Accessibility links

Müalicə üçün İrana gedən Azərbaycan vətəndaşlarının sayının azaldığı bildirilir

Şərqi Azərbaycan vilayəti Mədəni İrs Təşkilatının turizm üzrə müavini İLNA xəbər agentliyi ilə söhbətdə vilayətdə səhiyyə turizmi ilə bağlı durumun pisləşdiyini və Azərbaycan Respublikasından müalicə üçün Şərqi Azərbaycana gələnlərin sayının azaldığını bildirib.

Əhməd Həmzəzadə müalicə üçün gələnlərə verilən xidmətlə bağlı vilayətdə düzgün sistemin mövcud olmaması və Azərbaycan rəsmilərinin turistləri başqa ölkələrə yönləndirməsini sağlamlıq turizminin geriləməsinə səbəb olan amillər kimi dəyərləndirib.

Onun dediyinə görə, “bu məsələdə Azərbaycan valyutasının dəyərinin aşağı düşməsi də təsirsiz olmayıb.”

Həmzəzadə həmçinin vilayət əhalisinin ən çox səfər etdiyi ölkələr barədə məlumat verib. Onun sözlərinə görə, Şərqi Azərbaycan turistlərinin birinci ünvanı Türkiyə, ikincisi isə körfəz ölkələridir.

İranın "Mehr" adlı yarı-rəsmi xəbər agentliyi də ötən həftələrdə Şərqi Azərbaycan vilayətində sağlamlıq turizmi ilə bağlı problemlər haqda ətraflı reportaj yayıb.

Reportajda bir il öncəyə qədər Təbriz sağlıq mərkəzlərinin qonşu ölkələrdən gələn sağlamalıq turistləri ilə dolduğu, ancaq hazırda gələnlərin sayının kəskin azaldığı önə çəkilir.

Sağlıq turizmi üzrə vilayətdə düzgün və planlı idarəetmənin olmamasını önə çəkən xəbər agentliyinin bildirdiyinə görə, məsul şəxslər turistlərə zərər verən saxtakar həkimlər və fürsətçi dəllallara qarşı gərəkli tədbirləri nəzərdə almayıblar.

XS
SM
MD
LG