Accessibility links

İsmayıllı hadisələri ilə bağlı şahidlər hələ də dindirilir


Şəki məhkəməsinin qarşısı
Şəki məhkəməsinin qarşısı

Hüquq müdafiəçisi Rəsul Cəfərov bildirib ki, dindirilənlərin heç biri müttəhimlərin əleyhinə ifadə verməyib

Yanvarın 22-də Şəki Ağır Cinayətlər Məhkəməsində İsmayıllı hadisələri üzrə dinləmələr davam edib.

Turanın verdiyi məlumata görə iclas başlamazdan öncə vəkillər müttəhim T.Yaqubluya bildiriblər ki, dünən onun həyat yoldaşı, qızı, vəkil Xalid Bağırov və Müsavat Partiyasının fəalı Çingiz Əli yol qəzasına düşüblər. T.Yaqubluya doğmaları ilə telefon əlaqəsi saxlamaq imkanı verilib.

Məhkəmə iclası zamanı 19 şahid və 2 zərərçəkən dindirilib. Hüquq müdafiəçisi Rəsul Cəfərov bildirib ki, dindirilənlərin heç biri müttəhimlərin əleyhinə ifadə verməyib.

İki nəfər zərərçəkən “Çıraq” otelində qalan şəxslər olub. Bakı sakinləri olan bu adamlar otel yanarkən gecələyə bilmədiklərinə görə zərərçəkən kimi tanınıblar.

Onların hər birinə dəyən zərər 40 manat həcmində dəyərləndirilib. Onlar bildiriblər ki, müttəhimlərə qarşı heç bir iradları yoxdur və onların tezliklə azadlığa buraxılmasını istəyirlər.

Dəyən zərərlə bağlı şikayət edib-etməmələri barədə hakimin sualına cavab verən zərərçəkənlər işarə ediblər ki, onları buna məcbur ediblər.

Şahidlər həmçinin bildiriblər ki, iğtişaş iştirakçılar arasında heç kimi tanımayıblar.

24 yanvar hadisələri üzrə şahidlər bildiriblər ki, polislə yerli sakinlər arasında toqquşmalar qaranlıq düşəndə başlayıb.

Bu isə T.Yaqublu və REAL lideri İlqar Məmmədovun iğtişaşların təşkili və iştirakı barədə istintaqın versiyasını təkzib edir. Çünki istintaqın öz məlumatına görə, onlar İsmayıllıya saat 16.00 və 17.00 arasında olublar.

Prokurorun təkidli suallarına baxmayaraq, şahidlər birmənalı olaraq cavab veriblər ki, hadisələr axşam qaranlıqda baş verib.

Bəzi şahidlər inzibati həbsə məruz qalanların arasından olub. Həmin şəxslər bildiriblər ki, onları küçədə tutublar. Onlardan biri, avtomobil yuma məntəqəsinin işçisi obyekti bağlayaraq evə getdiyi yerdə saxlayıblar.

Günün ikinci yarısında İlqar Məmmədovla birlikdə İsmayıllıya gedən şahidlərin ifadələri dinləniləcək
XS
SM
MD
LG