Accessibility links

Jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb [Video]


Məhkəmə baxışı yanvarın 12-nə təyin olunub

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Ismayılovun sədrliyi ilə jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən 5 nəfərin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Rasim Əliyev

Rasim Əliyev

Jurnalist Rasim Əliyev 2015-ci il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb. Çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilən jurnalist avqustun 9-da orada vəfat edib.

Jurnalistin ölüm faktı üzrə qaldırılmış cinayət işi ilə bağlı Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov, Arif Əliyev və "Qəbələ" futbol klubunun futbolçusu Cavid Hüseynov tutulub.

Onlar Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham olunurlar.

Bir müddət sonra cinayət işinin materiallarından Cavid Hüseynovun cinayət işi ayrılaraq ayrıca icraata verilib.

Bu günki məhkəmə iclasında zərəçəkmiş tərəfin vəkilləri çıxış edərək işə yenidən baxılması üçün ibtidai istintaqa qaytarılması, əlavə şahidlərin və mərhumun müalicə aldığı xəstəxananın həkimlərinin məhkəmə prosesinə cəlb edilməsi barədə vəsatətlər qaldırıblar. Hakim vəsatətləri təmin etməyib və əlavə şahidlərin məhkəməyə cəlb edilməsi barədə vəsatəti baxılmamış saxlayıb.

Məhkəmə baxışı yanvarın 12-nə təyin olunub.

Bir müddət əvvəl jurnalistin valideynləri prezidentə müraciət edərək istintaqdan şikayət edib. Valideynlər jurnalisti müayinə və müalicə etmiş həkimlərin də istintaqa cəlb edilməsini istəyir.

XS
SM
MD
LG