Accessibility links

Bloger Mehman Hüseynovun apellyasiya şikayətinə baxılır [Video]


Məhkəmə baxışı aprelin 10-na təyin edilib

Martın 29-da Bakı Apellyasiya Məhkəməsində hakim Vaqif Mursaqulovun sədrliyi ilə həbsdə olan bloger Mehman Hüseynovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

M.Hüseynov bu il yanvarın 9-da saxlanılıb. Polisin qanuni əmrinə tabe olmamaqda günahlandırılan bloger bir gün sonra 200 manat cərimə edilməklə sərbəst buraxılıb. Nəsimi Rayon Məhkəməsinin qərarında blogerin 200 manat cərimə edilməsi ilə yanaşı, onun işgəncəyə məruz qalması ilə bağlı vəkillərinin şikayətinin prokurorluqda araşdırılması da öz əksini tapıb.

M.Hüseynov sərbəst buraxıldıqdan sonra polisdə işgəncələrə məruz qaldığını bildirib. Ancaq Daxili İşlər Nazirliyi blogerin polisdə işgəncəyə məruz qalması ilə bağlı dediklərini inkar edib.

Ardınca da Nəsimi Rayon Polis İdarəsinin rəisi M.Musayev xüsusi ittiham qaydasında blogerdən şikayət edib. Onun şikayətində Mehman Hüseynovun işgəncəyə məruz qalmasını bildirməsi polisə böhtan kimi dəyərləndirilib.

Musa Musayev blogerin Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə məsuliyyətə cəlb olunmasını və cəzalanmasını istəyib.

Suraxanı Rayon Məhkəməsinin hökmü ilə M.Hüseynov 2 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.

Apellyasiya şikayəti həmin hökmdən verilib. Şikayətdə onun barəsində bəraət hökmünün çıxarılması istənilib.

Bu gün keçirilən məhkəmədə hüquq müdafiəçiləri, ictimai-siyasi xadimlər, ictimaiyyətin nümayəndələri, ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Hollandiya, Norveç səfirliklərinin, Avropa İttifaqının Bakı ofisinin təmsilçiləri iştirak edib.

Amerikanın Səsinin müxbirinin məhkəmədən verdiyi məlumata görə, M.Hüseynovun vəkilləri Elçin Sadıqov, Fuad Ağayev və Şəhla Hümbətova çoxsaylı vəsatətlərlə çıxış ediblər.

Onlar M. Hüseynovun vəkillərin yanında əyləşməsi, ona bəraət verilməsi, cinayət işinin xitam edilməsi, həbs qətimkan tədbirinin dəyişdirilməsi, prosesdə audio və ya video çəkiliş aparılması, məhkəmənin istintaqla aparılması, Nəsimi rayon Polis İdarəsinin rəisi Musa Musayevin dindirilməsi və digər məsələlər barədə vəsatət veriblər. Məhkəmə vəsatətləri təmin etməyib.

Vəkillər Mehman Hüseynov barəsindəki ittihamın tam sifarişli olması, cinayət işinin istintaqının və məhkəmənin çoxsaylı qanun pozuntuları ilə aparıldığını bildirib. Onların fikrincə, blogerin həbsi Avropa İnsan Hüquqları Konvensiyasının çoxsaylı bəndləri ilə ziddiyyət təşkil edir.

“Biz böyük dövlət aparatı ilə üzbəüz qalmışıq. Məhkəmə təkcə ifadələrə yox, sübutlara əsaslanmalıdır. Mehman Hüseynov xüsusi ittihamçının adını çəkməyib, onu tanımır. Məhz bu səbədən Musa Musayev xüsusi ittihamçı kimi çıxış edə bilməz. O, şikayətində belə böhtanla, şərəf və ləyaqətin alçaldılmasını qarışdırıb. Bura Azərbaycandır. Çox böyük insan hüquqları pozuntusu halları baş verir. Bunu sübut edən Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları da var”, vəkil Fuad Ağayev bildirib.

Məhkəmə baxışı aprelin 10-na təyin edilib.

Bir çox beynəlxalq təşkilatlar M.Hüseynovun barəsində məhkəmə hökmünü pisləyən bəyanatlarla çıxış edib, həbsin onun bloger və hüquq-müdafiə fəaliyyəti ilə əlaqəli olduğunu bildiriblər.

Mehman Hüseynov Azərbaycanda ən çox izlənən blogerlərdən biridir. Onun "SANCAQ production" Facebook səhifəsinin bir neçə yüz min izləyicisi var.

XS
SM
MD
LG