Accessibility links

Anar Məmmədli: Biz obyektiv monitorinq aparmışıq və bu, ədalətli seçkilər keçirilməsi istəyimizdən irəli gəlib


Anar Məmmədli (SMDT) rəhbəri

Anar Məmmədli (SMDT) rəhbəri

Təqsirləndirilənlər onlara qarşı irəli sürülmüş ittihamları qəbul etmir

Mayın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində Rauf Əliyevin sədrliyi ilə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) sədri Anar Məmmədlinin, həmin QHT-nin icraçı direktoru Bəşir Süleymanlı və Könüllülərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyinin (KBƏİB) direktoru Elnur Məmmədovun işi üzrə proses davam edib.

Onlar hamısı CM-in 5 maddəsi üzrə - vergi ödənişindən yayınmaqda, qanunsuz sahibkarlıqda, vəzifə səlahiyyətlərindən sui-istifadədə, böyük ölçüdə əmlak mənimsəməkdə və vəzifə saxtakarlığında ittiham olunurlar. Anar Məmmədli (Foto azadxeber.net saytından götürülüb)

Anar Məmmədli (Foto azadxeber.net saytından götürülüb)

Cinayət işi 2013-cü il oktyabrın sonlarında açılıb. Məmmədli dekabrın 17-də həbs edilib, digər iki nəfərdən isə ölkəni tərk etməmək haqqında iltizam alınıb.

İclasda hər üç təqsirləndirilən şəxs məhkəmədə ifadə verib.

A.Məmmədli bildirib ki, istintaq zamanı əvvəlcə şahid kimi, daha sonra isə təqsirləndirilən şəxs kimi ifadə verib.

İstintaqın ilk mərhələsində istintaq SMDT-nin 9 oktyabr 2013-cü il prezident seçkilərinin monitorinqinin yekunu üzrə rəyi ilə maraqlanıb və qrant verənin – ABŞ Milli Demokratiya İnstitutunun müşahidə missiyasının yekun rəyinə təsir göstərib göstərmədiyini soruşub.

A.Məmmədli qeyd edib ki, nə MDİ, nə hər-hansı digər qurum monitorinqin yekunlarına təsir göstərməyib.
MDİ yalnız maliyyə baxımından texniki kömək göstərib.

“Biz obyektiv monitorinq aparmışıq və bu, ədalətli seçkilər keçirilməsi istəyimizdən irəli gəlib”, deyə A.Məmmədli bildirib.
Bu zaman o qeyd edib ki, 31 oktyabr 2013-cü ildə SMDT-nin ofisində axtarış zamanı təkcə maliyyə sənədləri deyil, həm də təşkilatın maarifləndirici materialları götürülüb ki, bu da işin siyasi xarakterli olmasının daha bir dəlilidir.

İttihamların mahiyyətinə gəlincə, A.Məmmədli deyib ki, Seçkilərin Monitorinqi Mərkəzinin qeydiyyatının ləğvindən sonra o və QHT-nin digər üzvləri layihələrin maliyyə əməliyyatlarını fiziki şəxs kimi həyata keçirmək məcburiyyətində qalıblar.

Bu zaman A.Məmmədli Ədliyyə Nazirliyinin SMDT-ni qeydiyyata almaqdan imtinasını siyasi ayrı-seçkilik kimi qiymətləndirib.

A.Məmmədli qanunsuz sahibkarlıq ittihamını əsassız adlandırıb, belə ki, qrantlar üzrə bütün əməliyyatlar rəsmi ödənişlər əsasında aparılıb.

A.Məmmədli özü 2006-2013-cü illər ərzində vergi kimi 12 min manat ödəyib və heç vaxt vergi orqanlarından heç bir xəbərdarlıq almayıb.

Hər şey şəffaf idi – SMDT işçiləri, habelə regionlardakı tərəfdaşların öz VÖİN-ləri var idi.

2013-cü il prezident seçkiləri layihəsinin həyata keçirilməsi üçün SMDT ona görə KBƏİB-i tərəfdaş seçib ki, 11 mart 2013-cü ildə qanunvericiliyə edilmiş düzəlişlərdən sonra bu, zəruri idi, çünki SMDT dövlət qeydiyyatı olmadığına görə layihəni qeydiyyatı olan başqa QHT ilə birgə həyata keçirməli idi.

A.Məmmədli yalnız zərərçəkmiş Həsən Həsənovun təqsirləndirilən şəxslərə qarşı ifadə verdiyinə diqqət çəkib. Bu zaman A.Məmmədli bildirib ki, layihənin hüquqşünası kimi işə qəbul edilmiş bu şəxs özü öz öhdəliklərinin yerinə yetirilməsindən kənarlaşıb və vəzifədən azad edilib.

A.Məmmədli SMDT və KBƏİB-nin maliyyə fəaliyyətinin yoxlanılması haqqında aktı əsassız adlandırıb, belə ki, “yoxlama həyata keçirənlərin hansı sənədlərə əsaslandığı məlum deyil, çünki nə kameral, nə də səyyar vergi yoxlamaları həyata keçirilməyib”.

Süleymanlı və Məmmədov da bütün ittihamları rədd ediblər.
Məhkəmə prosesi mayın 15-də saat 14.30-da davam edəcək.
Amnesty İnternational Məmmədlini “vicdan məhbusu” kimi tanıyıb.
XS
SM
MD
LG