq, Azərbaycan Avropa Şurası qarşısında götürdüyü öhdəliklərə uyğun olaraq bu maddələri ləğv etməli idi. Amma o maddələr həm də ağırlaşdırılıb. Ən son, bu yaxınlarda, internetin tənzimlənməsi ilə bağlı bəzi qanunlara dəyişklik olunub. “İnfomasiyalaşdırma haqqında” qanunu yada salmaq istəyirəm. Burada çox ciddi dəyişikliklər nəzərdə tutulur. Oradan bir nümunəni yada salmaq istəyirəm ki, bu qanunda icra hakimiyyəti qurumuna, yəni internet sahəsində icra hakimiyyəti qurumu - Rabitə Nazirliyinə hər hansı saytda getmiş informasiyaya görə, o sayta girişi yasaqlamaq hüququ veriləcək. Halbuki, bu həm Azərbaycan konstitusiyasında, eyni zamanda Azərbaycanın qoşulduğu Avropa konvensiyasında nəzərdə tutulan hüquq və azadlıqların kobud şəkildə pozulması deməkdir.

Amerikanın Səsi: Beynəlxalq təşkilatlar ölkədə media azadlığı sahəsində durumun çox ağır olduğunu, hökumət isə azadlıqların tam təmin edildiyini bildirir. Sizcə Azərbaycanda media sahəsində real durum necədir?

Hökumət bu sahədə hüquq və azadlıqların təmin olunmasını deyirsə, amma bunun arxasında təəssüf ki, faktlar dayanmır. İstər medianın reklam imkanları, istər mediada çalışanların durumu, onların hüquq və azadlıqları olsun, bu sahədə çox ciddi problemlər var.

Xalid Ağaliyev: Ümumiyyətlə, Azərbaycanda medianı ayrı-ayrı hissələrə bölsək, - yayım mediası, çap mediası, internet mediası. Məncə, bu cür bölgü aparıb, biz dəyərləndirsək daha yaxşı olar. Çap mediası ilə bağlı onu demək istərdim ki, bu media demək olar ki, tamamilə hökumətin kontrolundadır (nəzarətindədir-red). Yayım mediasının üzərində uzun-uzadı dayanmağa ehtiyac yoxdur. Azərbaycanda ANS Televiziya Kompaniyası yeganə telekanal sayıla bilərdi ki, özəl idi, müəyəyn mənada tənqidi fikirlərə, hökumətin rəylərinə alternativ rəylərin də ictimaiyyətə çatdırılımasında müəyyən rol oyanyırdı. Hətta, o da qapadılıb. Demək olar ki, yayım mediası da bütünlüklə hökumətin kontrolundadır. Azərbaycan mediasının üzünü ağ edən, demək olar ki, yeganə məkan internet mediasıdır. Bunu deyə bilərik. İnternet mediası əvvəlcə qeyd elədiyim iki mediadan fərqli olaraq xeyli azaddır. Amma söhbətimizin əvvəlində də qeyd elədiyimiz kimi, son aylarda bu media sahəsində də vəziyyət ciddi şəkildə pisləşməkdədir. Yəni, ümumi olaraq vəziyyət bundan ibarətdir ki, çox təəssüflə qeyd eləməliyik ki, beynəlxalq təşkilatların bu məsələyə yanaşması daha haqlıdır. Hökumət bu sahədə hüquq və azadlıqların təmin olunmasını deyirsə, amma bunun arxasında təəssüf ki, faktlar dayanmır. İstər medianın reklam imkanları, istər mediada çalışanların durumu, onların hüquq və azadlıqları olsun, bu sahədə çox ciddi problemlər var. Eyni zamanda, Azərbaycanda həbsdə olan jurnalistlərin, bloqçuların siyahısı təəssüf ki, hökumətin arqumentlərinin güclü olmamasını göstərir.

XS
SM
MD
LG