Accessibility links

Məhəmməd Xatəminin seçki qərargahı yaradılıb


Məhəmməd Xatəmi
Məhəmməd Xatəmi

Qərargah üzvləri sırasında İran İslam Respublikasının qurucusu Xomeyninin nəvəsi Zəhra Eşraqi də var

İranın keçmiş prezidenti Məhəmməd Xatəminin bu ilin iyununda keçiriləcək prezident seçkisinə qatılmasına dəstək vermək üçün qərargah yaradılıb.

“Media forum” saytının məlumatına görə, qərargah “Ümid səhərinin günəşi” adlandırılıb. Qərargah üzvləri sırasında İran İslam Respublikasının qurucusu ayətullah Xomeyninin nəvəsi Zəhra Eşraqi də var.

Zəhra Eşraqi jurnalistlərə açıqlamasında deyib ki, onlar ölkədə islahatların aparılması üçün Məhəmməd Xatəminin qarşıdan gələn prezident seçkisinə qatılmasını istəyir, buna dəstək verirlər:

“Bizlər islahatçı olduğumuza görə hesab edirik ki, ölkənin nicat yollarından biri islahatlara getməkdir. Biz mövcud durum və şərtləri nəzərə alaraq hesab edirik ki, ölkənin nüfuzlu şəxsiyyətlərindən sayılan Məhəmməd Xatəmi ölkənin iqtisadi və beynəlxalq problemlərinin həllinə qadirdir. Məhz buna görə də onu qarşıdan gələn prezident seçkisinə namizədliyini irəli sürməyə təşviq etmək, ona dəstək vermək üçün ciddi şəkildə fəaliyyətə başlamaq qərarına gəlmişik”.

Məhəmməd Xatəmi bir sıra islahat tərəfdarlarının müraciətlərinə baxmayaraq bu günə qədər prezidentliyə namizədliyini irəli sürüb-sürməyəcəyinə aydınlıq gətirməyib.

İran parlamentində Azərbaycan ərazilərinin İrana birləşdirilməsini nəzərdə tutan qanun hazırlanır
XS
SM
MD
LG