Accessibility links

Məhkəmə Pərviz Həşimlini həbsdə saxlayıb [Video]


Oktyabrın 4-də Səbayel Rayon Məhkəməsi “Bizim Yol” qəzetinin müxbiri, Moderator.az saytının direktoru, Siyasi və Mülki Hüquqların Müdafiəsi Mərkəzinin sədri Pərviz Həşimlinin həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması haqda vəsatətini təmin etməyib.

Vəkil bildirib ki, qərardan apellyasiya şikayəti veriləcək.
Jurnalist Milli Təhlükəsizlik Nazirliyinin (YAP) maskalı əməkdaşlarının müşayiəti ilə məhkəmədən çıxarılıb.

O, avtomobilə aparılarkən açıqlama verməyə imkan tapıb, saxta ittihamlarla həbs edildiyini və indiyədək heç bir istintaq hərəkətinin aparılmadığını deyib.

Pərviz Həşimli sentyabrın 17-də digər Azərbaycan vətəndaşı Təvəkkül Qurbanovla birgə tutulub.

Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsi onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahın və döyüş sursatının qaçaqmalçılığı) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma) maddələri ilə cinayət işi başlayıb. Pərviz Həşimli və Təvəkkül Qurbanov barəsində həbs qətimkan tədbiri seçilib.

MTN-in İctimaiyyətlə Əlaqələr Mərkəzinin sentyabrın 20-də yaydığı məlumatda deyilir ki, Pərviz Həşimli və Təvəkkül Qurbanov hazırda şəxsiyyətləri istintaqla araşdırılan İranın Rza və Hüseyn adlı vətəndaşları ilə əlbir olaraq satış məqsədilə odlu silahları və döyüş sursatını qaçaqmalçılıq yolu ilə, yəni gömrük nəzarətindən kənar keçirərək İrandan Azərbaycana gətiriblər, qanunsuz olaraq daşıyıb, gəzdirib və saxlayıblar.

Pərviz Həşimli ittihamı qəbul etmir və prosesi sifariş adlandırıb. O, həbsini yazıları ilə əlaqələndirib.
XS
SM
MD
LG