Accessibility links

Məhəmməd Əmin Rəsulzadənin abidəsi önündə anım mərasimləri keçirilib [Fotoqalereya]


Məhəmməd Əmin Rəsulzadə və Əbülfəz Elçibəy

Məhəmməd Əmin Rəsulzadə və Əbülfəz Elçibəy

Yanvarın 31-də Milli Şura, Azərbaycan Xalq Cəbhəsi, Müsavat, Klassik Xalq Cəbhəsi, Demokrat partiyaları, ziyalılar, ictimaiyyətin çoxsaylı nümayəndələri Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin doğum günü ilə əlaqədar onun anadan olduğu Novxanı kəndindəki abidəsi önündə anım mərasimləri keçirib.

Mərasimlərdə, “Rəsulzadə-Elçibəy, başqa böyük yox!”, “Heykəli bircə kənddə, nüfuzu məmləkətdə!”, “İnsanlara hürriyyət, millətlərə istiqlal!”, “Azadlıq!”, “Demokratiya!” şüarları səsləndirilib.

Məhəmməd Əmin Rəsulzadə yad edilir

Məhəmməd Əmin Rəsulzadə yad edilir

Mərasimlərdə Milli Şura sədri Cəmil Həsənli, AXCP sədri Əli Kərimli, Müsavat Partiyasının başqanı Arif Hacılı, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər, tarixçi alimlər, ictimaiyyət nümayəndələri çıxışlar edib.

“M.Ə.Rəsulzadə ictimai-siyasi proseslərin səhnəsinə gələndə Azərbaycan xalqı yol axtarırdı. Bu yolun hədəflərini verən olsa da, onu ümumi sistem kimi formalaşdırmaq missiyası Rəsulzadənin üzərinə düşdü”, Cəmil Həsənli qeyd edib.

Əli Kərimli deyib ki, Rəsulzadə Azərbaycan dövlətinin qurulmasında müstəsna xidməti olan şəxsiyyətdir.

“Xalqımız haqlı olaraq bu böyük şəxsiyyəti sevir və onunla qürur duyur. Məhəmməd Əmin Rəsulzadə təkcə siyasətçi, ideoloq, dövlət xadimi deyildi, həm də millətimizin böyük yazarı, publisist idi. Ən vacibi isə özünü Azərbaycan dövlətinə və millətinə həsr etmiş böyük fədai idi”.

Tarixçi alim Nəsiman Yaqublu deyib ki, Rəsulzadə yalnız Azərbaycan xalqının azadlığı uğrunda mübarizə aparan şəxsiyyət olmayıb.

“Rəsulzadə sovet əsarətində əzilən xalqların lideri kimi təqdim olunur. Qafqaz xalqlarının və sovet xalqlarının, azadlığı uğrunda mübarizə aparan bu xalqların lideridir”, o qeyd edib.

Məhəmməd Əmin Rəsulzadə yad edilir

Məhəmməd Əmin Rəsulzadə yad edilir

Müsavat başqanı Arif Hacılı deyib ki, Məmməd Əmin Rəsulzadənin ideyaları yerinə yetiriləcək.

“Üçüncü cümhuriyyətimizi quracağımız gün heç də uzaqda deyil”, musavat.com saytı Arif Hacılıya istinadən bildirib.

Hacılı müsavatçılığın cəmiyyətdə bərqərar olacağına şübhə etmədiyini və rejimin bütün əngəllərinin onun özünə qarşı yönələcəyini bildirib.

Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər bildirib ki, M.Ə.Rəsulzadənin Azərbaycan tarixində, mədəniyyətində, taleyində həlledici rolu, xidmətləri var.

“Azərbaycan tarixində ona bərabər səviyyədə ikinci şəxs tapmaq mümkün deyil. O, tariximizə çox böyük təsir göstərib. O, hər zaman Azərbaycanın istiqlalına, müstəqilliyinə inanıb. Ona görə də bu yol davam edir. Bu yolun qarşısını həmişə kəsməyə çalışıblar. Amma bu yolu davam etdirən böyük insanlar olub. Biz də bu yolu davam etdirəcəyik. Bu yolun qarşısını kəsmək mümkün deyil. İnanıram ki, Azərbaycan xalqı bu yolla getməkdə davam edəcək. Bu şəxsiyyətin ideyalarını Azərbaycanda bərqərar edəcəyik”.

Milli Demokrat (Bozqurd) Partiyasının rəhbəri İsgəndər Həmidov isə qeyd edib ki, qələbəyə doğru gedirik.

“İstəsələr də, istəməsələr də, biz qələbə çalacağıq. Biz məqsədimizə doğru gedirik”.

M.Ə.Rəsulzadənin nəvəsi Rais Rəsulzadə isə deyib ki, Rəsulzadə və onun silahdaşlarının vaxtında qurduğu, bu gün mövcud olan Azərbaycanımız iqtisadi və siyasi böhrana düşüb.

“Ölkəmizin uğurla öz davasını aparması birlik, stabillik tələb edir. Azərbaycan bu burulğandan çıxmaq üçün öz qüvvəsinə köklənməlidir. Onun Türkiyədən başqa dostu yoxdur. Biz partiyasından, siyasi mövqeyindən asılı olmayaraq hamımız bir məqsədə yönəlməliyik. Azərbaycanın müstəqilliyini göz bəbəyi kimi qorumalıyıq”, o qeyd edib.

Show comments

XS
SM
MD
LG