Accessibility links

Musavat başqanı İsa Qəmbər və partiya funksioneri məhkəmə zalından çıxarılıb

Dekabrın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə NİDA Vətəndaş Hərəkatının üzvləri və Azad Gənclik Hərəkatı üzvünün cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Məhkəmə iclası başlayan zaman hakim Cavid Hüseynov Musavat başqanı İsa Qəmbərdən ayağa qalxmasını xahiş edib. Lakin İsa Qəmbər ayağa qalxmaq istəmədiyini və bu hərəkəti ilə hər hansı qayda pozmadığını bildirib.

Hakim bu dəfə də İsa Qəmbərdən ayağa qalmasını və zalı tərk etməsini tələb edib. Bundan sonra İsa Qəmbər zalı tərk edib. İsa Qəmbərin zaldan çıxarılmasını təqsirləndirilən və prosesdə iştirak edən şəxslər etirazla qarşılayıblar. Təqsirləndirilən şəxslər etiraz olaraq hakimə arxalarını çeviriblər.

Hakim isə məhkəmədə qayda pozulmasının yol verilməz olduğunu, məhkəmə iclasının siyasi arena olmadığını bildirib. Bu zaman Arif Hacılı hakimə etiraz edib.

Hakim Arif Hacılıdan da məhkəmə zalını tərk etməsini istəyib. A.Hacılı hakimin tələbindən sonra zalı tərk edib.

Daha sonra hakim təqsirləndirilən Məmməd Əzizova ifadə verməyi təklif edib. Lakin o hakimə cavab verməyib. Hakim isə onun susmasını ifadə verməkdən imtina kimi qiymətləndirib.

Fasilədən sonra məhkəmə davam edib.

Təqsirləndirilən Rəşadət Axundov hakimə deyib ki, onlar prosesdə edilən qanunsuzluğa etiraz olaraq belə hərəkət ediblər: “Aksiyamız baş tutdu”.

Sahin Novruzlunun vəkili Nemət Kərimli iki vəsatətlə çıxış edib. O, Şahin Novruzlunun MTN-də ifadəsini kimin alması ilə bağlı sorgu göndərilməsini, sınmış dişləri ilə bağlı ekspertiza təyin edilməsini xahiş edib. Hakimlər müşavirədən sonra MTN-ə sorğu göndərilməsi ilə bağlı qadırılan vəsatəti baxılmamış saxlamağı, 2-ci vəsatəti isə rədd etməyi qərara alıb.

Daha sonra təqsirləndirilən Məmməd Əzizovun ibtidai istintaqa verdiyi ifadə elan olunub.

O, ilk ifadəsində evində tapılan narkotikin ona məxsus olmadığını, lakin aksiyalar zamanı “Molotov” kokteylindən istifadə etmək istədiklərini deyib. İbtidai istintaqa verdiyi sonuncu ifadəsində isə o, əvvəlki ifadəsindən imtina edib və həmin ifadəni təzyiq altında verdiyini bildirib.

Məmməd Əzizov prosesdə dövlət ittihamçının suallarına cavab verməkdən imtina edib.

Proses dekabrın 25-də davam etdiriləcək.

Öz növbəsində Müsavat Partiyası Bakı Ağır Cinayətlər Məhkəməsində baş verən qanundan və etikadan kənar hadisələri pisləyir və məhkəmə prosesinin günahsız gənclər üzərində qurulan siyasi proses olduğunu bir daha bəyan edib, hakimiyyətdən insanların siyasi əqidəsinə görə təqib olunmasına son qoyulmasını, siyasi dustaqların dərhal həbsdən azad edilməsini tələb edib.

Məhkəmə qarşısında 8 gənc fəal dayanıb. Martın 10-da Bakının mərkəzində əsgər ölümlərinə qarşı etiraz aksiyasından əvvəl və sonra həbs edilən gənclərə qarşı 228.1-ci (qanunsuz olaraq silah, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

Əzizov Məmməd, Quliyev Bəxtiyar və Novruzlu Şahinə həm də Cinayət Məcəlləsinin 234.1 (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya satma) maddəsi ilə ittiham irəli sürülüb.

“Azad Gənclik” Təşkilatının üzvü İlkin Rüstəmzadə 17 mayda həbs edilib. İstintaq dövründə onlara qarşı Cinayət Məcəlləsinin 220. 1 (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) maddəsi ilə əlavə ittiham elan olunub.

Amnesty İnternational təşkilatı gənslərin hamısını vicdan məhbusu kimi tanıyıb və dərhal azad edilmələrini tələb edib.
XS
SM
MD
LG